XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2019 - 11:04

İyirmi yaşı tamam olan pulsuz bələdiyyələrimiz –Əsas problemlər nədir?

Bu il Azərbaycanda bələdiyyələrin yaradılmasından 20 il ötür. Bu ilin sonunda bələdiyyələrə yeni seçkilər keçirilməlidir.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkiləri Azərbaycanda da bu mövzunu aktuallaşdırıb.

Müxalif REAL Partiyası Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlı kampaniya başlatdığını elan edib. Təcili olaraq Azərbaycanda yerli özünüidarə islahatlarının başladılması istənilir. Bələdiyyə eksperti Vüqar Tofiqli radioya deyib ki, ötən 20 ildə Azərbaycanda bələdiyyələrlə bağlı azı 20 qanun, 200 normativ sənəd təsdiqlənib, ali təhsil müəssisələrində bələdiyyə işi üzrə ayrıca ixtisaslar açılıb. Amma onun sözlərinə görə, 20 ildə bələdiyyələrin, statusu, səlahiyyət bölgüsü, qanunvericilikdəki boşluqlarla bağlı problemlər hələ də qalır.

Başlıca problem pulsuzluqdur

Vüqar Tofiqlinin fikrincə, bələdiyyələrin ən böyük problemlərindən biri də maliyyə çatışmazlığıdır. O bildirir ki, ümumilikdə, 2018-ci ildə bələdiyyələrin cəmi gəliri 36 milyon manat olub və bu olduqca azdır:

“Bu maliyyəsizlik də bəzi hallarda qəbul edilmiş qərarların icrası, mövcud müdaxilələr, normativ sənədlərdəki boşluqlardan qaynaqlanır. Bütün bunlar da bələdiyyələrə öz ərazilərində vergiləri toplamağa ciddi problemlər yaradır. Bir nümunə çəkim. Bələdiyyə öz ərazisindəki otellərdən hər qonaq üçün 1 manat 10 qəpik mehmanxana rüsumu yığmalıdır. Amma bu gün bununla bağlı ciddi problem var”.

Bundan başqa, Tofiq Vüqarlı deyir ki, reklam gəlirləri də bələdiyyələrin balansına köçməlidir, amma reallıqda bu pullar reklam agentliyinin balansına köçürülür. Onun fikrincə, bu problemlərin həlli üçün bələdiyyələrin digər dövlət qurumu ilə üst-üstə düşən səlahiyyətləri bölüşdürülməlidir. Xüsusilə də icra hakimiyyətləri ilə. Əslində Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda Bakıda seçkili mer institutun yaradılması haqda öhədəlik götürüb.

Bakı şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov bu günlərdə jurnalistlərə seçkili merin yaradılmaması haqda sualı belə cavablayıb: “Bu məsələ Azərbaycan qanunvericiliyinə görə öz həllini tapmalıdır. Azərbaycan Konstitusiyasına görə Bakı şəhər İcra Hakimiyyətinin başçısı ölkə prezidentinin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu bir institutdur, meriya isə tamam başqa. Şəxsən mənim fikrimcə, hərəsinin öz üstünlükləri, öz çatışmazlıqları var. Mən düşünürəm ki, bu gün bu struktur da yaxşı işləyə bilər. Bütün ehtiyatlardan istifadə etsə, yaxşı nəticələr də ola bilər”.

Xartiya 2002-də imzalanıb

2002-ci ildə Azərbaycan Avropa Yerli Özünüidarəetmə Xartiyasını ratifikasiya edib. Bakı merinin seçilməsi bu sənəd də vurğulanır.

İqtisadçı Rövşən Ağayev özünün Facebook səhifəsində bələdiyyə institunun yaradılmasının üstünlüyün belə izah edir: “Yerli özünüidarə lokal problemləri yaşadığınız ərazinin sərhədlərindən mərkəzə daşımadan, aylarla və bəzən illərlə ən vacib ehtiyaclarınızın həlli üçün mərkəzdə oturan məmurun imzasını gözləmədən öz qərarınız və maliyyənizlə operativ həll etməyin alternativsiz mexanizmidir”.

Yada salaq ki, paytaxt Bakıda 53 bələdiyyə mövcuddur. Ümumiyyətlə, Azərbaycanda 1607 bələdiyyə, 15 min bələdiyyə üzvü var.

Hökumətin tənqidçiləri bildirirlər ki, Azərbaycanda bələdiyyələrə məhdud səlahiyyətlər verilib. Bu da onların yerli özünüidarə funskiyasını icra edə bilməmələrinə gətirib çıxarır. Yerli və xarici ekspertlər də dəfələrlə Bakıda vahid bələdiyyə institutunun yaradılması haqda təkliflər veriblər.

Ancaq Azərbaycan rəsmiləri adətən bələdiyyələrin səlahiyyətlərinin az olması fikrini rədd edirlər.