XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 15:52

Astaranın dağlıq ərazilərindəki sitrus bağlarında naməlum xəstəlik yayılıb –Açıqlama + FOTO

Astara rayonunun dağlıq ərazilərindəki sitrus bağlarında naməlum xəstəlik yayılıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bir neçə gün ərzində xəstəlik rayonun Siyəkü ərazi vahidliyinə daxil olan Rinə, Təxtənəkəran, Vaqo kəndlərində 200 hektardan çox əraziyə yayılıb.

Kənd sakinləri  bu barədə əlaqədar qurumlara məlumat veriblər.

Astara Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri ərazilərə baxış keçirib, bitkilərin yarpaqlarından nümunələr götürüblər. Lakin hələ ki xəstəliyin mənşəyi və törədicisi aşkar edilməyib. Bağlarda isə xəstəlik çox böyük sürətlə yayılmaqdadır. Bir gün ərzində yarpaqlarda saralma, büzüşmə baş verir, daha sonra isə budaqlara və kökə keçir.

Təsərrüfat sahibləri isə ağaclara vaxtında lazımi aqrotexniki qulluq göstərildiyini, dərmanlama, gübrələmə, budamanın vaxtında həyata keçirildiyini bildiriblər. Bəzi bağ sahibləri bu xəstəliyin hava ilə yayıldığını ehtimal edir.

Astara Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fərhad Rzayev isə sitrus bağlarında müşahidə olunan vəziyyətə ilkin səbəb kimi göbələk xəstəliyini göstərib: “Siyəkü kəndində sitrus bitkilərində, əsasən də, narıngi sahələrində, ötən həftədən müşahidə olunan xəstəlik ilkin variant kimi göbələk xəstəliyidir. Amma buna baxmayaraq, daha dəqiq nəticəni bilmək üçün nümunə götürmüşük, aidiyyəti təşkilatlara göndərmişik. Çox güman ki, xəstəliyin törədicisi var. Laborator analizlər Qida Təhlükəsizliyi Agentliyində aparıldıqdan sonra yekun cavab veriləcək. Biz də davamlı şəkildə ərazini nəzarətdə saxlamaqla bu xəstəliyə qarşı metodiki tapşırıqlarımızı, tövsiyələrimizi verəcəyik. Xəstəlik Siyəkü ərazi nümayəndəliyində bir neçə kənddə – Vaqo, Təxtənəkəran kəndlərində 200-300 hektar sahəni əhatə edir”.