XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2016 - 12:26

Kapitan Təmirov yazır: [color=red]”2015-dən qalanlar…”

temirov-1.jpg

Hafiz Təmirov,

polis kapitanı

 

Saatın əqrəbləri zamanı sancdıqca, növbəti ilin gəlməsinə dəqiqələr qalırdı. Hamı bir-birini təbrik edir, arzular diləyir, sanki rəqəmlərin dəyişməsindən böyük bir xoşbəxtlik tapacaqmış kimi, sevinirdilər. Əlbəttə, bu, insan psixologiyasıdır. Ən xırda sevincə elə ürəklə qucaq açır ki, sanki yeni bir dünyanı kəşf edib.  Və yaxud da bu sevinc bir ömür boyu onu izləyəcək, bütün ömrünü xoşbəxt yaşayacaq.

Gəldiyim qənaət budur ki, insan ömrünün çox hissəsi arzu etməklə, xəyal qurmaqla keçir. Gerçəkləşən arzular, çin olan xəyallar isə sonda illərin, günlərin ona düşməsi kimi heç də məntiqi olmayan sonluqla bitir. Ancaq bu da həqiqətdir ki, nəyi arzulasan, nəyin həsrətində olsan, gec-tez, ona nail olarsan.

Dəqiqələrin ömrü gödəldikcə 2015-ci il ağır-ağır nəfəs alırdı. İlin belə nəfəskəsənliyi mənə can verə bilməyib övlad yolu gösləyən ixtiyar bir ananı xatırladırdı.

Ötən il ərzində nələr dəyişmədi qoca dünyamızda? Ölkələr viran qaldı, daşı-daş üstə qoymadı müharibələr. Qandan, qadadan, ölümdən həzz alan, heyhat, adına insan deyilən bəşər övladı şər əməllərin quluna çevrilib dünyanı qana boyadı. Yurdundan-yuvasından pələsəng olanlara “gəl-gəl” deyənlər çox olsa da, çörək verən olmadı. Əksinə, üzlərinə tikanlı sərhəd məftillərini də bağlayıb ölümə məhkum etdilər. Dənizlər belə, “pıxdı” insan udmaqdan. Körpə uşaqların cansız bədənləri qumların üstündə kökü qurumuş çiçəklər misalı baş-başa verdilər. Terrorçu, nadan, elmdən-təhsildən uzaq müsəlman obrazı qəddarlıq simvoluna çevrildi. Avropalılar “Harda müsəlman görürəm, qorxuram” deyib müqəddəs dinimizə belə, həqarətlə yanaşdılar. Beləcə, dünyanın “gözündən düşdük”. Əslində, ssenarisi cızılan planlar da buna hesablanmışdı…

Zamanın kəndirini dartıb dəqiqəyə çevirən saniyələr qarışqaya bənzəyirdilər. Özlərindən böyük yükü dartırmış kimi çabalayırdı yazıqlar. Zarafat deyil, çiyinlərində böyük bir il vardı…

Növbəti ili yenə də doğulduğum yurddan çox da uzaq olmayan məsafədə, arzusunda olduğum böyük Azərbaycanın paytaxtı Bakıda qarşılayacaqdım.

27 il… Məlum deportasiyadan ötən müddət. Bir Allah bilir ki, bu illər ərzində nələr çəkdik, nələr yaşadıq. Gördüyüm həqiqətlərdən və gerçəklərdən belə qənaətə gəldim ki, alın yazısı anlamını təkcə bir insana deyil, həm də bir xalqa şamil etmək olarmış.

Azərbaycan əsgəri 2015-ci ili də soyuq səngərlərdə əli tətikdə, gözü düşməndə qarşıladı və yola saldı. 

Torpaqlarımız bu il də bizi gözlədi, sahibsiz qəbirlərin gözü yenə də yiyələrini axtardı. “Ərazi bütövlüyümüzü dəstəkləyənlər” ötən il də ağızlarına su alıb əsl həqiqəti deməkdən çəkindilər. 2015-də dost ölkələr düşmən oldular. Ey gidi dünya…

Dilqəmdən, Şahbazdan çoxlu məktublar gəldi. Yazırdılar ki, yaxşıyıq, darıxmırıq, Şuşadayıq. İnsan da Vətənində darıxarmı?!!!

Yola saldığımız il itkilərlə də yadda qaldı. Yurda qul, yurda oğul övladlarımız düşmən gülləsinə tuş gəlib şəhidlik zirvəsinə ucaldılar. Başın sağ olsun, Vətən, təki sənə güllə dəyməsin.

Və ötən il daxili işlər orqanları üçün də sınaqlarla dolu bir il oldu. Dəyərli dostumuz, vətənini, xalqını bütün varlığıyla sevən, hər zaman haqlının yanında olan polis general-mayoru Rasim Musayevi itirdik.

Qardaş qanı töküldü 2015-də. Beyinləri Azərbaycanı bölməyə, qanunlara tabe olmamağa, asayişi, sabitliyi pozmağa kodlaşdırılmış insanlarla mübarizədə polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev həlak oldular.

İli tamamlamağa can atan dəqiqəni qabaqlamağa çalışıram. Bu da bir fürsətdir. Arzu çox, ömür…

Bu da 2016-cı il. Bayırda şaxta qılınc kimi kəsir. İnsanlar, yaxşılıq etməyə tələsin. Sizə “Acam, mənə yeməyə çörək ver” deyib əl açana sahib çıxmasanız da, qarnını doyurun, könlünü sevindirin. Ən azından sevə-sevə gülümsəyin. 

Daha doğrusu, birlikdə gülümsəyək.