XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 11:14

Nazirlik və rayon rəsmiləri etirazçı [color=red]balıqçılarla üz-üzə

Bu gün Neftçalanın Qoltuq kəndində Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Balıq Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Rasim Həsənovun və DSX-nin Sahil Mühafizə Xidməti nümayəndələrinin iştirakı ilə etirazçı balıqçıların problemlərinin öyrənilməsi və həlli məqsədi ilə görüş keçirilib.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, görüşdə Qoltuq və ətraf sahil kəndlərinin 300-ə yaxın sakini iştirak edib.

ETSN-dən 2016-cı il üçün bilet-kvota almadıqları səbəbindən Xəzərdə balıq ovuna buraxılmayan balıqçılar bildiriblər ki, bu il üçün ETSN tərəfindən ov biletlərinin qiymətinin artırılmasından və “jilka” tipli torlardan istifadəyə qadağa qoyularaq kapron torlarla əvəz olunmasından narazıdırlar. Çünki artıq xeyli xərc çəkərək tutuculuq qabiliyyəti yüksək olan “jilka” torlar alıb qurublar, tələb olunan tutuculuğu zəif olan kapron torlar isə satışda yoxdur və bu torları tapıb istifadə etsələr də, dənizdən çox vaxt əliboş qayıdacaqlar.

Görüşdə iştirak edən ETSN rəsmisi isə bildirib ki, nazirliyin tələbləri tam qanunidir və Xəzərdə onsuz da azalmış balıq ehtiyatlarının qorunmasına xidmət edir. Qoyulan tələblərin yerinə yetirilməsi əslində brakonyerliyə meydan verilməsi anlamına gələrdi.

Problemin həlli üçün 2 saata yaxın aparılan müzakirələrdən sonra qərara alınıb ki, yerli balıqçılar 5 nəfərdən ibarət nümayəndələrini seçsinlər və növbəti müzakirə bu nümayəndələrlə aparılsın, vəziyyətdən çıxış yolu tapılsın.

Xatırladaq ki, dünən səhər saatlarında Neftçalanın əsasən Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini Neftçala-Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçirmişdi. Dolanışığı dənizdəki balıq ovundan çıxan bu kəndlərin sakinləri son günlər ETSN tərəfindən balıq ovuna buraxılmamalarından narazılıq etmişdilər.