XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2015 - 05:37

Qaxda “Kürmük Oba Bayramı” qeyd olundu

Ənənəvi olaraq Qax rayonundakı Kürmük məbədində ildə iki dəfə – may və noyabr aylarında “Kürmük oba bayramı” və ya gürcülərin (ingiloyların) təbirincə desək, “Müqəddəs Georgi Günü” qeyd olunur. Hər il olduğu kimi bu il də mayın 6-da keçirilən son bayram günü bölgələrdən, o cümlədən qonşu Gürcüstan Respublikasından da bu əski inanc yerini ziyarət etməyə gələnlər olub. Əsl bayram əhvalında keçən “Kürmük oba bayramı” həmişə məbədə gedən yoldan başlayır və sonda məbədin ziyarəti ilə başa çatır. Ziyarət günü Qax rayonunda əsl tolerantlıq örnəyi nümayiş olunur.

Ziyarətgah Qax rayonunun mərkəzindən bir neçə kilometr aralıda, qayanın üstündə inşa olunmuşdur. Qeyd edək ki, bura Xristian dini yaranmamışdan öncə Aya sitayiş obyekti – “Ay məbədi” olub. 2006-cı ilin sentyabr ayında aparılmış arxeoloji qazıntılar zamanı eramızın I-III əsrlərinə aid mədəni təbəqədən daha qədim ziyarətgahın qalıqları tapılıb. çox ehtimal olunur ki, bu ərazi və həm də orada tikilmiş məbəd yerli əhalinin ən böyük ziayarətğahlarından biri olmuşdur. Uzaq tarixdə məlum olmayan səbəblərdən bu tikili bir neçə dəfə dağılsa da, əhali müqəddəs ziyarətgah hesab etdiyi bu ocağa inamını itirməmişdir. Əsas məbədə aparan yolun ortasındakı çökəkliyi birdəfəlik bağlamış iri qapını xatırladan nəhəng qara daş var. Bu daşla bağlı maraqlı əfsanə mövcuddur. Qara daşın üzərində olan bu çökəklə bağlı əfsanəyə görə bura hələ İsa Məsihin sağlığında kilsə olub. Peyğəmbər çarmıxa çəkiləndə qapılar daşa çevrilərək birdəfəlik bağlanıb. Zərdüştlük dininin elementlərini daşıyan başqa bir inanca görə isə qara daşın içində qızıl xoruz yaşayır. İldə bir dəfə payızda, noyabr ayında gecə göydən enən mələk qara daşın qapılarını aralayır. Səhər isə yenidən bağlayır. Səhərə qədər o mağaraya girə bilən adam xoşbəxtlik və ölümsüzlük qazanır. Bu gün nəhəng qara daşın əlçatan yerlərində yandırılan şamların qara hisi və daşın his basan yapışqanlı səthi insanların hələ də bu yerə olan etiqadlarını qoruyub-saxladıqlarından xəbər verir. Qara daş aralananda oradan qızıl xoruzun çıxacağına, uçub hansısa bəxtəvərin çiyninə qonacağına min illərdi inanan əhali bu gün də gətirib məbədin həyətinə xoruz buraxır və ya xoruz qurban kəsir. Musa Kalankatuklunun yazdığına görə ilk dəfə məhz Alban sehrbazları İsa Məsihin doğulduğunu bilib Qüdsə gəlmişdilər: “Hanı yeni doğulmuş yəhudi padşahı? Biz onun Şərqdə doğulmuş olduğunu gördük və təzim etməyə gəldik.” –demişdilər. Xristianlığa qədər bu ziyarətgaha xoruz qurban verməklə sitayiş edən albanlar İsanın adından gələn qardaşı I Yakovun yepiskop təyin etdiyi müqəddəs Yeliseyi burda qarşıladılar, gətirdiyi inanca qoşuldular. Amma albanlar arasında dini parçalanma da var idi. Hələ çoxları bu inancı qəbul etmək istəmirdi.

Yelisey Kişdə bütün Qafqazın ən qədim kilsəsini yaratdı, ona qədər mövcud olan “Ay məbədi”ni xristian kilsəsi elan elədi. Albanlar bu bölgədə xristianlığı hamıdan erkən qəbul ediblər. Hətta özlərini Qafqaza yerli xalq kimi sırımaq istəyən haylar xristianlığı Albanlardan 270 il sonra – parfiyalı Qriqoridən qəbul ediblər.

İlisu sultanlığını işğal edəndən sonra çar Rusiyası xristianlığı yaymaq üçün qədim “Ay məbədi”nin üzərində yeni kilsə- “Müqəddəs Georgi kilsəsi”ni tikmişdir. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir. Bu kilsə gürcü mitropolitinin (mitropolit : yunanca metropolites sözündəndir. Pravoslav və katolik yepiskoplarının ən yüksək adı, habelə bu adı daşıyan ruhani anlamındadır) təklif və təkidləri ilə inşa olunmuşdur. Bu yeni tikilən kilsənin alban abidələri ilə heç bir əlaqəsi yoxdur. Bu kilsənin məhz həmin ərazidə inşa olunmasının səbəbi isə xristianlığı qəbul etməkdən imtina edən əhalini zaman keçdikcə tədricən xristian dininə meylləndirmək idi. Bu gün də hər il iki dəfə – may ayının 6-da və noyabr ayının 23-də dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı bu inanc yerini ziyarətə gəlir. Günümüzdə bura ayrı-ayrı din mənsublarının və müxtəlif ölkələrdən gələn zəvvarların da ziyarət yeridir. Bu dəfəki ənənəvi ziyarətdə yerli hakimiyyət nümayəndələri ilə yanaşı Gürcüstanın ölkəmizdəki səfiri də iştirak edib. Məbədə gələnlər arasında qonşu Gürcüstandan gələnləri də sıx-sıx görmək mümkündür. Burada ziyarət özünün fərqli ritualları ilə seçilir. Ocağa gedən dik, uzun dağ yolunu bəziləri niyyət edərək ayaqyalın çıxırlar. Qara daşın ətrafında şam yandıraraq hər kəs Tanrıdan öz niyyətlərini və istəklərini diləyirlər. Buranı ziyarətin maraqlı cəhətlərindən biri xristian zəvvarların da ziyarət zamanı müsəlman dininin haram buyurduğu donuz ətindən qəti şəkildə istifadə etməməsidir.

Azərbaycan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən “Kürmük məbədi” tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüşdür. Bundan başqa Qaxda daha 68 tarix və mədəniyyət abidəsi qeydiyyata alınmışdır ki, onlardan 2-si dünya əhəmiyyətli, 18-i ölkə əhəmiyyətli, 48-i isə yerli əhəmiyyətlidir. Abidələrin 48-i memarlıq, 18-i arxeoloji, 2-si monumental xatirə abidələridir. “Kürmük məbədi” tarix-diyarşünaslıq muzeyinin tərkibinə daxildir.

Qara Murad