XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2016 - 18:18

Mərkəzi Bank bağlanan banka görə əmanətçilərə kompensasiya ödəyəcəkmi? – [color=red]Ekspertdən haqlı sual və izahatlar

"Mərkəzi Bank “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edib. Bu çox geçikmiş qərar oldu. Artıq 2 ildən çoxdur ki, biz bu bank daxil olmaq bir neçə bankın lisenziyasının geri alınmasını təklif edirdik".

Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, əslində, Mərkəzi Bank adıçəkilən bankın lisenziyasını ən azı 2 il öncə ləğv etməli idi:

"Mərkəzi Bankın bəlli subyektiv səbəblərdən bu prosesi yubatması, həmin bankda pulu olan əmanətçilərə həm maddi, həm də sözün həqiqi mənasında psixoloji çətinlik yaratdı. Bu iki ildə sözügedən bank xüsusən də əmanəti olan müştəriləri o qədər get-gelə saldı ki, hətta bəzilərinin manatla olan depozitləri iki devalvasiya nəticəsində dəyərsizləşdi. Amma yenə də bir sual açıq qalır: vətəndaşın manatla olan və devalvasiya nəticəsində dəyərsizləşmiş əmanət və yığımlarındakı zərər necə ödəniləcək? Heç bir səbəb olmadan lisenziyanı zamanında geri almayan Mərkəzi Bank buna görə kompensasiya ödəyəcəkmi?".

Vüqar Bayramovun sözlərinə görə, hal-hazırda “Bank of Azerbaijan”dan, yumşaq desək, pis gündə olan bank və ya banklar var:

"Amma hələ də Mərkəzi Bank gözləmə mövqeyindədir. Elə bank var ki, müştəri öz əmək haqqı kartından pul çıxara bilmir. Mərkəzi Bank isə hələ də müdaxilə etmir. Müştərilər bankla məhkəmələr arasında qalıblar. Halbuki belə banklar bütövlükdə bank sektoruna olan inamın aşağı düşməsinə səbəb olur. Çünki hər hansı bir bankdan əmanətin götürülməsi probleminin olması xəbəri hətta yaxşı işləyən bankda da depozitlərin taleyini sual altına alır və həmin pulun taleyinə inamı azaldır".

İqtisadçı “Bank of Azerbaijan” ASC-nin bank lisenziyasının ləğv edilməsindən sonra bankın müştərilərinin atmalı olduğu addımı da açıqlayıb:

"Əvvəlla, sığortalanan əmanətləri olanlar artıq məhkəməyə üz tutmasınlar, çünki Əmanətlərin Sığortalanması Fondu həmin pulları qaytarmağa məsuldur. Aydındır ki, bu bankda sığorta hadisəsi baş verəcək. Çünki bankın aktivlərinin passivlərindən çox olması inandırıcı deyil. Eyni zamanda “Bank of Azerbaijan” bu fondun üzvü idi və sığorta hadisəsi baş verəcyi halda fond sığortalanan əmanətləri geri qaytarmalıdır. İkincisi, əmanətçilərin Mərkəzi Bankın “Bank of Azerbaijan” ASC-nin ləğvi prosesinə məsul olan banklar ilə əməkdaşlığı davam etdirmək və ya depozitini geri götürmək hüquqları var və bundan istifadə edə bilərlər".

V.Bayramov sonda bildirib ki, qarşıda bağlanacağını gözləyən banklar da var.

Strateq.az