XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2016 - 20:08

Bir pilləkəndə iki fərqli qadın: [color=red]Biri əl açmaqla, o biri fətir satmaqla çörək qazanır…

dilenci-1.jpg

“İçərişəhər” metrostansiyasının yaxınlığındakı yeraltı keçiddə bir qadın əlində fətir satır. Hər səhər işə gedəndə, axşam qayıdanda da onu görürəm. Gözlərindəki kədərin içindən boylanan imkansızlığını biruzə vermək istəməsə də, əynindən-başından apaydın sezilir.

Sağ olsun, “ürəyi yuxa” şəhər sakinləri. O qadını çörəksiz qoymurlar. Daha doğrusu, “yuxa”sını (fətirini) alıb ona çörək verirlər. Onunçün isti-soyuq, fərq eləmir. Gündəlik qazanc yeri də yeraltı keçiddir. Bir-iki dəfə mən də ondan “yuxa” almışam. “Allah malına-puluna bərəkət versin”,- deyib təşəkkürünü bildirib.

Həmin yeraltı keçidin pilləkənlərində yerini rahatlayıb, səhərin gözü açılmamış kimlərinsə tərəfindən bura gətirilən, necə deyərlər, yanağından qan daman qadın isə əl açıb dilənir. İnsanıq, onun bu yaşda dilənməsi ürəyimi ağrıdır. Ancaq məsələ başqadır: kimlərsə onu bura öz istəyi ilə pul qazamaq üçün gətirirlər. Yəni qadın əl quzusu kimi qazanc yeridir.

Dəfələrlə dilənçi qadını müşahidə eləmişəm. Əvvəllər “Mənə bir çörəkpulu”,– deyib əl açırdı. Sonra bunun nəticə vermədiyini görüb başqa bir metoda keçdi. Daha doğrusu, onu bura gətirənlər metodlarını dəyişdilər. İnsanlarımızın dinə-imana olan münasibətindən, səmimiyyətindən, ürəyi yumşaqlığından, Allaha olan sevgisindən də yararlanmaq istədilər. Hə, son günlər o qadın “Allah rızasına, mənə kömək edin, tənhayam, heç kimim yoxdur”, – deyir. Bu sözlərdən sonra kimlərsə yenə də onun “ov”una çevrilir. Ancaq çox adam, şükrlər olsun ki, əhəmiyyət vermir.

O dilənçi qadınla “yuxa” satan qadın arasında cəmi beş pilləkənlik məsafə var. Bu, gözlə görünən yaxınlıq, həm də uzaqlıqdır.

Sizə bir etiraf etmək istəyirəm: əli-ayağı düz, işləmək üçün canında təpəri, taqəti olan, ağzı zərgər dükanına oxşayan dilənçilərə heç vaxt pul vermirəm. Ancaq hərdən Bakı Şəhər İcra Hakimiyyəti ilə İqtisad Universitetinin arasında divarın dibində domuşub, diliylə deyil, gözüylə dilənən qoca bir “babulya"ya da çörəkpulu verirəm. Çünki onu da müşahidə etmişəm. Onun və yeraltı keçiddə “yuxa” satan qadının, doğurdan da çörəyə və pula ehtiyacı var…

Hafiz Hacxalıl