XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2016 - 06:48

Avtomobil, hava, dəmir yollarında [color=red]son vəziyyət

HAVA QAR.jpg

Yanvarın 24-dən ölkə ərazisində qeyri-sabit havaşəraiti müşahidə olunur, temperatur əvvəlki günlərlə müqayisədə 6-8 dərəcə aşağı enib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya deyib ki, ölkə ərazisində yağmurlu və küləkli hava şəraiti yanvarın 27-i gündüz saatlarınadək davam edəcək.

"APA-Economics" avtomobil, dəmir və hava yollarındakı son durumu araşdırıb.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, dünəndən etibarən Bakıya yağan güclü qar Heydər Əliyev hava limanının fəaliyyətində problem yaratmayıb: "İşlərimiz qrafik üzrə gedir. Təyyarələr uçuşa hazırlanan zaman onlara müvafiq texniki xidmət göstərilir".

Hava şəraitinin kəskin pisləşməsi dəmir yolu qatarlarının hərəkətində də heç bir problem yaratmayıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, yerli və beynəlxalq istiqamətdə qatarlar qrafikə uyğun hərəkət edir: "Sərhəddə də yüklərin qəbulu və təhvili normal qaydada həyata keçirilir. Səhər saatlarından infrastruktur departamenti yollara baxış keçirib, siqnalizasiya sistemi, rabitə sistemi bir daha yoxlanıb. Elə bir çətinlik yoxdur, hər şey öz qaydasındadır".

Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev də yaranmış durumun avtovağzalın fəaliyyətinə təsir etmədiyini bildirib: "Qar yağıntısı ilə əlaqədar avtobusların marşrutlarında dəyişiklik olmayıb. Normalda Ağsu, İsmayıllı, Qəbələ yollarından istifadə edən bəzi avtobuslar alternativ olaraq Kürdəmir yolunu seçir. Şimal regionu istiqamətində hərəkət edən avtobuslar aşağı sürətlə hərəkət edirlər".

M.Abdullayev onu da əlavə edib ki, hava şəraitinin pisləşməsi sərnişinlərin sayına təsirsiz ötüşməyib.

"Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli isə deyib ki, qurumun balansında olan yollarda nəqliyyatın hərəkətində problem yaşanmır. "Gecə ərzində "Azəryolservis"in əməkdaşları gücləndirilmiş iş rejimində çalışıblar. Bakı şəhərində ümumiyyətlə problem yoxdur. Gecəboyu hətta xırda problem yaranan yollarda da əməkdaşlarımız yollara duz, qum səpib, problem aradan qaldırılıb. Problemlər yalnız ucqar dağ ərazilərində yaşanır ki, onların da aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür", – deyə A. Nəcəfli bildirib.