XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 07:37

Ölkənin cənub rayonlarına güclü qar yağıb: [color=red]Elektrik problemi yaranıb

qar cenub.jpg

Ötən gecədən Azərbaycanın cənub rayonlarına güclü qar yağmağa başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Hissəsinin rəisi Cavid Hüseynovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hazırda qarın hündürlüyü Yardımlıda 22-25 sm, Lerikdə 10-12 sm, rayonun ucqar dağlıq və dağətəyi ərazilərində 15-20 sm, Lənkəranda isə 4-5 sm təşkil edir. 

Yardımlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, yüksək gərginlikli elektrik hava xətlərində qəzalar baş verdiyindən, rayonun 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin nəqli dayanıb. Masallı-Yardımlı şossesində nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem yaranmayıb, lakin rayonun əksər yaşayış məntəqələrinə gediş-gəliş məhdudlaşıb. Problemin həlli üçün rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülməkdədir.
Lerik rayonunda da elektrik enerjisi təminatında problemlər yaranıb. Lerik RİH-dən verilən məlumata görə, qarın ağırlığından bəzi ərazilərdə elektrik dirəkləri aşıb, xətlər qırılıb. Nəticədə rayonun 60-dək yaşayış məntəqəsi işıqsız qalıb. Burada da qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Yolların buz bağlaması səbəbindən Lənkəran-Lerik şossesində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Yolda hazırda yalnız yük maşınlarının hərəkəti mümkündür. 25 saylı Lerik Rayon Yol İstismar Sahəsinin rəisi Elxan Əliyev bildirib ki, yolun 50-ci kilometrliyində şaxta və buzlanma səbəbilə təhlükəli vəziyyət yaranıb. Qurumun 2 ağır texnikası, o cümlədən duz və qum səpən maşınlar yolda lazım işlər həyata keçirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Hissəsinin rəisi Cavid Hüseynov bildirib ki, qarşıdakı günlərdə cənub bölgəsində külək və çovğun olacaq, yollar buz bağlayacaq. Proqnoza görə, bölgədə kəskin hava şəraiti yanvarın 28-nə kimi davam edəcək.