Texniki vasitələrlə qeydə alınan qayda pozuntularına görə, nəzərdə tutulan cərimələrin ödənilməsində vaxtaşırı problemlər yaşanır. Həmin cərimənin üzərinə faizin gəlib-gəlməyəcəyi problemi yenidən gündəmə gətirir.
Fins.az xəbər verir ki, Vüsal Nəbiyev adlı sürücü bugünlərdə belə bir problemlə üzləşib və ödəyə bilmədiyi cəriməsinin üzərinə faiz gələcəyindən narahatdır.
Ekspertlər bildirir ki, belə vəziyyətlə qarşılaşan sürücülər Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər. Bundan sonra məsələ araşdırılaraq həll ediləcək.
Bir müddət sonra isə bu tipli problemlərə ümumiyyətlə, son qoyulacaq. Belə ki, mayın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə görə, bir ay ərzində sürücünün cəriməsi haqqında məlumatlar onun görə biləcəyi sistemdə öz əksini tapmasa, həmin protokol qüvvədən düşmüş sayılacaq.