XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 16:15

Penitensiar Xidmətin 18 əməkdaşı ədliyyə orqanlarından [color=red]xaric edilib

pentis.jpg

Fevralın 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2015-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabeli qurumların rəis heyəti, eləcə də nazirliyin aidiyyəti qurumlarının rəhbərləri iştirak ediblər.

Penitensiar Xidmətin rəisi vəzifəsini icra edən ədliyyə general-mayoru Hüseyn Əlixanov qurumun 2015-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Hüseyn Əlixanov ötən il fevralın 3-də ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə keçirilmiş geniş müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə müvafiq tədbirlər planına əsasən, görülən kompleks işlər, Xidmətin Baş İdarəsinin, tabeli qurumlarının maddi-texniki bazasının inkişaf etdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların qanunvericiliklə genişləndirilmiş hüquqlarının təmin edilməsi, onların daimi yaşayış yerlərinə yaxın ərazilərdə yerləşdirilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun səmərəli fəaliyyətinin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə birinci Avropa Oyunlarının və ötən il noyabrın 1-də Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı Xidmətin üzərinə düşən vəzifələrin operativ icrası təmin edilib. Dövlətimizin başçısı tərəfindən ötən il martın 18-də və dekabrın 29-da 311 məhkumun əfv edilməsi ilə bağlı sərəncamları vaxtında və dürüst icra olunub. Həbs edilən şəxslərin və məhkumların qeydiyyat işinin təkmilləşdirilməsi məqsədilə “Vahid elektron baza və idarəetmə sistemi”nin formalaşdırılması prosesi başa çatdırılaraq ötən il dekabrın 25-də təqdimatı keçirilib.

Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin də çıxışları dinlənilib. Qeyd olunub ki, görülən tədbirlər nəticəsində hesabat dövründə 326 mobil telefon, 242 qram müxtəlif narkotik maddələr, 128 litr spirtli içki hazırlanması məqsədilə istifadə olunan qıcqırdılmış maye aşkarlanaraq götürülüb. Həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına təqdim edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 397 müxtəlif, o cümlədən əvvəllər törədilmiş bir sıra cinayətlərin üstünün açılmasına kömək göstərilib.

Bildirilib ki, hesabat dövründə vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Habelə 18 nəfər tutduğu vəzifədən azad olunub, 18 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.

Müşavirəyə yekun vuran ədliyyə general-mayoru Hüseyn Əlixanov mövcud nöqsan və pozuntulara toxunaraq, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsinin və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin, habelə nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlərin müəyyənləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb.