Bu gün Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ad günüdür.
Strateq.az bildirir ki, şəhər meri 71 yaşını qeyd edir.
Abutalıbov Hacıbala İbrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.
1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırki Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olan Abutalıbov SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edinş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb.
Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiridir.
1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub. 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyası İdarə heyyətinin üzvüdür, ailəlidir, iki oğlu var.