XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 16:46

ƏƏSMN:"Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq"

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Strateq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir açıqlama yayıb.

Bildirilib ki, işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur:

“Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.

Eyni zamanda, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir.

Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla bağlı mexanizm hazırlanır. Bu proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ödəniləcək.

Bir daha işsiz şəxslərə birdəfəlik ödəməni almaq və ya işsiz kimi qeydiyyata alınmaq üçün Məşğulluq Mərkəzlərinə müraciət etməmələrini, bunun üçün evdən çıxaraq xüsusi karantin rejimini pozmamalarını tövsiyə edirik”.