XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 19:03

“Ali təhsil haqqında” qanun layihəsinin yaz sessiyasında qəbulu gözlənilmir”- MM-in komitə sədri

Ali təhsil haqqında” qanun layihəsinin Milli Məclisin yaz sessiyasında qəbul edilməsi gözlənilmir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev APA-ya açıqlamasında deyib ki, koronavirus pandemiyasına görə yaranmış vəziyyətlə əlaqədar digər tədbirlər həyata keçirilir, yeni reallıqlar ortaya çıxır. 

Komitə sədri bildirib ki, bununla bağlı İşçi Qrupu Ali təhsil haqqında” qanun layihəsinə yeni prizmadan yanaşmalı və xeyli iş görməlidir: “Çox güman ki, qanun layihəsinin qəbulu payız sessiyasına qalacaq. Növbədənkənar sessiya olarsa, ola bilər ki, növbədənkənar sessiyaya çatdıraq. Amma qanun layihəsinin üzərində xeyli iş görülməlidir. Çünki qanun layihəsi V çağırış Milli Məclisin iclaslarında heç birinci oxunuşda da müzakirə edilməyib. İşçi Qrupu hələ layihə üzərində işləyir. Qanun birinci oxunuşda qəbul edilsəydi, yaz sessiyasında qəbulunu çatdıra bilərdik”.

B.Əliyev qeyd edib ki, qanun layihəsi ilə bağlı ümumi istiqamətlər, prinsiplər bəllidir: “Azərbaycan Respublikası Prezidentinin ali təhsillə bağlı bir neçə sərəncamı olub, Milli Strategiyada ali təhsildə rəqabətqabiliyyətli kadr hazırlığına üstünlüyün verilməsi və tədqiqat universitetləri yaradılması ilə bağlı müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bu istiqamətdə xeyli iş aparılıb. Ancaq layihə üzərində bu işlər davam etdirilməli, bugünkü reallığa və sabahkı çağırışlara uğun olaraq daha mükəmməl hazırlanmalıdır”.

Komitə sədri deyib ki, yüksək ixtisaslı kadr hazırlığı prosesi təkcə yeni biliklərin mənimsənilməsinə deyil, yeni biliklərin tələbələrin özləri tərəfindən əldə edilməsi prinsipi əsasında qurulmalıdır: “O zaman biz nəticəyönümlü təhsilə, eyni zamanda elmi araşdırmalara nail ola bilərik. Əvvəlki yanaşmada belə idi ki, elmi tədqiqatlar nəticəsində yeni biliklər əldə edilirdi, dərslər və tədris prosesi vasitəsi ilə bu biliklər kadrlara ötürülürdü. Amma indi məqsəd ondan ibarətdir ki, yeni biliklərin əldə edilməsi prosesində tələbələr istər bakalavr, istərsə də magistratura pillələrində özləri iştirak etsinlər. Yəni, həm biliklərin yaranması, həm də biliklərin mənimsənilərək geniş səriştələrə, bilik və bacarıqlar yiyələnmə təmin edilsin”.