XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 04:04

İcra başçısı və bank rəhbərinə şok ittihamlar
 İcra başçısı və bank rəhbərinə şok ittihamlar
Samux rayon sakini İltimas Dəmir qızı Əliyeva şikayətində bildirir ki, P.Novruzova adlı bank rəhbəri və Samuxun icra başçısı Alı Qocayev birləşərək onun torpağını qanunsuz yollarla əlindən alıblar: “25 ildən artıqdır ki, Samuxun Bozdağlar massivi deyilən ərazisində qış otlaq sahəsindən icarəyə yer götürüb əkinçilik və heyvandarlıqla məşğuluq.
Onlarla insanın obyektini, evini min bir haqsızlıqla əlindən almış “Gəncəbank”ın sahibəsi torpağımızı qanunsuz şəkildə və zorakılıqla əlimizdən almağa çalışır. Maraqlısı odur ki, bütün Gəncə və Samuxun inzibati idarəetmə orqanları Pərvanə Novruzovaya tabeçilik göstərir. ölkə rəhbərliyinin tələblərini bir kənara qoyub ondan tapşırıq-komanda alaraq rayon rəhbərliyində işləyirlər. öz vəzifə borclarını, dövlət başçısı qarşısındakı öhdəliklərini və nəhayət, öz vicdanlarını unudub təcrübəsiz bir qadının təhriki ilə əhalinin hüquqlarını pozurlar, kasıb zəhmətkeş xalqın ruzusu və çörəyi ilə oynayırlar”.
İ.Əliyeva deyir ki, rəsmi sənədlə istifadə hüququ ona aid olan ərazidə P.Novruzova tikinti aparmağa başlayıb: “Novruzovaya tikintini saxlaması barədə xəbərdarlıq etməyimə baxmayaraq o, tərbiyəsiz, küçə sözləri ilə mənimlə saymazyana dialoq aparıb. Deyib ki, əlimdəki sənədi saymır. Heç kimdən gizlətmədən və hətta torpağın istifadə hüququ hazırda mənə aid olduğunu bildirən sərəncamı heç sayaraq – birbaşa Alı Qocayevin telefonunu yığıb uşağına tapşırıq verirmiş tərzində – sabah bunlarının sərəncamını ləğv et! – deyə əmr formasında prezidentin rayondakı nümayəndəsinə komanda verir.
Nümayişkaranə şəkildə Gəncə və Samuxda hamıya – bütün idarəedici orqanlara təsir edə biləcəyini heç kimdən gizlətmir. Beş hektardan artıq ərazidə min bir əziyyətlə əkdiyim arpa sahəsinin ortasından traktorla əkini sıyırıb hasar çəkir, bütün arpa sahəsini yararsız vəziyyətə gətirir. Ərazidə əkdiyim arpa mənim evimin ruzusu, mənim və ailəmin əlinin qabarı, alnının təridir. Aidiyyəti instansiyalara yazılı və şifahi xəbərdarlıq etmişik. Sənədlə mənə aid ərazidə tikintini dayandırmayıb. Hasarın 10 dirəyini çıxartdığımıza görə Pərvanə bizi məhkəməyə verdi və 7 min manat cərimə etdi. Bütün bu haqsızlıqların edilməsində Pərvanə Novruzovaya Samuxun icra başçısı birbaşa köməklik göstərməkdədir”.
İ.Əliyeva deyib ki, P.Novruzova onu təhqir etməkdən və hədələməkdən də çəkinmir: “Başıma bu oyunları açandan sonra cəmiyyətin içində küçə sözləri ilə hədələyir. Mənim prezidentə, onun xanımına müraciət etməkdən başqa yolum qalmır. Daim əhalinin yanında olan, onların problemləri ilə maraqlanan prezidentdən və onun xanımı Mehriban Əliyevadan bu haqsızlıqla maraqlanmalarını bir zəhmətkeş ana kimi xahiş edirəm”.
Yada salaq ki, P.Novruzova paytaxtdan kənarda fəaliyyət göstərən yeganə bankın İdarə Heyətinin sədridir. Bir qədər əvvəl Rusiya vətəndaşı Natalya Kərimova ölkə rəhbərliyinə müraciət edərək P.Novruzovanın onun Gəncədə yerləşən evlərini və gözəllik salonunu ələ keçirdiyini açıqlayıb. Bundan sonra məlum olub ki, P.Novruzova barəsində Gəncə Prokurorluğunda cinayət işi başlanıb, iş Baş Prokurorluğa ötürülüb. P.Novruzova Gəncəyə ezam olunmuş əməkdaşlarımıza baş verənlərlə bağlı açıqlama vermək istəməyib.(musavat.com)