XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 17:52

“Azəryolservis” əsassız iddia ilə“ilk”ə imza atdı 

 

2f7d18dbfaf62199f91ddfc0ce4b9eda

Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azəryolservis” ASC Nərimanov rayon sakinlərinə qarşı analoqu olmayan, heç bir qanuni əsaslara söykənməyən iddia qaldırıb. Qurum yol çəkilişi adı altında vətəndaşları məhkəmənin qərarı ilə şəxsi evlərindən, mülklərindən məhrum etmək niyyətindədir. 

Bu barədə strateq.az-a Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsi ev 32-də yaşayan İlqar Kərim oğlu Əliyev məlumat verib. Bildirib ki, həmin küçədə yaşayan 6 ailə xeyli müddətdir “Azəryolservis” ASC-nin təzyiqləri, məhrumiyyətləri altında yaşamağa məcbur alıb:

“Ziya Bünyadov prospektinə paralel yolun çəkilməsi ilə əlaqədar bizim yaşadığımız küçədəki bütün evlər də plana düşüb. Mənə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 32 müstəqil qiymətləndirici hesab edilən “Azər Expert” MMC tərəfindən qiymətləndirildı. Kompensasiyanın məbləği ümumilikdə 17 min 540 manat müəyyən edildi. Lakin, hal-hazırda həmin qiymətə yaşadığım ərazidə və onun ətraf ərazilərində mənzil almaq mümkün deyil. Üstəlik, evimiz şəhərin mərkəzi hissəsinə yaxındır. Uşaqlar yaxınlıqdakı məhtıbdə təhsil alırlar. Biz evimizi hansısa uzaq bir kəndə dəyişsək həm xərclərimiz artacaq, həm də yollarda xeyli vaxt itirməli olacağıq”. 

Uzun müddətdir “Azəryolservis”lə aralarında mübahisənin davam etdiyini deyən İ.Əliyev bunun həm uşaqların, həm də ailənin digər üzvlərinin psixoloji durumuna mənfi təsir etdiyini vurğulayıb. Bildirib ki, bir neçə aydır onlara verilən qaz, elektrik enerjisi, su xətləri kəsilib, sakinlər bütün zəruri ehtiyaclardan məhrum edilib. Bütün bunlar nəzərə alınmadan üstəlik qurum sakinləri məhkəməyə verərək zorla evlərindən çıxarmağa qərar verib. 

“Hesab edirəm ki, mənə məxsus olan evin dövlət ehtiyacı üçün alınacağı təqdirdə, “Azəryolservis” ASC bunun müqabilində məni evimin yerləşdiyi ərazinin 500 metrliyində eyni şəraitli, eyni ölçülü mənzillə təmin etməlidir. Çünki, əvvəl də qeyd etdiyim kimi, qurumun mənə verdiyi kompensasiya ilə həmin ərazidə mənzil almaq mümkün deyil. Mənim əlavə vəsaitim yoxdur ki, yeni ev ala bilim”. 

Sakinlər müstəqil ekspertlər tələb edirlər

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən, Gənclik meydanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektinə paralel 7 km uzunluğunda 6 zolağlı yeni avtomobil yolunun tikintisi nəzərdə tutulub. Həmin layihənin icrası səhmləri dövlətə məxsus olan “Azəryolservis” ASC-yə həvalə edilib. Layihə çərçivəsində yeni tikiləcək yolda tikinti altına düzən müxtəlif  təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi isə “müstəqil qiymətləndiri” adı altında təqdim edilən “Azər Expert” MMC-yə tapşırılıb. Lakin araşdırmalar göstərdi ki, adıçəkilən qurum heç də müstəqil deyil, elə “Azəryolservis” ASC-nin rəhbərliyinə aid olan qurumdur. “Azər Expert” MMC yarandığı vaxtdan  ancaq  ASC-nin layihələrində qiymətləndirici kimi çıxış edib. Ona görə də sakinlər müstəqil qiymətləndirmə aparılmasını və ya onların indiki yaşayış şəraitinə uyğun mənzillərlə təmin edilmələrini tələb edirlər.  

“Azəryolservis” ASC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsində “Azər Expert” MMC X.R.Ulutürk küçəsindəki daşınmaz əmlakların hər kvatrat metrinə  əsas sahəyə görə 850 manat, xidməti tikililərə görə isə 500 manat qiymətləndirib. İ.Əliyev isə oradan köçürülən ailələrə hər kvadrat metrə görə 1200-1500 manat kompensasiya ödənildiyini vurğulayıb. Qalan 6 ailəyə isə 850 manatdan hesablayıblar. 

Problemlə bağlı suallarımıza İ.Əliyevin hüquqlarını müdafiə edən vəkil Səbuhi Axundov da aydınlıq gətirib. Bildirib ki, “Azəryolservis” ASC-nin vətəndaşlara qarşı Nərimanov rayonunda qaldırdığı iddia heç bir qanuna və normativ hüquqi aktlara sığmayan biabırçılıqdır. 

“Bu ailələr pis-yaxsi şəhərin mərkəzi rayonu olan Nərimanovda rahat yaşayırdılar. İndi dövlət ödəniş edib onları  rahat evlərindən cıxarırsa, bunu qanunun tələbinə uyğun razılaşdırılmış qaydada etməlidir.  Görünür, artıq vətəndaşları öz əmlaklarından məhrum etməyin yeni qaydaları müəyyən olunub. Bütün qanunsuzluqları  məhkəmə qərarları ilə “qanuniləşdirmək” istəyirlər. İndi də dövlətin günahına savab donu geydirmək üçün məhkəmələrin gücünə ümid bağlayırlar. Vətəndaşa razılaşdırılmış qaydada kompensasiya vermək və ya həmin ərazinin 1000 metr radiusunda eyni ölçülü evlə təmin etmək əvəzinə məhkəməyə verir ki, evindən çıx. Mən bu cür situasiyalarda dövlət orqanının vətəndaşı məhkəməyə verməsinin ilk dəfədir şahidi oluram. İndiyədək Azərbaycan təcrübəsində belə hal olmayıb. Yəni, “Azəryolservis”  o qədər cılızlaşıb ki, vətəndaşın iradəsinin əleyhinə olaraq mülkiyyət hüququnu əlindən almaq üçün məhkəməyə müraciət edib”. 

Bütün qanunlar ayaq altına atılıb

Hüquqşünas bildirib ki, vətəndaşlara məxsus hər hansı əmlak dövlət hesabına özgəninkiləşdirilərkən qanuna müvafiq qaydada qarşılıqlı razılıq əsasında kompensasiya ödənilməlidir. Kiminsə mülkiyyətini zorla əlindən almaq yolverilməzdir. 

“Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları  üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 247.4-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili ilə ödənilməlidir. Ölkə başçısının yeni sərəncamına əsasən, şəhərin müxtəlif ərazilərində olan əmlakların yeni qiymətləndirmə əmsalları müəyyən edilib. Lakin “Azəryolservis” ASC bunların heç birini nəzərə almayıb. X.R.Ulutürk küçəsindəki 6 ailənin bu hüquqları təmin olunmayıb. Bu da azmış kimi onları məhkəməyə veriblər. Bu fakt absurtdur”. 

S.Axundov əlavə edib ki, həmin ailələrə hesablanan əmsallar bazar qiymətlərinə uyğun deyil. 

“Bu da böyük biabırçılıqdır. Hər kvadrat metrə görə 850 manatdan hesablayıblar. Onların da evlərinin ölçüsü azdır. Sakinlər deyir ki, məsələn 38 kv metr mənzilim var. Nərimanov rayonu ərazisində yaşayırdıq. Bura bizə rahatdı. Uşaqlarımız yaxında məktəbə gedir, iş yerlərimiz burdadı. İndi ASC 850 manat, lap tutaq ki, 000 manatdan hesablayıb və 2 otağa 38 min manat verdi. Axı vətəndaş həmin pula ora yaxın ərazidən eyni ölçülü ev ala bilmir. Həmin pula ən azı 10 kilometr aralıda hansısa kənddə yer almalıdır. Dövlət vətəndaşının hüququnu təmin etməlidir. Əgər hər hansı qurum dövlət maraqları üçün ailəni mərkəzdən kənara göndərirsə, onun bütün ehtiyaclarını ödəməlidir. Vətəndaş ikiqat yolhaqqı ödəyəcək, uşaqlar yollarda qalacaq. Onun yaşayış vəziyyətini daha da aşağılayırsansa, bu tam ədalətsizdir. Bu, yuxarıda sadalanan maddələrin tələblərini də tam pozur. “Azəryoservis” ASC qanunun tələbindən çıxış etmir”. 

Dövlət vəsaitini niyə mənimsəyiblər? 

Qeyd edək ki, sakinlər sözügedən ərazidə evlərin alınması və sökülməsi zamanı korrupsiya, dövlət vəsaitinin mənilmsənilməsi hallarına yol verildiyini iddia edirlər. Bütün bu deyilənlərə “Azəryolservis”  ASC-nin mətbuat xidmətinin rəhbəri belə cavab verib:   

“Orada kompensasiyanın məbləğindən razı olmayan cəmi 4 ailə qalıb.  Biz artıq onları məhkəməyə verməyə mcbur olmuşuq.  Çünki onlar kompensasiyanın azlığını bəhanə edirlər. Onların əmlakları hər kvadrat metrə görə1020 manatdan hesablanıb. Ödəniş Maliyyə Nazirliyi vasitəsilə həmin şəxsin bank hesabına ödənilir. Burada fərdi yanaşma mümkün deyil ki, mənimsənilmə olsun. Həmin ailələrdən birinə 43 min manat, digərinə 135 min manat, üçüncüsünə 18 min manata yaxın, dördüncüsünə isə  40 min manata yaxın kompensasiya hesablanıb.
Yəni, qanunvericiliklə nə qədər nəzərdə tutulubsa, ona uyğun olaraq hamıya eyni cür yanaşılıb. Hətta orda olan yardımçı sahələr, meyvə ağacları, beton, pilləkan  hissələr, torpaq əraziləri, hasarlar nəzərə alınıb. Onlara bir aylıq 500 manat məbləğində kirayə pulu da verilib ki, özlərinə ev alana qədər müvəqqəti hardasa qalsınlar ”.

Onu da deyək ki, “Azəryolservis” ASC-nin iddiasına əsasən, martın 29-da Nərimanov rayon Məhkəməsində ilk iclas olacaq. Prosesə hakim Abbas Əliyev sədrlik edir. 

P.S: Yasamal rayonunda “Sovetski” adlanan ərazidə də oxşar hal yaşanmışdı. O zaman Nazirlər Kabinetinin məsələyə müdaxiləsi nəticəsində mənzil sahəsi az olan sakinlərə əlavə güzəştlər tətbiq edildi. Eyni yanaşmanı burada da gözləmək olarmı? 

Mövzunu diqqətdə saxlayacağıq. 

Fərqanə Allahverdiqızı