XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 08:50

Bakı rayon maşınları üçün bağlanır: Sürücülər Qaradağdan avtobusla gəlməli olacaq- Nazirlik

1-ci Avropa oyunlari.jpg

Bakının ev sahibliyi edəcək I Avropa Oyunları zamanı paytaxta bir sıra nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib.

N. Həsənovun sözlərinə görə, I Avropa Oyunlarının keçiriləcəyi günlərdə yük maşınlarının Bakıya girişinə qadağa tətbiq olunacaq: “Yük maşınlarının Bakıya daxil olmasına ümumiyyətlə qadağa qoyulacaq. Qərb, cənub tərəfdən Bakıya gələn yük maşınları Qaradağda xüsusi hazırlanmış ərazilərdə saxlayacaqlar. Şimal tərəfdən gələn yük maşınları isə Xırdalan yaxınlığında hazırlanmış xüsusi ərazilərdə saxlayacaq və Bakı Beynəlxalq Avtovağzalının xidmətindən istifadə edəcəklər. Oradan da ictimai nəqliyyatdan istifadə etməklə Bakıya gələcəklər”.

Bununla yanaşı, rayonlardan Bakıya gələn sərnişin avtobusları da paytaxta daxil ola bilməyəcək. Bu cür nəqliyyat vasitələri də yük maşınları kimi xüsusi ayrılacaq ərazilərdə saxlanılacaq.

Nazirlik rəsmisi qeyd edib ki, Nəqliyyat Nazirliyi Avropa Oyunları zamanı regionlardan (Abşeron rayonu və Sumqayıt şəhəri də daxil olmaqla) gələn fərdi minik avtomobillərinin Bakıya daxil olmasının qarşısının alınması ilə bağlı müvafiq qurumlara müraciət edib. “Gəlsələr belə, müvafiq yerlərdə saxlayıb, ictimai nəqliyyatdan istifadə etməklə Bakıya gələ bilərlər”, – deyə N. Həsənov bildirib.

“Qaradağ ərazisində İcra hakimiyyəti rayonlardan gələn avtobuslar, yük maşınları, fərdi minik avtomobillərinin saxlanılması üçün xüsusi yer ayıracaq, artıq hazırlıqlar başlayıb”, – deyə o bildirib.

N. Həsənovun sözlərinə görə, qadağalar iyun ayının 1-dən tətbiq ediləcək.