XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 21:27

10 min dollar qarşılığında 20 min 800 manat

kredit

“Bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banklara 20 min 800 manat ödəməlidir”

Deputatlar təklif verir, banklar borcluları həbs etdirir, hökumət isə problemi həll etmək istəmir…

 

Bir il ərzində iki dəfə devalvasiyaya gedilməsinin nəticəsində manatın dollar qarşısında iki dəfə ucuzlaşması bank sektorunda gözlənilən fəsadları yaratdı. Neftin qiymətinin dünya bazarında kəskin uzuclaşması fonunda ölkədə yaranan maliyyə çətinliyi, ölkəyə daxil olan pul kütləsinin azalması nəticəsində dövriyyədə olan pulların azalması və digər amillər üzündən öldədə problemli kreditlərin sayı durmadan artır. Azərbaycanda kommersiya banklarının vaxtı keçmiş kreditlərinin həcmi 2016-cı il fevralın 1-nə 1 314,6 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, vaxtı keçmiş kreditlərin həcmi yanvarın 1-nə olan göstərici ilə müqayisədə 193,9 mln. manat və ya 12,8% azalsa da, keçən ilin analoji dövrü ilə müqayisədə isə 283,7 mln. manat və ya 27,5% artıb. Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi fevralın 1-nə 6,2% təşkil edib.

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə 655,1 mln. manat təşkil edib ki, bu da yanavarın 1-i ilə müqayisədə 13,2 mln. manat və ya 2% azdır, ötən ilin analoji dövrü ilə müqayisədə isə 450,7 mln. manat və ya 3,2 dəfə çoxdur.

Rəsmi rəqəmlərdən də göründüyü kimi, ötən illə müqayisədə əhali banklara olan borcunu daha az ödəmək qabiliyyətindədir. Xüsusilə də xarici valyuta ilə götürlmüş kreditlərdə bu, özünü daha çox biruzə verir. Bu məsələ dəfələrlə Milli Məclisdə qaldırılmasına, müxtəlif təkliflər verilməsinəı baxmayaraq, hələ də həlli istiqamətində heç bir nəticə yoxdur. Xarici valyuta ilə götürülən kreditlərlə bağlı məsələ bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı da deputatlar tərəfindən qaldırılıb. Deputat Fərəc Quliyev deyib ki, ötən il kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı demək olar ki, heç bir addım atılmadı. Halbuki, bunu üçün bütün imkanlar var idi: "Manatın 48%-lik devalvasiyası Mərkəzi Bankın sərəncamında olan rəsmi valyutanın həcmi manat ekvivalentində artmasına səbəb olub. Həmin vəsaitdən kredit götürənlərin hüquqlarının qorunmasına sərf oluna bilərdi, amma sərf olunmadı. 21 fevral devalvasiyasından öncə dollarla kredit götürənlərin borc öhdəliyi iki dəfə artıb. Bu o deməkdir ki, bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banklara 20 min 800 manat ödəməlidir. Bu, manat ifadəsində borcun 2 dəfədən çox artması deməkdir. Devalvasiya nəticəsində əhaliyə dəyən ziyanı kompensasiya etmək üçün hökumət heç bir addım atmadı. İndi də bu addımların atılması gözlənilmir. Bu isə banklara sərf edir. Fikrimcə, proseslərin bu cür davam etməsi doğru deyil, narazılığı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Mən təklif edirəm ki, əhaliyə kömək məqsədi ilə birinci mərhələdə əsas borclar, sonra faizlər, daha sonra isə cərimələr ödənilsin".

Deputat Əli Məsimli də qeyd edib ki, kreditlərlə bağlı ağırlıq əhalinin üzərinə düşüb. O, bunun düzgün olmadığını deyərək, kreditlərin ödənilməsi ilə bağlı təkliflər hazırladıqlarını deyib və bu təkliflər müvafiq qurumlara göndəriləcəyini deyib.

Qeyd edək ki, deputatların müxtəlif vaxtlarda parlamentdə səsləndirdikləri təkilflərdə problemin ağırlığının bir hissəsi banklar, bir hissəsi hökumət, bir hissəsi isə əhalinin üzərində olmalı olduğu qeyd edilib. Əhaliyə edilməli olan güzəşt təklifklərində isə 10 min dollaradək olan kreditlərin ikinci devalvasiyadan əvvəlki məzənnə ilə ödənilməsi səsləndirilib.

Qeyd edək ki, problemli kreditlərə görə ağır durumda olan banklar artıq vətəndaşlarla məhkəmə çəkişmələrini həbs müstəvisinə qədər çıxarıblar. Bu günlərdə Səbail rayon məhkəməsi tərəfindən 28 yaşlı Vahid Kərimovu borca görə 10 gün müddətinə həbs edilib. Banklarla bağlı problemlərlə bağlı anti-kollektor təşkilatı yaratmış hüquqşünas  Əkrəm Həsənov bildirib ki, borc Vahid Kərimovun özünün də deyil. Belə ki, “Rabitəbank"a 7225,7 manat borc üzrə girov, üstəlik 3 zamin də var. Həbs edilən Vahid Kərimov da zaminlərdən biridir.

Hüquşünasın sözlərinə görə, Kərimovun 2 və 3 yaşında körpə uşağı var: “Özü və həyat yoldaşı işləmirlər. Buna baxmayaraq, zamin olduğu borc üzrə birtəhər 200 manat tapıb ödəyib. Borclu və digər zaminlər isə heç nə ödəməyib, onları narahat edən də yoxdur. İcra məmurları girova da tutma yönətməyə tələsmir. Yalnız fağır gördükləri Kərimovu təqib edirlər ki, filankəsin borcunu gəl, ödə”.

Ə.Həsənov deyir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə ("Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) əsasən Kərimovu həbs edib. Hüquqçşünas bunun qanunsuzluq olduğunu deyib. Dünən isə bu qərardan verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Beləliklə, görünən odur ki, bankların kredit borcunu ödəmək qabiliyyətində olmayan vətəndaşları həbsə məruz qoymaq təhlükəli tendensiyası yaranır. Hökumət isə  hələ də vətəndaşları bu vəziyyətdən çıxarmaq üçün hələlik heç bir addım atmır…

Aruz