XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 13:12

Bitkilər üçün təhlükəli Asiya çəyirtkəsinə qarşı necə mübarizə aparılmalıdır?- AQTA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə bitkilər üçün təhlükəli zərərvericilərdən sayılan Asiya çəyirtkəsi (Locusta migratoria L.) haqqındadır.

Asiya çəyirtkəsinə Azərbaycanın Şabran, Xaçmaz, Sabirabad, Ağcabədi və digər rayonlarda olan çay vadilərində, göl və kollektorların ətrafında bitən kolluq və qamışlıqlarda rast gəlinir. Zərərverici respublika ərazisinə qonşu ölkələrdən də miqrasiya edə bilir.

Qeyd edək ki, Asiya çəyirtkəsinin bədəni yaşıl, yaxud qonur, üst çənələri isə mavi rəngdədir. Qanadlar üzərində qonur ləkələr vardır. Asiya çəyirtkəsi yumurtalarını xüsusi küpəciklər içərisində torpağa qoyur. Bir yetkin dişi çəyirtkə mövsüm ərzində 2-3 yumurta küpəciyi qoyur ki, bunların da hər birində 55-dən 115-dək yumurta olur. Azərbaycanda mayın birinci yarısından başlayaraq yumurtalardan sürfələr çıxmağa başlayır. İqlim şəraitindən asılı olaraq proses 2 həftəyə (7-14 gün) qədər davam edir. İnkişafı müddətində çəyirtkələrin sürfələri 40-48 günə qədər davam edən 5 yaş (böyümə) dövrü keçirir. İlk böyümə dövründə onlara bitki örtüyü seyrək olan yerlərdə daha çox rast gəlinir və qamış, yabanı dənli və paxlalı bitkilərin yarpaqlarını yeyərək inkişaf edirlər. Yaşlı sürfələr isə sıx qamışlıq və müxtəlif əkin sahələrinə (taxıl, pambıq, qarğıdalı və s.) daraşaraq bitkilərin gövdə və yarpaqlarını gəmirərək qırıb tökür və zədələyir. Yetkin Asiya çəyirtkəsinin uzunluğu 60-75 mm-dir. Onlar cütləşmə prosesi və yumurta qoyması üçün əkin sahələrində yaxşı qidalandıqdan sonra çay və göl ətrafında olan qamışlıqlara uçub gəlirlər.

Çəyirtkələr təkcə taxıl, qarğıdalı, pambıq və digər bitkilərə daraşaraq onları məhv etmir, həm də meyvə ağaclarının və digər yaşıllıqların yarpaqlarını yeyərək onlara zərər vurur. Hər fərd ömrü boyu 300 qr-dək yaşıl kütlə yeyir. Kütləvi çoxalma dövründə fərdlərin sayı 1 m²-də bir neçə yüzə, hətta minə çatır. Kütləvi çoxalma zamanı çəyirtkələr toplaşıb kuliqalar (sürfələrin topası), yaxud sürülər (yetkin çəyirtkələrin toplanması) əmələ gətirirlər. Sürü halında yaşayanlar uzaq məsafələrə hərəkət etməklə daha ziyankar olurlar. Qeyd edək ki, Asiya çəyirtkəsi gün ərzində sürü ilə 30 kilometrdən çox məsafəni qət edə bilir. Çəyirtkə sürüləri 15-20 km/saat sürətlə hərəkət edərək, gündə 20 saat uçuş etmə qabiliyyətinə malikdirlər.

Çəyirtkələrə qarşı əsasən aqrotexniki və kimyəvi mübarizə üsulundan istifadə edilir. Xüsusən payız aylarında torpağın üzdən yumşaldılması, malalanması və kultivasiyanın aparılması səmərəli tədbirdir. Həmçinin erkən yazda əkinlər arasındakı boş yerlərin, yol kənarlarının və suvarma kanallarının yamaclarının disklənməsi faydalıdır. Belə tədbirlərlə çəyirtkənin yumurtalarını əzərək və ya torpaq səthinə çıxararaq qismən məhv etmək olar.

Asiya çəyirtkəsi kütləvi surətdə sahələrə daraşıb, bitkilərə zərər vurduğu dövrdə ona qarşı kimyəvi mübarizə metodlarının tətbiqi daha yüksək səmərə verir. Qeyd edək ki, çəyirtkələri istənilən dövrdə preparatlarla məhv etmək olar. Lakin yetkin çəyirtkə fərdləri kimyəvi zəhərlərə qarşı əhəmiyyətli dərəcədə davamlı olur. Çəyirtkənin yaşından asılı olaraq, preparatın dozası dəyişdirilməlidir. Çiləmələrin axşam (saat 18-dən 20-dək) və səhər saatlarında (saat 5-dən 10-dək) aparılması tövsiyə edilir.

Son illərdə Azərbaycanda çəyirtkələr əleyhinə adi çiləmələrdə əsasən Fastoks, Xlorban, Siraks, Kingor, Superhard və Kral, ultra kiçik həcmli çiləmələrdə isə Xlorsirin ULV, Cypermectin ULV, Faskil ULV və Alpaç ULV preparatlarından istifadə edilərək mübarizə aparılır. Bu preparatların bioloji səmərəliliyi 81-96 % arasında dəyişir.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Asiya çəyirtkəsinin ehtimal olunan çoxalma mənbələrini aşkar etmək məqsədilə vaxtaşırı müşahidələr keçirir. Bu da zərərvericinin inkişafını nəzarətdə saxlamaq üçün mühüm əhəmiyyət daşıyır.