Ön cəbhədə olmaq hər zaman risklidir. İstər səngərdə düşmənlə üzbəüz duran hərbçilər, istər qaynar nöqtələrdə olan jurnalistlər, istərsə də yoluxucu xəstəliklərlə mübarizə aparan həkimlər üçün. Öndəsənsə, bu həm də “güllə” qabağındasan deməkdir. Bəli, bu gün bütün dünyaya meydan oxuyan koronasavaşın ön cəbhədəki əsgərləri həkimlərdir. Barıt və ya mürəkkəb qoxulu savaşlardan fərqli olaraq, burada düşmən gözəgörünməzdir və hələ də bütün “kartlarını” açmayıb sirli qalmağa üstünlük verir. Gizli düşmən isə hər zaman ən təhlükəlisi və ən qorxulusudur. Həmləsinin haradan, necə gələcəyini, kimi hədəf alıb, kimdən yan keçəcəyini bilmək asan deyil…
Qoruycu maskalardan üzlərinə dərin izlər düşən, həftələrlə, bəzən aylarla doğmalarını görə bilməyən, yoluxan, müalicə alıb yenidən “səngərə” qayıdan, bəzən də bu savaşda həyatını itirən həkimlərimizi artıq çoxumuz tanıyırıq. Daha çox can xilas etmək üçün göstərdikləri fədakarlıqlarla qürur duyur, bu yolda həyatını itirənlərə dərindən sarsılırıq.
Təəssüf və məyusluq yaradan həm də odur ki, COVID-19-a qarşı mübarizədə itirdiyimiz həkimlərin arasında olduqca gənc olanları və buna qədər ciddi sağlamlıq problemi yaşamayanları da var. Elə TƏBİB rəsmisi də son açıqlamasında həkimlərin birinci risk qrupunda olduğunu bəyan etmişdi.
Bütün bu risklərə və kədərli gedişata baxmayaraq, peşəsini müqəddəs bilən, nəyin bahasına olursa-olsun həmkarlarını “ön cəbhədə”, xəstələrini isə quru divarlar arasında köməksiz qoymayan fədakar həkimlərimiz var. Yazımızın və günümüzün qəhrəmanlarından olan, pediatr-neonatoloq Xanım Bəkirova kimi…
“Turan” kliniksında çalışan X.Bəkirova hələ COVID-19 gündəmimizə daxil olmadan əvvəl belə, pasientlərinin sevimlisi olub. Hər kəsə sözün əsl mənasında, doğması kimi yanaşan bu gülərüzlü xanımı sevməyən çətin tapılar. Günün istənilən saatında dada çatmağa, üstəlik, təlaşlı anaları müsbətə kökləməyə hazırdır.
Qəbuluna gələn analar deyirlər ki, həkimləri onları heç vaxt naümid qoymayıb. Hətta ilin əvvəlində ağır əməliyyat keçirəndən cəmi on gün sonra işinə qayıdıb. Üstəlik, əməliyyat sonrası palataya köçürülən kimi telefonla pasientlərinə əlindən gələn köməyi göstərib.
Dünyada və ölkəmizdə COVID-19 “erası” başlayandan bu yana göstərdiyi fədakarlıq isə sözlə ifadə edilməyəcək qədərdir. Ötən aylar ərzində bir gün belə, işindən qalmayan qəhrəmanımız bu ağrılı mərhələni tək pasientlərinin deyil, birbaşa özünün və ailəsinin üzərində də yaşayıb. Bir neçə aylıq fasiləsiz və gərgin iş rejimi, yoluxmuş xəstələrlə canlı təmas nəhayət, onu da virusun cənginə keçirib. Bu azmış kimi, həyat yoldaşı və iki övladını da virusa yoluxdurub.
Həkim deyir ki, əslində 2019-un sonlarından etibarən gərgin rejimdə işləyiblər. Və ötən qış həm onlar, həm də pasientləri üçün əvvəlkilərdən xeyli “sərt” keçib: “Dekabr ayından çox ağır infeksiyalar yayılmışdı. Əvvəlki illərdə pnevmaniya ilə bağlı bu qədər müraciət olmamışdı. Təsəvvür edin ki, bir evdən üç uşaq pnevmaniya olurdu, hətta valideynləri də. Biz valideynləri də müalicə edirdik. İndi də tam əminliklə deyə bilmirik ki, bu, COVID-19 idi, yoxsa başqa infeksiya. Sadəcə, görürdük ki, müalicəyə asanlıqla tabe olmur. Dekabr, yanvar, fevral aylarını çox ağır xəstələrlə işlədik. Sonra karantin başladı. Məktəblər bağlanan kimi xəstələrin sayında bir qədər azalma müşahidə olundu. İnsanlar evdən çıxa bilmirdilər deyə, əsasən telefonla müalicə yazır, məsləhətlər verirdik”.
X.Bəkirova deyir ki, karantin başlayandan körpə və azyaşlı uşaqları olanlar daha təlaşlıdırlar. Övladlarında üzə çıxan hər hansı simptom onların təşviş və stress keçirmələrinə, COVID-19-la bağlı şübhələrə düşmələrinə səbəb olur: “Belə çətin anlarda evdə oturub bizə ehtiyacı olan anaları tək, şübhələr içində qoya bilməzdim. Baxmayaraq ki, evdə iki övladım vardı və onları virusa yoluxdura bilmək ehtimalı yüksək idi”.
Son aylardakı təcrübəsindən danışan pediatrın sözlərinə görə, uşaqlar bu xəstəliyi yüngül keçirir və çox vaxt daşıyıcı olurlar: “Uzağı, bir həftə temperaturları olur. Amma adətən evdəki digər insanları yoluxdururlar. Bir məqam da var ki, böyüklərdə temperatur adətən 37,2-37,5 olursa, uşaqlarda daha yüksək – 39, 39,5 ola bilir. Uşaqlarda ən çox temperatur, ishal, halsızlıq, iştahsızlıq müşahidə edirik. Öskürək çox az hallarda olur. Virus əleyhinə terapiya aparırıq və vitaminlər yazırıq.
Antibiotikdən istifadə etmirik. Onsuz da, virus infeksiyalarında antibiotik istifadə olunmur, amma COVID-19-da ikinci bir infeksiyanın qoşulma ehtimalına görə protokolda antibiotik təyini də var. Hansı uşaqda məsələn, irinli angina olursa, antibiotik də təyin edirik. Bir neçə gün əvvəl bir uşaqla bağlı anamnez toplayanda gördüm ki, evdə nənə-babada da eyni simptomlardır, yəni bütün klinik əlamətlər COVID-19-a uyğundur. Sadəcə olaraq yüngül keçirirlər.
Açığı, uşaqlar arasında bu xəstəliyi ağır keçirənini görmədik. Ən pis keçirəninin temperaturu yüksək olurdu. Bəzi valideynlər deyirdi ki, cəmi bir gün temperatur olub, növbəti gün də halsızlıq. Bəzən də uşaqda heç bir əlamət olmur, valideynlərində isə temperatur yüksəlir. Ailə üzvlərindən test götürüləndə isə məlum olur ki, uşaqlarda da nəticə pozitivdir”.
Həkim bildirir ki, bu müddətdə ən çox leykozlu xəstələrinə görə təlaş keçirib: “Onlardan çox narahat idim. Çox qorxurdum və maksimum şəkildə qorumağa çalışırdım. Valideynlərinə tapşırırdım ki, evdən çıxmasınlar, uşaqları da çıxarmasınlar. Düşünürdüm ki, yoluxsalar, onları xilas edə bilmərik. Şükür ki, yoluxmadılar və İnşallah, bundan sonra da yoluxmazlar”.
Başı iş-gücdən, xəstələrdən açılmayan qəhrəmanımız günlərin birində ayılır ki, COVID-19 artıq onu da yaxalayıb. Və ən pisi də, virusu hər iki oğluna – Kənana və Ayxana da keçirib: “İyunun 20-də temperaturum oldu. Ondan bir neçə gün əvvəl də halsızlıq vardı, gözlərimdə yanma olurdu. Hamı deyirdi ki, rəngin solub, halsız görünürsən. Dedim, yəqin yorğunluqdan, gərginlikdəndir. Həmin gün işdən evə gələndə gördüm ki, oğlumun qızdırması var. İki saat sonra da mənim qızdırmam qalxdı. Sonra eyni halları o biri oğlum və yoldaşım da yaşadı. Gecəylə yoldaşımla birlikdə kompüter tomoqrafiyası müayinəsindən keçdik və məlum oldu ki, artıq pnevmaniya başlayıb. Sonra gəlib bizdən test götürdülər. Dərhal özümüzü təcrid etdik. 21 gün evdən çıxmadıq. Bizə də heç kim gəlmədi. Dərmanları və başqa ehtiyaclarımızı qapıya qoyurdular, götürürdük.
İki həftə dərman müalicəsi aldıq. Əlimdə protokol vardı deyə, müalicə sxemini bilirdim. Analizin cavabı gələnə qədər artıq müalicəni başlamışdım. Bu xəstəlikdə dadbilmə, iybilmə itir, əzələlərdə, oynaqlarda, başda ağrı olur, həmçinin ishal olur. Yemək insanın heç yadına belə, düşmür. Bir də bu xəstəliyin qəribə dalğavari gedişi var. Bu gün yaxşısan, sabaha pisləşə bilirsən. Yaxud gün ərzində yaxşı olursan, axşam ağırlaşırsan. Məndə öskürək də var idi. Boğulma olmasa da, tənginəfəs olurdum, çətinliklə nəfəs alırdım, demək olar ki danışa bilmirdim. Belə halsızlıq bəlkə də heç bir xəstəlikdə olmur. İnsan göz qapaqlarını belə, qaldıra bilmir. Uşaqların vəziyyəti məndən daha yaxşı idi və bir həftəyə tam toparlandılar”.
X.Bəkirovanın sözlərinə görə, həkim olduğu halda o da ilk başda çox qorxub və emosional sarsıntı keçirib: “İş yoldaşımızın gənc həyat yoldaşı bu xəstəlikdən dünyasını dəyişdi. Bir tərəfdən həkimlərin və xəstələrin ölüm xəbərlərini oxuyur, bir tərəfdən də bu virusa yoluxmuş pasientlərimizlə təmasda olurduq. Özüm yoluxanda və uşaqlarda simptomları görəndə çox böyük qorxu və stress keçirdim. Sanki biz bu xəstəlikdən sağalmayacağıq, öləcəyik. Sonra özümə dedim ki, niyə ölməliyik, xəstəlik varsa, müalicəsi də var, sağalacağıq. Özümə də, evdəkilərə də psixoloji dəstək verdim. Hətta müalicə dövründə başqalarına da əlimdən gələn köməkliyi etdim. Həm sakitləşdirirdim ki qətiyyən qorxmasınlar, həm də telefonla müalicələrini yazırdım. Mənim özümə də həkim yoldaşlarım həddən artıq dəstək olmuşdular.
İndi ara sakitləşib, amma bir ara təcili yardım bütün çağırışlara çatdırıb gedə, analiz götürə bilmirdi. İnsanlar bu gözləmə müddətində ağırlaşırdılar. Ona görə həm sosial şəbəkədə paylaşım edirdim, həm də yoldaşlarıma, tanıdığım insanlara məsləhət görürdüm ki, məlumatlı yaxınlarından yardım istəsinlər, müalicəni gecikdirməsinlər. Müalicə tez başlayanda geri dönüş də tez olur. Bir də insan mütləq nikbin olmalıdır. Əks halda, neqativə yüklənir, qorxur ki, bunun özü də immuniteti basqılayır”.
Qorxulu yuxu kimi keçən bu yoluxma mərhələsindən sonra qəhrəmanımız sağalaraq dərhal işinin başına qayıdıb. Təkrar yoluxma riski, ikinci dalğa təhlükəsi belə, onu fikrindən daşındıra bilməyib: “Bilirəm ki, uşaqları mən yoluxdurdum. Niyə işə çıxdım deyə, bir peşmançılığım yoxdur. Əvvəla, olacağa çarə yoxdur. Bundan başqa da, yoluxmazdan əvvəl də, sağalandan sonra da işə çıxmaya bilməzdim. Görürdüm ki, xəstələrimin mənə ehtiyacı var. Özüm xəstə olanda, ən ağır halımda belə, fikrim onların yanında idi. Nə özümü, nə xəstələrimi virusa təslim olmağa qoydum. O vəziyyətdə də həm COVID-19-lu xəstələrimə, həm də digərlərinə kömək edirdim. Bu mənim həm peşə, həm insanlıq borcumdur, yoxsa rahat otura bilməzdim. Özümdən asılı deyil, xəstələrimə övladlarım kimi baxıram, işimi sevirəm, insanlara yardım etməyi sevirəm…”.
Söhbətimizin sonunda “Bəs, təkrar yoluxub, övladlarınızı da yoluxdurma ehtimalı, necə, sizi qorxutmurmu?”, – deyə, qəhrəmanımıza cavabını təxmin etdiyim sualı ünvanladım. Cavab elə gözlədiyim kimi oldu: “Açığını desəm, qorxutmur. Bizi insanların duaları qoruyur. Bir şeyə çox inanıram ki, işimizi sevgiylə, vicdanla görsək, həm xəstələrimiz şəfa tapar, həm də biz onların duaları sayəsində amanda olarıq…”.
Gültəkin Hüseynova,
Strateq.az
Yazı “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlanıb