XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 17:32

“Hepatit” xəstələrinə saxta dərman satılır –Sahibkardan səhiyyə nazirinə müraciət

 

qrateziano

 

Süni bahalaşdırmaya görə bir neçə ay öncə tutulan iş adamının şirkəti ("Alfamed" MMC-nin təsisçisi və rəhbəri Əfqan Xudaverdiyev) müraciət yayıb.

Strateq.az bildirir ki,  “Alfamed” MMC-nin icraçı direktoru Kubra Əliyeva Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevə, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimova və Respublika Milli Onkologiya Mərkəzinin direktor müavini, Hepatit virusuna yoluxmuş xəstələrin müayinə və müalicəsinin təşkili üzrə komisiyanın sədri Murad Məmmədova ünvanladığı müraciətdə “Hepatit C” virusundan bəhs edib.

Şirkət rəsmisi bildirib ki, “Hepatit C” virusu yaxın zamanlara kimi dünyada sağalmaz xəstəliklər sırasında özünə yer tuturdu. 2014-cü ildə ABŞ-ın bir qrup tibb mütəxəssisi bu sahədə inanılmaz uğura imza atıb. İsbat edildi ki, bu xəstəliyi tam sağaltmaq mümkündür. Elə həmin il ABŞ-da əczaçılıq şirkətlərindən biri “Hepatit C” virusunun müalicəsi üçün “Sofosbuvir” adlı dərman preparatını istehsal edərək satışa buraxdı. Preparatın təsiri, effektliyi, təhlükəsizliyi və satış qiyməti böyük əks-sədaya səbəb oldu. İstehsalçı şirkət dünya bazarında bu dərmanın satışına 15 min ABŞ dolları (28 tablet – bir aylıq müalicə kursu üçün) civarında qiymət müəyyənləşdirdi. Hazırda, preparat ABŞ-da “Sovaldi” adı ilə bu qiymətə satılır.

2015-ci ildə Misir Ərəb Respublikasının (MƏR) “European EGYPTİAN PHARM.ind.” şirkətində preparatın generik forması (dövlətlərarası razılaşmaya və müvafiq lisenziyaya əsasən) istehsal edilməyə başladı. Bu, “Grateziano” adı ilə satışa buraxılan sofosbuvir tərkibli dərman preparatıdır. MƏR-in dövlət başçısı Əbdülfəttah əs-Sisi bir müddət öncə dövlət televiziyası ilə məhz, bu dərmanın istehsal olunaraq satışa buraxılmasından sonra onun ölkəsində “Hepatit C” virusundan əziyyət çəkən xəstələrin demək olar ki, qalmadığını bəyan etmişdi.

 

Alfamed” MMC-nin icraçı direktoru Kubra Əliyeva müraciətində bildirib:

“2015-ci ildə şirkətimiz (“Alfamed” MMC) preparatın rəsmi nümayəndəliyini (distribütorluğunu) aldı və bu, AR Səhiyyə Nazirliyində dövlət qeydiyyatına alındı. İyul ayından (2015) “Grateziano” dərman preparatını ölkəyə idxal etməyə başladıq. Bu vaxta qədər dərman preparatının bir qutusu “qara bazarda” müxtəlif qiymətlərlə (3000 – 6000 manat arası, bəzən isə daha yüksək qiymətə) satılırdı. Lakin şirkətimiz dünya satış qiymətinin yüksək (15 000 ABŞ dolları) olmasına baxmayaraq, insanların sağlamlığını və maddi durumunu nəzərə alaraq, 800 AZN qiymət müəyyənləşdirdi. Tarif Şurasının ölkəyə idxal olunan dərmanların sonuncu devalvasiyaya ekvivalent olaraq qiymətlərin 40-45% qaldırmasını zəruri hal kimi dəyərləndirməsinə baxmayaraq, şirkətimiz adıçəkilən preparatın qiymətini 22%-ə qədər yüksəltdi (800 AZN-dən 1000 AZN-ə dək). Lakin 22%-lik qiymət artımının ömrü qısa oldu. Cari ilin yanvar ayının ortalarından istehsalçı şirkət qiymətlə bağlı bizə güzəşt etdiyindən qiymətləri yenidən ilkin satış həddinə yaxınlaşdırdıq. Hazırda, bir qutu “Grateziano” dərman preparatının pərakəndə satış qiyməti 850 AZN təşkil edir. İndiyədək heç bir xəstəni ümidsiz buraxmadıq. Qısa müddət ərzində (6 ay müddətində) yüzlərlə ümidsiz xəstə sağaldı və sağalmaqda davam edir. Bu günədək 6 imkansız və aztəminatlı xəstəyə adıçəkilən dərman preparatı tam təmənnasız olaraq verilib.

Hazırda, “Grateziano” dərman preparatının bir qutusunun ölkəyə idxalı valyuta məzənnəsinə uyğun olaraq, (ƏDV ilə birgə) 800 manatdan bir qədər artıq başa gəlir, nəqliyyat və s. digər xərcləri də bura əlavə etsək, aydın olur ki, şirkətimiz bu dərman vasitəsinin satışını olduqca cizi qiymət fərqi ilə həyata keçirir. Bu gün “Grateziano” dərman preparatının 3 aylıq müalicə kursunun ümumi dəyəri (tam sağalma) 2550 AZN təşkil edir. (Bir aylıq müalicə kursu 850 AZN olmaqla). Preparat keçmiş İttifaq respublikalarından yalnız Latviyada var və üç aylıq müalicə kursu 45 000 min ABŞ dollarına başa gəlir.

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ilə dair yekun hesabatında xüsusi olaraq vurğulanır ki, sofosbuvir tərkibli “Grateziano” adlı dərman vasitəsinin ən ucuz satıldığı ölkə, məhz Azərbaycan Respublikasıdır”.

“Alfamed”in icraçı direktoru Azərbaycanda bu dərman vasitəsinin digər ölkələrlə müqayisədə belə ucuz satılmasına aydınlıq gətirib:

“Bildiririk ki, şirkətimiz adıçəkilən preparatı Qırğızıstan, Qazaxıstan və Belarusda (son iki ölkədə qeydiyyatalma yekunlaşma üzrədir) dövlət qeydiyyatına alınmasına nail olduğuna görə sofosbuvir tərkibli “Grateziano” preparatı istehsalçı şirkət tərəfindən xüsusi dotasiya ilə (“Alfamed” MMC adına) ölkəmizə idxal olunur. Onu da qeyd edirik ki, “Alfamed” MMC-nin razılığı olmadan MDB ölkələrindən heç biri sofosbuvir tərkibli “Grateziano” dərman preparatının idxalını gerçəkləşdirə bilməz.

Səhiyyə Nazirliyi digər adlarda sofosbuvir tərkibli dərman preparatlarının ölkəmizə idxalı ilə bağlı heç bir quruma (“Alfamed” MMC istisna olmaqla) lisenziya verməyib. Amma təəssüf hissi ilə bildiririk ki, bu gün müxtəlif adda pirat yollarla ölkəyə gətirilən, mənşəyi və tərkibi bilinməyən, saxta, keyfiyyət normalarına uyğun olmayan sofosbuvir tərkibli dərman vasitələrinin bir sıra aptektlərdə açıq şəkildə satışı həyata keçirilir. Bu, şübhəsiz ki, insanların həyatını real təhlükəyə atmaqla yanaşı, həm də cinayət tərkibli əməldir. Bir çoxları bunu bildikləri halda, xəstələri məqsədyönlü şəkildə yenə də “qara bazara” tərəf istiqamətləndirirlər.

Qanunamüvafiq qaydada Misirdən ölkəmizə idxal olunan sofosbuvir tərkibli “Grateziano” dərman preparatının qutusu üzərindəki yazılar ingilis, içlik vərəqi isə Azərbaycan dilindədir. Pirat yollarla gətirilən, mənşəyi və tərkibi bilinməyən sofosbuvir tərkibli “Grateziano” dərman preparatlarında isə həm üz qabığında, həm də içlikdə yazılar ərəb dilində verilib. Bu da həmin dərmanların qanunsuz yollarla gətirildiyinin əyani sübutudur.

Son olaraq, vətəndaşlara diqqətli olmağı, sofosbuvir tərkibli dərman preparatlarını alarkən onun lisenziyasının olub-olmadığını dəqiqləşdirməyi – öz həyatlarını real təhlükəyə atmamağı, həkimlərə bu məsələyə daha məsuliyyətlə yanaşmağı, onlara müraciət edən xəstələrə dərman preparatı haqqında düzgün məlumat verməyi və istiqamətləndirməyi, müvafiq dövlət qurumlarına bu sahədə görülən qanunazidd əməllərin qarşısını almağı, ölkədə yayımlanan yazılı və elektron KİV nümayəndələrinə isə bu məsələni daimi diqqətdə saxlamağı və obyektiv işıqlandırmağı xahiş edirik”.

Xatırladaq ki, 21 dekabr 2015-ci il devalvasiyasından sonra Baş Prokurorluğun İqtisadiyyat Nazirliyi ilə birgə apardığı reydlər zamanı süni qiymət artımına yol vermiş bir neçə iş adamı həbs edilib. Saxlanılan iş adamlarıından biri də barəsində üç ay müddətinə həbs qəti imkan tədbiri seçilmiş "Alfamed" MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyevdir.

Baş Prokurorluğun yanvarın 12-də yaydığı məlumata görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 – Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində "Alfamed" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən "Grateziano" dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.

Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla "Alfa med" MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və satış üzrə menecer İbadulla Hüseynov saxlanılıblar.