XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 08:46

Riyaziyyatçı 300 illik teoremi həll etdi,700 min dollar qazandı

 

teorem

1994-cü ildə Andre Uiles adlı riyaziyyatçı 300 ildir ki, alimləri girinc etmiş Fermat Teoremini həll etməklə bütün riyaziyyat aləmini şoka salmışdı.

Bu günlərdə Oxford Universitetinin 62 yaşlı həmin professoru bu inanılmaz uğuruna görə Norveç Elmlər Akademiyasının nüfuzlu Abel mükafatına layiq görülüb.

Nobel mükafatına bərabər tutulan bu mükafatı Andre Uilesə Osloda İsveç şahzadəsi Haakon 700 min dollarlıq çeklə birgə təqdim edəcək.

Abel Komitəsi bu nailiyyəti “riyaziyyat elmi üçün yeni dövrün başlanğıcı” adlandırıb. Komitə bildirib ki, Uiles çox az riyaziyyatçılardan biri, bəlkə də birincisidir ki, qazandığı uğur beynəlxalq xəbər başlıqları sırasına çıxıb.

Riyaziyyat sahəsində ən nüfuzlu mükafata layiq görülməsinə Uilesın ilk reaksiyası belə olub: “Abel mükafatı alaraq, bu sahəyə əvəzsiz töhfələr vermiş əvvəlki laureatlara qoşulmaq mənim üçün böyük şərəfdir. Fermat teoremi uşaqlıqdan məni çox həyəcanlandıran məsələlərdən olub. Həmişə ümid etmişəm ki, bir neçə əsr tarixi olan bu problemi həll etməklə bir çox gənci bu gözəl və ecazkar fənlə məşğul olmağa həvəsləndirim”.

Uilesın isbat etdiyi teoremi 1637-ci ildə fransız riyaziyyatçı Pierre de Fermat tərtib edib. Teoremdə deyilirdi: İxtiyari natural n > 2 ədədi üçün xⁿ + yⁿ = zⁿ tənliyinin natural x,y и z həlləri yoxdur.

BU TƏNLİKLƏ 10 YAŞINDAN MARAQLANIB

CNN-in məlumatına görə, Uiles 10 yaşından bu tənliklə maraqlanmağa və gününü kitabxanalarda keçirməyə başlayıb. “O vaxtdan ürəyimə dammışdı ki, bunun həllini tapacağam. Sadəcə məni heyran edən o idi ki, teorem 10 yaşlı uşağın belə asanlıqla başa düşə bildiyi bir problem olsa da, onun həllini tapmaq bir o qədər müşkül idi”. Uiles Guardian-a belə deyib. Onun sözlərinə görə, bir ara kollecə gedəndə tənliyin cavabını tapdığını da düşünüb. Ancaq sonra cavabının yanlış olduğunu anlayıb.

Uiles Princeton Universitetində işləyərkən düz 7 il teoremin həlli üzərində gizlicə çalışıb. Nəhayət, 90-cı illərin əvvəllərində onun isbatını tapıb. Bununla da öz sahəsində yeni eranın başlanğıcını qoyub. Buna görə riyaziyyat elmi üzrə ən böyük mükafata layiq görülmüş Uiles deyir: “İnsan belə böyük nailiyyət qazandığı anı heç vaxt unuda bilməz. Axı həyatın mənası elə budur”.