XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 18:25

Mehmanxanalarda reydlər davam etdirilir- VİDEO

Pandemiya şəraitində mehmanxanaların ictimai iaşə məkanlarında infeksiyanın yayılma riskini azaltmaq üçün qonaqlar arasında növbənin tənzimlənməsi əsas şərtlərdən biridir. İaşə məkanında növbə yarana biləcək bütün ərazilərin döşəmələri xüsusi işarələrlə nişanlanmalıdır. 

İstər qonaqlar, istərsə də işçi heyətin gigiyena qaydalarına riayət edilməsi COVID-19-a yoluxmanın qarşısını alan vacib şərtlərdəndir. İctimai iaşə zonalarına yalnız qoruyucu maskadan istifadə edən qonaqlar daxil ola bilərlər. Maskası olmayanlara isə girişdə maska təqdim edilməlidir. Qida qəbulu istisna olmaqla bütün digər dövrdə və masanı tərk etdikdə qonaqların maskadan istifadə etməsinə nəzarət olunmalıdır.

Hava-damcı yolu ilə ötürülən xəstəliklərin, xüsusilə də COVID-19-un yayılmasının qarşısının alınması üçün ümumi istifadədə olan çay və qəhvə maşınları, su dispenserləri və digər avadanlıqdan içkiləri yalnız mehmanxana işçisinin qonaqlara təqdim etməsi tövsiyə edilir. Qaydalara əsasən, açıq bufet xidməti, habelə mehmanxananın ictimai iaşə məkanlarından kənarda özünəxidmət yolu ilə yeyib-içmək xidməti fəaliyyət göstərməməlidir.

“Report”un məlumatına görə, bütün bu tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə aidiyyəti qurumların əməkdaşlarından ibarət birgə monitorinq qrupları paytaxt Bakı ilə yanaşı, respublikanın bütün bölgələrində mütəmadi olaraq monitorinq həyata keçirir. Yoxlama zamanı sahibkarlıq subyektlərində tələblərə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara qaydalar izah edilir.

Aparılan tədbirlər zamanı mehmanxanalarda bir sıra qaydalara əməl olunmaması, kobud şəkildə pozulması faktları aşkarlanıb və həmin müəssisələr barədə inzibati tədbirlər görülüb.