XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2019 - 17:54

Qadınların əmək pensiyası və yaşa görə müavinət

Azərbaycanda 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində kişilərin pensiya yaşı 64 il 6 ay, qadınların pensiya yaşı isə 61 il 6 ay olacaq. 1 iyul 2020 – 30 iyun 2021-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il olacaq.

Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin  gücləndirilməsinə xidmət etməklə, eyni zamanda, sosial təminat sisteminin təkmilləşdirilməsində növbəti addımdır. Bu qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

 Əgər bu ilin əvvəlinədək qadınlar (yaşa görə pensiya hüququ olmadıqda) yaşa görə müavinət hüququnü 62 yaşda, kişilər (yaşa görə pensiya hüququ olmadıqda) isə 67 yaşda  qazanırdısa, bu ilin əvvəlindən bu yaş həddi pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilir.

Beləliklə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), bu ayın 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

Yaşa görə müavinətin təyinatı 2019-ci ildə elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac yoxdur. Vətəndaşa elektron təyinat və müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-Çağrı Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edir. Bundan sonra yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı alır.

Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir.

Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir.

Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb.

Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Bununla da Azərbaycanda 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində kişilərin pensiya yaşı 64 il 6 ay, qadınların pensiya yaşı isə 61 il 6 ay olacaq. 1 iyul 2020 – 30 iyun 2021-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il olacaq.

Bu məqalə  “Konstitusiya”  Araşdırmalar  Fondu tərəfindən Avropa İttifaqı və UNDP-nin dəstəyi ilə  ilə icra olunan  “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanıb.