XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2019 - 18:12

Evdar qadınlar necə peşə təhsili ala bilərlər?

Peşə təhsili müəssisələrinə qəbul ümumi orta və ya tam orta təhsil haqqında attestat əsasında aparılır. Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Peşə təhsili müəssisələrinə qəbul ixtisas və təhsil müəssisəsinin sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqədə iştirak ödənişsizdir. Peşə təhsili müəssisələrinə qəbulun vaxtı və yeri hər il Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və kütləvi informasiya vasitələrində yerləşdirilir. Peşə təhsili müəssisələrinə qəbul Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər.

Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin Milli Təhsil Məlumat Bazasının Elektron sənəd qəbulu sistemində “Elektron ərizə”ni dolduraraq, təsdiq edilməsi üçün şəxsiyyət vəsiqəsi və attestatının surətini müvafiq qaydada əlavə edirlər. Əlilliyi olan şəxslər Təhsil Nazirliyinin elektron sənəd qəbulu sistemində bu Qaydada göstərilən sənədlərlə yanaşı, əlilliyini təsdiq edən sənədin surətini həmin ərizəyə əlavə etməlidirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar Təhsil Nazirliyinin elektron sənəd qəbulu sistemində bu Qaydada göstərilən sənədlərlə yanaşı, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənədin surətlərini həmin ərizəyə əlavə etməlidirlər.

Peşə təhsili müəssisəsinə ixtisas seçimi sənəd qəbulu zamanı həyata keçirilir. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisasları müəyyən edir və istədikləri ardıcıllıqla seçirlər.

Peşə təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd vermiş şəxslər maksimum 5 ixtisas seçmək hüququna malikdirlər. Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Peşə təhsili müəssisələrinə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin isə həmin imtahanda əldə etdikləri nəticələrə əsasən Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Attestatında  qiymətlərinin orta balı, buraxılış və ya qəbul imtahanında əldə etdikləri nəticələr eyni olan iki və daha çox ərizəçini bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə qiymətləndirmə göstəricilərindən istifadə edilir:

– ixtisas seçimi zamanı seçdiyi peşə təhsili müəssisəsinin və ixtisasın qeyd olunmuş ardıcıllığı;

– buraxılış və ya qəbul imtahanında əldə etdiyi nəticələr eyni olan ərizəçilərə münasibətdə attestatına müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

– seçdiyi ixtisasdan asılı olaraq, ixtisasa uyğun müvafiq fənn (və ya fənlərin) qiyməti;

– ixtisas üzrə iş stajı;

– işəgötürənin göndərişi.

Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı müsabiqədə iştirak edən şəxslərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına və təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, peşə təhsili müəssisəsinə müsabiqədənkənar daxil olmuş tələbələrin sayı nəzərə alınmaqla həyata keçirilir. Müsabiqənin nəticələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və kütləvi informasiya vasitələrində yerləşdirilir. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər üzrə müsabiqədə iştirak etmiş şəxslər tərəfindən bu Qaydaya uyğun olaraq yenidən ixtisas seçimi aparılır və həmin yerlərə qəbul həyata keçirilir. Müsabiqənin nəticələri barədə məlumat müsabiqədə iştirak edən şəxslərin elektron şəxsi kabinetində yerləşdirilir vəelektron poçt ünvanına və ya telefonuna bu barədə mesaj göndərilir.

Ətraflı aşağıdakı link vasitəsilə məlumat ala bilərsiniz

https://vet.edu.gov.az/?mod=qebul

Bu məqalə “Konstitusiya” Araşdırmalar  Fondu tərəfindən Avropa İttifaqı və UNDP-nin dəstəyi ilə  ilə icra olunan  “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanıb.