XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 14:37

“Azəravtoyol” sakinləri hədələyir:"Onsuz da evləriniz söküləcək"

“Azəravtoyol” ASC-nin yol çəkilişi adı altında vətəndaşları şəxsi mülklərindən məhrum etmək üçün məhkəməyə verdiyi barədə yazmışdıq.

Strateq.az xəbər verir ki, qurumun qaldırdığı iddiaya martın 29-da Nərimanov rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə baxılacaq. 

Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən, Gənclik meydanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektinə paralel 7 km uzunluğunda 6 zolağlı yeni avtomobil yolunun tikintisi nəzərdə tutulub. Həmin layihənin icrası səhmləri dövlətə məxsus olan “Azəravtoyol” ASC-yə həvalə edilib. Layihə çərçivəsində yeni tikiləcək yolda tikinti altına düzən müxtəlif  təyinatlı daşınmaz əmlakların bir çoxu kompensasiya müqabilində alınıb.

Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində yaşayan 6 ailə isə onlara ayrılan kompensasiyanın məbləğindən narazı qaldığı üçün evlərini tərk etməkdən imtina edib. Buna görə də hazırda “Azəravtoyol”un təzyiqləri, məhrumiyyətləri altında yaşamağa məcbur qalıblar. 

Həmin ailələrin hüquqlarını müdafiə edən hüquqşünas Səbuhi Axundov Strateq.az-a açıqlamasında həmin hədə-qorxuların bu günədək davam etdiyini bildirib. Onun sözlərinə görə, “Azəravtoyol” əməkdaşları  məhkəməyə verilən Xəlil Rza Ulutürk küçəsindəki sakinlərdən məhkəməyə getməməyi tələb ediblər.  

“Azəravtoyol” ASC-nin əməkdaşları həmin sakinlərə zəng edərək bildiriblər ki, məhkəməyə gəlməyin, onsuz da evləriniz söküləcək. Təhdidlə yanaşı məhkəməyə verilən ev sahiblərinə əlavə 2 min 500 manat pul verəcəklərini vəd ediblər. Əlimizdə ASC əməkdaşlarının həmin ərazidəki evlərin yanında əlavə obyektlər tikib dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəmələrinə dair məlumatlar və görüntülər, eyni zamanda pul ayrılan kodlar var.

Həmin ərazilərdə kimin geniş həyəti varsa, orada sakinlərlə razılaşara əlavə evlər tikiblər. Sonradan tikilən evlərin şəkilləri, nömrələri də var. JEK-in təqdim etdiyi sənədlərdə həmin evlərin əvvəlki ərazisi az göstərilib. Bütün bunlar sübut edir ki, onları sonradan məmurlar özləri tikib üstünü baglayıb, nəticədən büdcədən kifayət qədər  pul siliblər. 
Sabah həmin sənədləri məhkəməyə təqdim edəcəyik”.

Xatırladaq ki, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində yaşayan 6 ailənin mənzilini almaq üçün onlara hər kvadrat metrə görə 850 manatdan pul təklif ediblər. Sakinlərin mənzillərinin sahəsi az olduğundan həmin pula başqa yerdə ev almağın mümkün olmadığını bildirərək mənzillərini satmaqdan imtina ediblər. Nəticədə “Azəravtoyol” ASC sakinləri qaz, işıq, su təminatından məhrum edib. Üstəlik onları məhkəməyə verərək zorla evlərindən çıxarmaqla hədələyir. 

P.S. Bu gün Nərimanov rayon Məhkəməsində baxılmalı olan proses baş tutmayıb. "Azəravtoyol" ASC təmsilşiləri məhkəməyə gəlməyiblər. Proses aprelin 7-dək təxirə saınıb.

Fərqanə Allahverdiqızı