XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 May 2015 - 08:33

Sən yanmasan, mən yanmasam…

hafiz.jpg

Hafiz Təmirov

Bir anda hər tərəfi qara duman bürüdü. Yox, bu, təbiətin şıltaqlığı deyildi; bu, qara duman yağış, tufan, leysan, dolu olacağından da xəbər vermirdi. Yanğın var idi, yanğın! Bir zərrənin işığına şərik olan milyonların evi, əşyası yox, ürəyi yanacaqdı baş verən hadisədən sonra…

Hündürmərtəbəli binada yaşayanların ahını – fəryadını, çağırşını eşidənlərin donan qanını, bədəninin açılmayan keyini sözlə ifadə etmək çox çətindir, çox. Dəhşətdən xəbəri olan da danışırdı, olmayan da…

Onlar isə…

Danışmağa ürəklərində sözləri çox olsa da, həmin an bir ananın “Balam hanı?”, bir körpənin “Ana, mən qaranlıqda qorxuram” nidalarına tələsənlərin sözü, bu gün, sabah, bəlkə də illər sonra danışılacaq qəhrəmanlığı idi.

O gün xilaskarlıq missiyasını üzərinə götürənlərin yalnız bir arzusu vardı: insanlar yaşamaq, sağ-salamat qurtulmaq ümidini itirməsin. Bax, elə bu inamla da onlar odun-alovun, tüstünün içinə girib həyat axtarışına çıxdılar. Yanan evlərdə yanan ürəklərin harayına tələsdilər. Onlar bugünümüzün və gələcəyimizin xilası üçün öz həyatlarını belə, risqə atdılar, dəfələrlə ölümlə üzbəüz gəldilər…

polis qehreman.jpg

Ruhu ağ göyərçin olan körpə fidanların tüstüdən qaralan simalarında isə həyatın dibsiz dərinliyini görmək, sanki, öz övladını, doğmasını, əzizini itirmiş kimi, həmin an o hissi yaşamaq neçə-neçə həmkarımızın ürəyinə dağ basdı. Artıq onlar üçün od-alov, zəhərli tüstü maneə deyildi. İndi onlara ölümün sərhəddini keçmək qaşla-göz arasındakı məsafə qədər yaxın idi…

Bina yandı və söndürüldü…

İçimizdəki yanğın və yanğı isə sönmədi. Sanki, ayıldıq, silkələndik: yenə də hamı danışdı, hamı çıxış yolu göstərdi…

Onlar isə danışmadılar – onlardan danışdı Azərbaycan xalqı: andına sadiq Azərbaycan Polisindən və Fövqəlada Hallar Nazirliyinin əməkdaşlarından.

Yazı-pozu adamı kimi, baş verənləri və görülən tədbirləri birər-birər təhlil etdikdən sonra bir daha bu qənaətə gəldim ki, ulu öndərimizin çox böyük uzaqgörənliklə dediyi “Polis, daxili işlər orqanları dövlətin əsas sütünlarından biridir” fikri özünü bir daha doğrultdu. Şahin kimi, Elvin kimi oğulları sınaq meydanlarında bir daha tanıdıq və gördük.

Torpaqlarımızın işğal edildiyi, müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üzbəüz qaldığımız dönəmlərdə soyuq səngərlərə kürəyini söykəyən, qaya sinəsini güllələrə sipər edən Azərbaycan Polisi andına sadiqliyini, Vətənə, xalqa sevgisini üçrəngli bayrağımız kimi, hər zaman uca tutub. Dövlətçiliyimizə olan qəsdlərin qarşısının alınmasında, radikalizmə meyilli şəxslərin qanun qarşısında diz çökdürülməsində, gəncliyin ruhunu, beynini zəhərləyənlərin, “ağ ölüm” adlı bəla tacirlərinin kökünü kəsmək üçün gecə-gündüz, qorxu, təhlükə bilmədən asayişin keşiyində, sabitliyin qorunmasında ayıq və sayıq olan Polis bir neçə gün bundan öncə yaşadığımız faciə zamanı da yenə xilaskarlıq missiyasını qanı, canı bahasına öz üzərinə götürənlərdən oldu

Bəlkə də həmin gün şəhid polislərimizin – Əlif Hacıyevin, Habil Həsənovun, Əhmədağa Səmədovun, Əliqulu Əsgərovun, Eldəniz Quliyevin, Vaqif Bayramovun… ruhları da kimlərinsə tamahı ucbatından diri-diri yanan insanları ölümün cəngindən qurtaran həmkarlarına kömək üçün səfərbər olmuşdular…

Bu, bir sınaq idi. Biz bu sınaqdan da alnıaçıq çıxdıq. Toparlanaq, təskinlik tapaq – çətin olsa da…