XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2020 - 14:02

Ermənistanın hərbi təxribatı nəticəsində Goranboy və Naftalana dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb- FOTO

Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy rayonu və Naftalan şəhərini iriçaplı odlu silahlardan, raketlərdən atəşə tutması nəticəsində sözügedən ərazilərdə yaşayan mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı işlərə başlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, aidiyyəti dövlət qurumları nümayəndələri və mütəxəssislərdən ibarət İşçi qrupu Ermənistanın hərbi təxribatı nəticəsində Goranboy rayonuna və Naftalan şəhərinə dəymiş ziyanın qiymətləndirilməsinə başlayıb.

Goranboy rayonu və Naftalan şəhəri üzrə işçi qrupun rəhbəri, Fövqəladə Hallar Nazirliyinin Tikintində Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov APA-ya bildirib ki, Agentlik artıq 3 gündür Ermənistan silahlı qüvvələrinin vurduğu ziyanın qiymətləndirilməsi işləri ilə məşğuldur: “Naftalan şəhərində işlər artıq başa çatıb. Orda dağıntılar nisbətən azdır. 4 obyektə, 3 yaşayış evinə və 1 qeyri-yaşayış binasına ziyan dəyib”.

E.Əsədov qeyd edib ki, dünəndən isə Goranboy rayonunda fəaliyyətə başlanılıb. Rayonun 29 yaşayış məntəqəsi dağıntılara məruz qalıb və bu məntəqələrə 700-dən çox mərmi düşüb: “Apardığımız müşahidələr onu göstərir ki, bu ərazilərdə stasionar silahlı qüvvələrin yerləşdiyi yerlər yoxdur. Ermənilərin atdığı mərmilərin hamısı yaşayış məntəqələrinə və onların ətrafında olan kənd təsərrüfatı məqsədli torpaqlara düşüb. Yaşayış evlərində çoxlu dağıntılar var. Əldə etdiyimiz məlumatlara görə, Goranboy rayonu ərazisində 250-dək fərdi yaşayış evi və digər sosial obyektlər dağılıb”.

Agentliyin rəsmisi qiymətləndirmə zamanı belə obyektlərin sayının artmasını da istisna etməyib.

“Qiymətləndirmə aparılarkən ev sahibləri də müayinələrdə iştirak edir. Ümid edirik, bu işləri 20 gün müddətində başa çatdırılacaq. Tərtib olunmuş aktlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması  üçün lazım olan digər proseslər də həyata keçiriləcək. Komissiya vətəndaşların daşınmaz əmlakları ilə bərabər, həm də mal-qaranın məhv olunması faktlarını, vətəndaşların və digər orqanların nəqliyyat vasitələrinin zədələnməsi faktlarını da qeydə alırıq”, – deyə İşçi qrupun rəhbəri deyib.

Qeyd edək ki noyabrın 6-da Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Gəncə-Mingəçevir, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam olunublar.