XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2020 - 23:15

İşçi Qrupun rəhbəri:"Tərtərdə işləri yekunlaşdırmaq üçün daha 3 köməkçi qrup yaradılacaq"

“Artıq Tərtər şəhərində, 4 kənddə və 1 qəsəbədə ziyan dəymiş 796 obyektə baxış keçirilib. Onlardan 147-si çoxmərtəbəli binalardakı mənzillər, 611 ədədi fərdi yaşayış evləri, 23 ədəd sahibkarlıq subyekti, 6 ədəd sosial obyekt, 4 ədəd inzibati binadır”.

Bunu APA-ya açıqlamasında Tərtər rayonu üzrə işçi qrupun rəhbəri Qubad Heydərov deyib.

İşçi Qrupun rəhbəri bildirib ki, bu günə olan məlumata görə, daha 4100-dən yuxarı obyektə baxış keçirilməlidir: “Ona görə də Tərtər rayonu üzrə İşçi Qrupuna daxil olan komissiyaların sayının artırılması planlaşdırılır. Bundan əvvəl Tərtər rayonu üzrə 3 işçi qrupunun fəaliyyəti nəzərdə tutulmuşdu. Daha 3 köməkçi qrupun yaradılması planlaşdırılır. Çalışacağıq, ayın 10-na kimi işləri yekunlaşdıraq”. 

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.