XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 23:23

ÜST-nin yeni kampaniyası 100 milyon insanın siqareti tərgitməsinə kömək edəcək

Siqaretlə bağlı xəstəliklər hər il 8 milyon insanın ölümünə səbəb olur. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi statistikasıdır. Milyonlarla insanın sağlamlığı və həyatı üçün təhlükə yaradan COVID-19 pandemiyası fonunda ÜST siqaretlə mübarizə ilə bağlı qlobal kampaniyaya start verməyə qərar verib.

“Siqaret çəkənlərin bu vərdişdən imtina etmək üçün əlavə motivasiyaya ehtiyacı varsa, pandemiya buna daha bir səbəbdir” – deyə, ÜST rəhbəri Tedros Qebreyesus bildirib.

ÜST tütün məhsulları istifadə edən insanlarda koronavirus infeksiyasının şiddətli ola biləcəyi tənəffüs, ürək-damar və onkoloji xəstəliklər riskinin daha yüksək olduğunu xatırladır.

“Qərar ver və tərgit! kampaniyası (Commit to quit) il ərzində davam edəcək. Onun çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri, bir tərəfdən siqaretlə mübarizə ilə bağlı qanunvericilik tədbirlərinin gücləndirilməsi və digər tərəfdən əhaliyə lazımi dəstəyin göstərilməsi ilə bağlı tövsiyələrini ölkələrin səlahiyyətlilərinə təqdim edəcək. ÜST mütəxəssisləri istehlakçılar arasında tütünün zərərləri haqqında məlumat yayacaq və bu pis vərdişi tərgitmək üçün onlara tövsiyələr verəcək.

Virtual səhiyyə işçisi Florens ÜST işçilərinə kömək etmək məqsədilə yaradılıb. Günün istənilən vaxtında siqaretdən imtina etməyi qərara alan siqaret çəkənlərin köməyinə gələcək – plan hazırlamağa, mövcud qaynar xətlər və mobil tətbiqetmələr barədə məlumat verəcək.

“Qərar ver və tərgit! kampaniyası WhatsApp platformasında da reallaşacaq: orada ÜST-nin müvafiq çatına qoşulmaq olar. Təşkilatın veb-saytında “Tütündən imtina etmək üçün 100-dən çox səbəb” adlı siyahıya rast gəlmək olar.

ÜST, ilk növbədə, siqaret çəkənlərin sayı ən çox olan 22 ölkədə təşviqata diqqət ayıracaq. Onların arasında – Rusiya, Ukrayna, Almaniya, Polşa, Türkiyə, ABŞ, Çin və Hindistan.

ÜST-ə görə dünyada 780 milyon insan siqareti tərgitmək istəyir. Təşkilat, “Qərar ver və tərgit! kampaniyası sayəsində təxminən 100 milyon tütün istehlakçısının pis vərdişdən qurtula biləcəyinə ümid edir(azərtac).