XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 13:02

Sabiq YAP-çı deputat: “Dövlət vəzifəsində qohumları, şərikləri olanlar rəqiblərini bazardan çıxarır”-Müsahibə

nazim mem.jpg

Milli Məclisin keçmiş deputatı Nazim Məmmədov “Amerikanın Səsi”nə müsahibəsində yanan binada işlənən üzlüyün qiyməti, dövlət büdcəsindən xərclənmələr və ona nəzarət mexanizmləri, məmurların gəlirləri barədə bəyannamə təqdim etməməsi, monopolist şirkətlərin təhlükəsizliyə təsirlərindən danışıb.

Strateq.az müsahibəni təqdim edir:

Amerikanın Səsi: Azadlıq prospetkində yanan binanın müqavilə olmadan təmir edildiyi bildirilib. Müqavilə və tender olmadan dövlət büdcəsinin xərclənməsinə görə hansı qurumlar məsuliyyət daşıyır?

Nazim Məmmədov: Mən guman etmirəm ki, orada müqavilə olmayıb.Təbii ki, sifarişçilər və podratçılar məsuliyyət daışıyır. Ancaq bu fikrin prezidentin yanında olan müşavirədə səsləndirilməsini mən düzgün olmayan informasiya kimi qəbul etdim. Necə ola bilər ki, 16 mərtəbəli bina üzlüklənir və kifayət qədər bura fəhlə, texnika, materiallar cəlb olunur. Bu dövlət mülkiyyətində olan ictimai binadır. Baxmayaraq, hərə öz mənzilini özəlləşdirib, ancaq onun fasadlarında aparılan işlər hər yerdə görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilir. Bu ola bilərmi? Azərbaycanda hər şey ola bilər! Deyək ki, bu müəyyən yolların üzərində, yaxınlığında olan binaların süni gözəlləşdirilməsndən başqa bir şey deyil. Bu əgər belədirsə, çox ciddi bir qanun pozuntusudur. Buna cavabdehlik daşıyan icra hakimiyyətinin başçısı, rayon şəhər icra hakimiyyətinin başçısı və tikintiyə nəzarət edən Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarıdır.

Amerikanın Səsi: Rəsmi qurumlar binaların poliuretanla üzlənməsinin qiymətləri barədə açıqlama vermir. Kluarlarda isə hər kvadratmetrin təxminən 160 manatadək hesablandığı səslənir. Düzgün olmayan maliyyə qiymətləndirməsinə görə məsuliyyət kimin üzərinə düşür?

Nazim Məmmədov: Təbii ki, yenə sifarişçinin. Qeyd edim ki, Bakı şəhərində əsas binalar daş örtüklərlə, əsas binalar da, vaxtilə aqlay deyilən daş örtüklərlə üzlüklənir. Bu gözəl, yaraşıqlı binalar əslində deyək ki, aqlayın qiyməti (1 kvadratmetri – red) 12-25manat arasındadır. Onun divara vurulması da elə, təxminən 9-10 manat arasındadır. Beləliklə, bütün binalar daxil olmaqla bir binanın kvadrat metrinə təbii daşdan (bizim Bakı şəhəri ətrafında olan daş karxanalarında olan daşlardan), yerli məhsullardan üzlənməsi təqribən 1 kvadrat metri 40 manata başa gələ bilər.Yəni ən pis halda. Bir mərtəbənin 100 kv metr olduğunu nəzərə alsaq, Binəqədidə yanan 16 mərtəbəli binanın, – uzunluğu təqribən 36 metr, eni 12 metrdir, – bütün binanın 16 mərtəbəsi təqribən 3 min 600 – 4 min kv metrə yaxın edir. Yəni siz onu vurun 40 manata, təxminən 160 min manat edir.

Həmin süni örtüklər – hansı ki, Türkiyədən gətirilir, yaxud yerlərdə istehsal olunur, internetə baxa bilərsiniz, – satış qiyməti 2 kv metrinin qiyməti 13 manatdır, təqribən. Amma bunun xərcləri daşlardan təbii ki, azdır. Onun vurulma xərci də 5-6 dollar edə bilər. Orta hesabla 1 kv metri 10 manatdan artıq edə bilməz. Bunun 150 manata, – materialların və yaxud vurulma xərcləri dəqiq əlimdə olmuş olsa, – həmin bina ilə bağlı analiz edə bilərdik. Təqribən, burada 10-15 dəfə şişirtmə mövcuddur.

Bu boyda binanı çox yüksək səviyyədə təmir edib, təbii daş örtüklərlə örütülməsi, əl xərci də, fəhlə pulu da daxil olmaqla, material pulları da daxil olmaqla cəmi 160 min edə bilər. Ancaq biz aldığımız qeyri-rəsmi məlumatlara görə, bu tipli binaların hər birinə bəzilərinə 3 milyon, bəzisinə 5,1 milyon vəsait silinir. Müxtəlif qurumlar, Azneft başda olmaqla, – müxtəlif icra hakimiyyəti qurumlarını dəvət edirlər, vəsait verirlər. O vəsaitlər haradan alınır? Mənbəyi hardandır? Ola bilər ki, burada baş prokurorun dediyində böyük həqiqət ola bilər ki, qeyri-rəsmi mənbələrdən, korrupsiya vəsaitlərindən xərclənən vəsaitlər ola bilər.

Yəni, gözəlləşdirmə xətrinə – hansı küçədən ki, biz fotoreportajlar görürük, jurnalistlər şəkillər paylaşırlar, sosial şəbəkələrdə binanın fasad hissəsi, yəni yola baxan hissəsi – çox gözəldir. Onun həyət hissəsinə heç əl də toxunmayıb. Bu onu göstərir ki, bu korrupsiya elementləridir.

Amerikanın Səsi: Monopolist maraqlar ölkədə texniki və digər təhlükələrin yaranmasına nə qədər şərait yaradır? çünki siz də uzun müddətdir şirkətinizin hətta fiziki təzyiqlərlə istehsal prosersindən və bazardan sıxışdırılmasından danışırsınız?

Nazim Məmmədov: Azərbaycanda bu, yenilik deyil. Yəni bir balaca dövlət resurlarına çıxışları olan insanlar, dövlət vəzifəsində qohumları və yaxud arxasında duran biznes şərikləri olan insanlar müxtəlif yollarla ona rəqabət apara biləcək şirkətləri bazardan çıxarırlar. Bu ticarətdə də, tikintidə də var. Deyək ki, metallurgiyada da var. 2012-ci ildə Baku Steel Company deyilən bir şirkətin sahibi kimi qeyd olunan Rasim Məmmədov qoçu dəstələri vasitəsilə 20-dən çox müəssisəyə basqın təşkil etmişdir. Bizim həm vergi qanunvericiliyi baxımından, həm təhlükəsizlik baxımından, həm də müvafiq dövlət qrumlarından sertifikatlar alıb keyfiyyətli məhsullar buraxmağımıza baxmayaraq, bunlar bizi zorla bazardan çıxarmışlar. Mən qeyd etməliyəm ki, bu insanları biz məsuliyyətə cəlb etmək imkanından məhrumuq.

Amerikanın Səsi: Prezident “Dostluq” parkında villaların uçurulması barədə göstəriş verib. Villaların yalnız istinad divarlarına bir neçə milyon xərcləndiyini bildirib. Amma, dövlət məmurları hələ də gəlirləri barədə bəyannamə təqdim etmir? Münasibətiniz?

Nazim Məmmədov: Dövlət məmurları gəlir bəyannamələrini verməlidir. Biz vətəndaşlar olaraq, ictimaiyyət olaraq hardan bilək ki, bu nazirin və ya bu komitə sədrinin hansı ki, korrupsiyaya qarşı mübarizə qanununa uyğun olaraq hansılar ki, gəlir deklarasiyaları verməlidirlər, bunların biz, ictimaiyyət olaraq gəlir dinamikasına necə baxa bilərik?

Yəni bu elan olunmursa, mən ümid edərəm ki, cənab prezidentin bu müşavirədə səsləndirdiyi fikirlərinə çox böyük hörmətlə yanaşılacaq. Həmin məmurlar bu binaların kimlərə aid olduğu haqda həm cənab prezidentə, həm də ictimaiyyətə məlumat verəcəklər.

Hacıbala Abutalıbovun dilindən eşitmişik ki, bu villaların 5-10 milyon arası qiyməti var. 42 villanın sökülməsi bu, təqribən 210-420 milyon manatın dövriyyədən çıxmasıdır. Bu boyda vəsaiti adi adamlar qazana bilməzdilər, necə ki Hacıbala müəllim deyir.

Bu həmin korrupsiyanı yaradan, monopolistlərin arxasında duran dövlət vəzifələrindən sui istifadə edən, cənab prezidentin etimadından öz məqsədləri üçün istifadə edənlər, öz qohum əqrabalarına iş yerləri açan, dövlət vəasitlərini mənimsəyən məmurlara aiddir.