XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 17:38

“Koronavirusa qarşı vaksinasiyadan imtina etmək risklidir”- Nazirlikdən xəbərdarlıq

Koronavirusa qarşı vaksinasiyadan imtina edən şəxsləri risk gözləyir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur: “Kütləviliyinin təmin olunması üçün əhali arasında peyvəndləmənin aparılmasının vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işlərinin də həyata keçirilməsi nəzərdə tutulur. Xüsusən vaksinasiyadan imtina edən şəxslərin yoluxaraq xəstələnmə riskinin hər zaman qalması izah edilməlidir”.

Vaksinasiyadan sonra xəsəliyin başa çatıb-çatmayacağı məsələsinə münasibət bildirən Baş infeksionist qeyd edib ki, vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır: “Epidemiologiyanın qanunlarına əsasən istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa epidemik proses sönəcəkdir. Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılmasıdır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib.

Pandemiya dövrü biz hava-damcı infeksiyalarından qorunma və gigiyena qaydaları barədə bir çox məlumatlar əldə etdik, müəyyən təcrübə qazandıq. Bu qaydalara gələcəkdə də, xüsusən respirator virus infeksiyalarının mövsümi artımı müşahidə edilən payız-qış fəsillərində əhali tərəfindən əməl olunması arzuolunandır və yoluxma hallarının azalması kimi müsbət təsirlərə səbəb olacağı düşünülür”.

T.Eyvazov deyib ki, geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı peyvəndlər ölkələrin milli peyvənd təqviminə salınır: “Yeni koronovirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması zəruriliyi müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunur və bu məsələnin həllinin zamana ehtiyacı vardır”.