XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 14:53

Alim:“Koronaviruslu xəstələrə düzgün nəzarət üçün onların evdən çıxma səbəbləri araşdırılmalıdır”

“Hər kəsə məlumdur ki, pandemiya ilə birgə keçirdiyimiz 1 ildən artıq zaman çərçivəsində müxtəlif ölkələrdə virusla mübarizə strategiyaları fərqli olsa da, o strategiyaların tətbiq olunduğu mərhələlər eyni idi. Mən də həmişə bildirmişəm ki, pandemiya ilə mübarizənin mərhələsindən asılı olmayaraq tətbiq edilən strategiyanın əsasında 3 vacib amil durur: Xalqın mübarizəsi, dövlətin mübarizəsi və səhiyyə sisteminin mübarizəsi. Bu 3 amil də pandemiya ilə mübarizədə eyni dərəcədə əhəmiyyətlidir və bizim bu gün ölkələrdə gördüyümüz problemlərin səbəbi bu mübarizələrdən ən azı birinin düzgün təşkil edilməməsidir”.

Bunu APA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Alimin sözlərinə görə, son aparılan elmi tədqiqatlar onu göstərir ki, xalqın mübarizəsi düzgün təşkil edilməzsə, dövlətin və səhiyyə sisteminin mübarizəsi nə qədər üst səviyyədə təşkil edilməyindən asılı olmayaraq, virusa qalib gəlməkdən və pandemiyada uğurlu mübarizədən bəhs etmək olmaz: “İnsanların başa düşməsi üçün bir misal da deyə bilərəm. Məsələn, təsəvvür edin ki, hər hansı bir dövlət kifayət qədər infrastruktur qurub və pul ayırıb, səhiyyə sistemi də ən müasir standartlara cavab verəcək şəkildə təşkil edilib və savadlı kadrlarla xəstələrə xidmət göstərir. Amma insanlar deyilənlərə əməl etmir və virusla mübarizənin hətta ən sadə prinsiplərinə belə əməl etmirlər. Belə olduğu halda bu ölkənin virusla mübarizəsinin nəticəsi necə olar? Təbii ki, nəticə fəlakətlə bitər və səhiyyə sisteminin süqutu nəticəsində insanlara tibbi xidmət göstərilə bilməz. Bunun da nəticəsində ölüm sayı pik həddə çatar. Bu kimi hallara da biz zaman-zaman İtaliyada, İspaniyada və Amerikada rast gəldik. Əslində, bu vacib məqam yuxarıda dediyim kimi elmlə də sübut edilib ki, təkcə insanların canlı ünsiyyətləri minimuma endirməsi və kifayət qədər məsafə saxlanılması ilə yayılma sürətinin qarşısı təxminən 80% alınır. Buradan da bir daha görünür ki, xalqın mübarizəsinin düzgün təşkili, xüsusilə də insanların şəxsi məsuliyyəti virusla mübarizədə ən önəmli amildir”.

Koronaviruslu xəstələrə nəzarətlə bağlı həkim bildirib ki, virusa yoluxmuş xəstənin evdən çıxması heç bir halda qəbul edilən deyil, çünki bu, digər insanların sağlamlığına birbaşa zərər vurmaq deməkdir: “Düşünürəm ki, müəyyən qisim insanlar həqiqətən ehtiyac olmadan və özlərinin törətdiyi işin təhlükəsindən xəbərsizcəsinə bunu edirlər. Ümumiyyətlə isə evdə qalmalı olan xəstələrə düzgün nəzarət onların evdən çıxma səbəblərinin düzgün araşdırılmasından başlayır. Mənim fikrimcə, Azərbaycan kimi cəmiyyətlərdə bu üsulla məsələnin həllinə başlanılması digər ölkələrdə tətbiq edilən müasir elektron nəzarətlərdən önəmlidir. Əslində, mən bildirdiyim üsulun bütün ölkələrdə elektron nəzarətlərdən dəfələrlə effektiv olmasını son günlərdə elm adamlarının təklif etdiyi konsepsiyada da – viruslu xəstələrin sayının müddətli olaraq sıfıra endirilməsi – görə bilərik. Konkret olaraq, Almaniya nümunəsinə gəldikdə isə qısa olaraq qeyd edə bilərəm ki, üst səviyyədə təşkil olunan müvafiq səhiyyə qurumlarının bölgələr üzrə xüsusi nəzarəti var. Bunlar nəinki xəstələrə nəzarət edir, eyni zamanda qısa bir müddətdə onların problemlərinin həllinə çalışırlar. Amma bu cür üst səviyyədə təşkil edilmiş səhiyyə qurumları da viruslu xəstələrin sayının müəyyən bir mərhələsində artıq kifayət qədər effektli xidmət göstərə bilməyəcəyini də rəsmi olaraq bildirmişdi. Bu da onu göstərir ki, yuxarıda toxunduğum mövzu, yəni xalqın şəxsi məsuliyyətinə əsaslanan mübarizə çox önəmlidir ki, yoluxma sayları aşağı səviyyədə qalsın və hətta sıfıra ensin. Tam əminliklə deyə bilərəm ki, bu günlərdə o məsuliyyət Azərbaycan üçün o qədər önəmlidir ki, onun nəticəsində peyvəndin tətbiqindən asılı olmayaraq xalqımızın yay aylarını arzuladığı kimi normal keçirib keçirə bilməyəcəyi bəlli olacaq”.