XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 13:48

Ziyalılar icra başçısına qarşı aclıq aksiyasına hazırlaşırlar

Masallıda gərginlik: Ziyalılar icra başçısına qarşı aclıq aksiyasına hazırlaşırlar

Masallı rayonunda bir qrup ziyalı və ictimaiyyət nümayəndəsi iyunun 10-dan aclıq aksiyasına başlayacaq. Onların bu addımı atmasına səbəb Masallı rayonunun icra başçısı Rafil Hüseynovun rayon üçün dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitləri mənimsəməsi, əkinə yararlı torpaqların tikinti sahələrinə çevrilməsi və sakinlərin şikayətlərinə məhəl qoyulmamasıdır.

“Bizim yol” qəzetinin məlumatına görə, mayın 25-də Masallı Ziyalıları İctimai Birliyinin təmsilçiləri mətbuat konfransı da keçirərək, bu barədə prezident İlham Əliyevə, nazirlərə, Milli Məclisin deputatlarına, eləcə də beynəlxalq təşkilatların və ölkələrin Bakıdakı səfirliklərinə müraciət ünvanlayıblar. Şikayətçilərin nümayəndələri dünən Prezident Administrasiyasında da olublar. Onlar şikayətlərini yazılı və şifahi şəkildə məsul şəxslərə çatdırıblar.
İctimai Birliyin sədri Məmmədağa Eynullayev bildirib ki, Masallının təmir-tikinti layihələri üçün ayrılan külli miqdarda dövlət vəsaiti mənimsənilir: “Rayon və kənd əhəmiyyətli təmir-tikinti layihələrinin tenderlərinin hamısının “qalibi” Xudayar Rəhmanov olur. Bu şəxs də icra başçısının yaxın adamıdır. İcra başçısı layihələr üçün nəzərdə tutulmuş dövlət maliyyəsini onun adına keçirməklə mənimsəyir. Yol tikintisi, su, işıq və kanalizasiya xətlərininin tikintisi plana və təlimata uyğun aparılmır. Hətta sənədlərdə kənd yollarına asfalt örtüyünün çəkildiyi göstərilsə də, kəndlərə yol çəkilməyib. Biz bu problemlərlə bağlı icra başçısının qəbulunda olmaq istəmişik. O, şikayətimizi dinləsə də, yenə öz bildiyini eləyir. İcra başçısı bizi – Masallı Ziyalıları İctimai Birliyinin üzvlərini təqib elətdirir, həbslə hədələtdirir. Odur ki, Masallıda insan hüquq və azadlıqları pozulduğu üçün etiraz aksiyasına başlayırıq”.
Ziyalılar rayonda vəziyyətin dözülməz olduğunu, sahibkarların hədələndiyini, rayonun inkişafı üçün ayrılan vəsaitlərin mənimsənildiyini, məktəblərin bərbad vəziyyətdə olduğunu və bütün bu problemlərlə bağlı şikayətlərinin qulaqardına vurulduğunu deyiblər.
Masallı rayonundakı son durumla bağlı musavat.com-a məlumat verən Müsavat Partiyasının Masallı Rayon Təşkilatının sədri Xasay Səfəroğlu bildirdi ki, rayonda vəziyyət gərgindir: “Hələ ki, aclıq aksiyasına başlanılmayıb. Ancaq elan etdikləri kimi iyunun 10-da başlamağı planlaşdırırlar. İnsanlar arasında ənənəvi narazılıq şübhəsiz ki, mövcuddur. Yəqin ki, etiraz aksiyasının rezonansı olacaq. Bundan başqa məsələyə qarşı tərəfin reaksiyası da çox önəmlidir. Yenə də təzyiq vasitəsini seçəcəklər, yoxsa problemləri həll etməyə çalışacaqlar? Bunu yaxın günlərdə yəqin ki, müşahidə edəcəyik”.
Xasay Səfəroğlu da təsdiqlədi ki, Masallı Ziyalıları İctimai Birliyinin səsləndirdiyi problemlər Masallıda mövcuddur, hətta deyilənlərdən daha da artıqdır: “İllərdir ki, Müsavat Partiyası olaraq, biz də bu qüsurları səsləndirmişik. Xüsusən də son 3 ildə əvvəldən mövcud olan problemlərə yeniləri əlavə olunub. Hər zamankı kimi görülən işlərə ictimai nəzarət və şəffaflıq prinsipi demək olar ki, yox səviyyəsindədir. Xərclənən vəsaitlərlə müqayisədə görülən işlərin də keyfiyyəti çox aşağıdır. Vəziyyət pisləşdikcə maddi mənimsəmələr də ona uyğun artır. İstər çəkilən yollarda, istərsə də təmir-tikinti sahəsində keyfiyyətsizlik diqqət çəkir. İcra başçısı Rafil Hüseynov gələndən bəri başladığı “kanalizasiya əməliyyatı” 3 ildən çoxdur ki, bitmək bilmir. Təkcə bu “əməliyyat” üzündən Masallının yolları qazılıb, bərbad hala salınıb və şəxsi avtomobilləri olan vətəndaşlara minlərlə manat zərər dəyir, insanların piyada hərəkətinə əngəllər yaranır. Bütün bunların kökündə vətəndaşa hörmətsizlik durur. çəkilən yolların bir müddət sonra yenidən qazılması adi hala çevrilib. Bu da işlərin plansız və səriştəsiz aparıldığını təsdiq edir”.
X.Səfəroğlu bildirdi ki, bütün bunlar azmış kimi son günlər başqa bir problem də peyda olub: “Məlum “poliuretan” siyasətinin saxta gözəllikləri Masallıdan da yan keçməyib. üzlənən binalar artıq sökülməyə başlayıb. Sərf olunmuş xərclər haqqında isə danışan yoxdur. Bu baxımdan Masallı Ziyalıları İctimai Birliyinin qaldırdığı problemləri haqlı bilirəm”.
Müsahibimiz bildirdi ki, o, bu işlərə nəzarət etməli olan aidiyyatı qurumların R.Hüseynovun özbaşınalıqlarından xəbərsiz olduğuna da inanmır: “Mən Ziyalılar Birliyinin müraciət etdikləri instansiyaların və bu işlərin görülməsinə cavabdeh olan yuxarı orqanların vəziyyətdən xəbərsiz olduqları qənaətində deyiləm. Birliyin üzvləri bundan əvvəl də bu tip problemlər ucbatından son vasitə kimi aclıq aksiyası keçirmişdilər. Yerli hakimiyyət problemi dinləyib, həll etmək əvəzinə birliyin üzvlərini təqib etməyə, müxtəlif təzyiq vasitələrindən istifadə etməklə problemi “həll etməyə” qalxmışdılar. Bu isə nəinki effektli metod, əksinə hətta vəziyyətin bir az da çətinləşdirilməsi deməkdir. Hesab edirəm ki, deyilən problemlərin həlli mümkündür. Yetər ki, vətəndaşa hörmətlə yanaşılsın”.