XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 11:25

Fəhlələri qanunsuz işlədən sahibkarlarla bağlı Baş Prokurorluğa müraciət edilib- Hesabat

Ötən il Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən hesabat ilində tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 18 monitorinq həyata keçirilib və bunlardan 11 monitorinqdə pozuntu halı aşkar edilib.

“Report” xəbər verir ki, bu, Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, monitorinqlər zamanı 776 nəfər işçi yoxlanılıb və bu işçilərdən 67 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib. Monitorinq olunan işəgötürənlər üzrə qeyri-formal məşğulluq səviyyəsi 8,6% olub.

Müqavilə ilə çalışan 709 işçidən 5 nəfərin işəgötürənlə əmək münasibətinin xidməti (mülki) müqavilə əsasında rəsmiləşdirildiyi aşkar edilib. Yoxlanılan işçilərin 49 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən olunub.

2020-ci il ərzində işəgötürənlər (Bakı şəhərində 2016-cı ildən sonrakı dövrdə tikintisinə başlanılan tikinti obyektlərinin inşasını həyata keçirən) üzrə 83 577 əmək müqaviləsi imzalanıb və bunlardan 27 450 əmək müqaviləsi hazırda qüvvədədir. Hesabat dövründə Monitorinq Mərkəzi tərəfindən keçirilən 18 səyyar monitorinqin hər birindən sonra yalnız monitorinq edilən işəgötürənlər üzrə 54 669 əmək müqaviləsi imzalanmıb və bunlardan 17 144 əmək müqaviləsi hazırda qüvvədədir.

Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müsbət dəyişikliklər müşahidə edilməkdədir. Belə ki, monitorinqlər keçirilməyə başlanıldığı dövrdə tikinti obyektlərinin inşası ilə məşğul olan işçilərin təqribi olaraq 33,8%-i əmək müqaviləsi bağlanmadan çalışırdısa, hazırda bu göstərici 13,4%-ə qədər azalıb.

Qeyd edək ki, ötən 4 ilə yaxın müddət ərzində Bakı şəhərində tikinti obyektlərinin inşası ilə məşğul olan podratçı şirkətlərin malik olduğu əmək müqaviləsi sayında 2 dəfəyə yaxın artım qeydə alınıb. Belə ki, Monitorinq Mərkəzinin yaradıldığı dövrdə bir podratçı şirkət orta hesabla 35 əmək müqaviləsinə malik idisə, hesabat ilinin sonuna bu göstərici 66 əmək müqaviləsinə qədər yüksəlib.

Keçirilmiş monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az şəxsi işə cəlb etmə ilə bağlı 18 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Ümumilikdə 12-si hüquqi, 6-sı isə fiziki şəxs olmaqla 18 işəgötürəndən 4 işəgötürən barədə inzibati xəta faktı təsdiq edilib. Bu faktlar üzrə 3 000 manat həcmində inzibati cərimə tətbiq edilib. Əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı ümumilikdə 1 işəgötürən üzrə pozuntu halı qeydə alınmış və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Baş Prokurorluğa göndərilib. 2020-ci il ərzində Monitorinq Mərkəzi tərəfindən 38 tikinti obyektində (Bakı şəhərində 29, Sumqayıt şəhərində 6, Abşeron rayonunda isə 3 tikinti obyektində) işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirilib. Görüşlər zamanı sahibkarlarla qeyri-formal məşğulluğu doğuran səbəblər müzakirə edilib, bu istiqamətdə tövsiyələr verilmiş, müxtəlif məlumatlandırıcı bukletlər və nəşrlər paylanılıb.

Xatırladaq ki, Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi “Tikinti sahəsində qeyri-formal əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının icrası ilə əlaqədar yaradılıb və əsas məqsədi Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri-formal əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlərin həyata keçirilməsindən və nəzarət fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.