Fevralın 13-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
MM-dən verilən məlumata görə, komitə sədri Musa Quliyev iclası açaraq bildirib ki, gündəliyə birinci oxunuşda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi daxil edilib.
Komitə sədri diqqətə çatdırıb ki, Məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır. Qeyd edilib ki, Azərbaycanda rəsmi statistikaya əsasən 600 min nəfər qeyri-rəsmi çalışan işçi var. Bu, həmin insanların əmək, istirahət, digər sosial təminat münasibətlərinə, habelə pensiya təminati məsələlərinə mənfi təsir göstərir.
Vətəndaşların işlə təmin edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, onların sosial müdafiəsi məsələsi gücləndirilməlidir.
Layihə barədə məlumat verən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qeyd edib ki, Azərbaycan Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.2-ci bəndinə əsasən vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma məqsədilə əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınmasını təmin etmək üçün Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Mülki Məcəllədə və digər normativ hüquqi aktlarda dəyişikliklər nəzərdə tutulub. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma və əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması ilə əlaqədardır.