Nazirlər Kabineti “Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə” qərarında dəyişiklik edib.

Strateq.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, bundan sonra işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə biləcək.

Qeyd edək ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirən işçilərin əmək haqqı pul və ya natura formasında ödənilə bilər.

Əməyin natura formasında (məhsulla) qiymətləndirilməsi qaydası tətbiq edildikdə, iş norması yerinə yetirilən hər gün üçün işçilərə müqavilədə nəzərdə tutulmuş məhsul (naturada) ödənilməlidir. İstehsal zərurətindən asılı olaraq tərəflərin razılığı əsasında işçilərə pul ifadəsi ilə hesablanmış əmək haqqının natura (məhsul) şəklində ödənilməsi məqsədəuyğun hesab edildikdə, həmin məhsulların qiymətləndirilməsi hər iki tərəfin birgə razılığı əsasında bazarlarda olan orta pərakəndə satış qiymətləri ilə müəyyənləşdirilməlidir.

Bu halda vaxtı keçmiş, köhnəlmiş və zay məhsulun bölgüyə cəlb edilməsinə və natura şəklində verilməsinə yol verilməməlidir. Əməyin pul və yaxud natura şəklində (məhsulla) ödənilməsi və yaxud il ərzində tərəflərin razılığına əsasən pul ilə hesablanmış əmək haqqının əvəzinə natura şəklində məhsul verilməsinə dair razılaşmalar (qayda və şərtlər) əmək kollektivinin razılığına əsasən müəssisənin həmkarlar ittifaqları təşkilatı ilə işəgötürən arasında müəyyənləşdirilə bilər.

Daha çox

© 2021 Strateq.Az