XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2021 - 15:30

Ardıclılar Qarabağda “ağıllı kənd” salmaq istəyirlər –Kənd həyatında rəqəmsallığın və sensorluğun əhəmiyyəti

Elşən NƏSİBOV,

Siyasətşünas-alim, yazıçı-publisist,

“ARDIC” Hərəkatının qurucusu

 

Ölkəmizin rəhbəri yeni bir fikirlə, təzə bir  ideya ilə çıxış etdi. Bəyan etdi ki, işğaldan azad olunmuş Qarabağ bölgəsində şəhərlər və kəndlər yeni modellərlə, həm də daha müasir üsullarla, tam yeni standartlarla, formalarla salınacaq. Bu modellər “ağıllı şəhər” (“smart city”) və “ağıllı kənd” (“smart village”) layihələridir.

“Ağıllı layihələr”, adətən, daha çox ölçülüb-biçilmiş və analitik məzmuna malik olan təsvirin həkk olunmasıdır. Belə layihələrdə maksimum keyfiyyət standartları nəzərə alınır. Keyfiyyət və kəmiyyət əmsalı bir-birini tamamlayır. Keyfiyyət kəmiyyətdən və sürətdən meydana gəlir. Keyfiyyət faydalı istifadə və yararlı olmaq amillərini və şərtlərini özündə ehtiva edir.

“Ağıllı layihələr”də əsas prinsiplər o olmalıdır ki, müasir layihələrin tərkib elementləri bir-birini proseslərin bütün mərhələlərində tamamlamalıdır. Proseslər sintez və anliz üsulu ilə bir-birilərini rəvan şəkildə əvəzləməli, asan və yumşaq keçidlər olmalıdır. İnfrastruktur, əlaqə şəbəkələri obyektləri daha da səmərəli xətlərlə, qısa və daha tez keyfiyyətlərin əldə olunması və bu istiqamətdə rəvan yollarla bağlamalıdır.

“Ağıllı kəndlər”də zaman, məkan, şərait, vəsait, məhsuldar qüvvələr bir-birini sürətlə və rəvan şəkildə şərtləndirir. Proseslərin ardıcıllığı və informasiya texnologiyalarına tabe etdirilməsi onun faydalılığını sübuta yetirən şərtləri və şəraitləri özündə ehtiva edir.

“Ağıllı kəndlər”də təsərrüfat sahələri, mal-qara, quşçuluq və heyvandarlıq obyektləri, eləcə də həyətyanı sahələr elə sintez olunmalıdır ki, insanlar, əmək fəaliyyəti ilə məşğul olanlar öz sağlamlıqlarını qoruya bilsinlər. Yoluxucu xəstəliklərdən sığortalana bilsinlər. Bu yöndə həm də kəndlərə yüksək tibbi xidmət obyektləri, laboratoriyalar və həkimlər, xidmətçilər lazım olmalıdır. Tibbi  ali və orta ixtisas  məktəbləri bu yöndə ciddi kadr, tibbi personal hazırlığını həyata keçirməlidir. Tətbiq olunacaq tibbi sığorta sistemini elə etmək lazımdır ki,  kəndlərdə yaşayanlar və onlara tibbi xidmt göstərən heyət yüksək səviyyədə faydalana bilsin. Yəni, kəndli dövlət tərəfindən elə sığortalanmalıdır ki, bir tərəfdən yaxşı müalicəsi üçün imkanlar qazanmış olsun, digər tərəfdən də ona xidmətlər göstərən həkim kollektivi, tibbi xidmət razı qalsın. Hər iki tərəf kəndlərdə yaşaya-yaşaya yüksək səviyyədə təmin olunsun və həyatdan zövq alsın. Kənd müəllimi, uşaq tərbiyəçisi də kənddəki həyata təbii olaraq cəlb olunmalıdır. Kəndin digər ziyalı təbəqələri də kəndin mənbəyi, kəndin dəyərləri hesabına öz yaşadıqları həyatdan zövq almalıdır. Ümumiyyətlə, kənddə həyatı elə qurmaq lazımdır ki, orada yaşayan insanlar şəhər insanlarından öz sosial vəziyyətlərinə görə fərqlənməsin. Əksinə, kənd əhalisi bir çox güzəştlərdən, məsələn, kredit güzəştlərindən istifadə etməlidir.

“Ağıllı kənd” layihəsi ümumiyyətlə kompleks layihədir. Burada istehsaldan tutmuş, bazara və xidmətlərə qədər hər bir məqam detalları, təfərrüatları ilə işlənməlidir. Bu məcmu sahələr rəvan şəkildə bir-birinə uyğun olmalıdır. Proseslər ardıcıl olmalıdır.

“Ağıllı kəndlər” ilin bütün fəsillərinə qarşı davamlı və dayanıqlı, tədarüklü olmalıdırlar. Bu baxımdan da kəndlərdə ümumi və fərdi bazalar, anbarlar, logistik mərkəzlər tiklilməlidir. Çöl yığım məhsulunun, eləcə də ev dirrik (bostan) məhsulunun ehtiyatı, bölüşdürlməsi və istifadəsi prinsipləri, norma və qaydaları müəyyən olunmalıdır. Kəndin əmək məhsuldarlığı hesabına məhsulun artımı, bazarlarda daha çox yer tutması şərtləri genişlənməli və kəmiyyəti, sayı artmalıdır. Kənd iqtisadiyyatı təhlili mərkəzləri öz işlərini görməlidir. Bu təhlillər əlaqəli şəkildə fəsillərə uyğun öz metodik vəsaitlərini işləyib hazırlamalı, plan və proqnozları müəyyən etməlidir. “Ağıllı kənd” strategiyası elmlə qurulan, elmlə və təhsillə, tədrislə, həmçinin təcrübə ilə  idarə olunan konsepsiyaya çevrilməlidir.

Kənd təsərrüfatının texnikasından əlverişli istifadə üsulları tətbiq olunmalıdır. Bir çox hallarda distant idarə olunan texnikaların imkanlarından yararlanmalıdır. Robototexnikadan istifadə etməklə yanacağa qənaət edilməlidir. “Az məsrəflər-çox qazanclar” strategiyasına üstünlük verilməlidir.

“Ağıllı kəndlər”də  vəsaitləri hesabına özünü saxlama (gəlirlərinə və xərclərinə görə), özünü qoruma ciddi şəkildə düşünülməlidir. Kənd büdcəsi, icma büdcəsi formalaşmalıdır. İcma fondları yaradılmalıdır. Kəndin çətin və fövqəladə günlərində həmin vəsaitlərin istifadəsi məsələsi gündəliyə gəlməlidir. Kənd icması xeyriyyə fondlarının vəsaitləri başlıca olaraq pul vəsaitindən və məhsullardan ibarət olmalıdır. Bu baxımdan da məhsul bazaları təşkil olunmalı və kəndin çətin durumunda həmin bazalar istifadəyə yönləndirilməlidir. Kəndlər arasında da xeyriyyəçilk əlaqələri təşkil olunmalıdır. “Xeyriyyəçi kəndlər” , “Donor kəndlər” formalaşdırılmalıdır. Bu baxımdan da zəngin və varlı kəndləri formalaşdırmaq  “ağıllı kəndlər”in əsas strateji hədəflərinə çevrilməlidir. “Ağıllı kəndlər” öz potensialları hesabına regionun, bölgənin müəyyən iqtisadi yüklərini öz çiyinlərində daşımalıdır.   

“Ağıllı kəndlər”də informasiya texnologiyaları düşüncələri idarə edir. Düşüncələrlə informasiya texnologiyaları proqramlaşdırılır. Müəyyən lazımi formulalar və standartlar tətbiq olunur. Uzaqdan idarə olunan texnoloji vasitələrdən istifadə olunur. Bu baxımdan da kəndlərdə yaşayan mütəxəssislərin texnika ilə davranış dilləri mükəmməl şəkildə mənimsənilir. Bu yöndə obyektlər arasında ağıllı, dşünülmüş əlaqələr qurulur. “Ağıllı kəndlər”də girəcəklərdə, mərkəzlərdə və digər mühüm obyektlərdə “touch screen”, yəni ekrana əl ilə toxunmaqla məlumat lövhələrinin açılması, metodları quraşdırılmalıdır. Kəndə qonaq və turist kimi gələn şəxslər dərhal yerindəcə dolğun informasiyalar əldə etməlidir. Kəndin bütün obyektləri, onların məsafələri və koordinatları barədə dolğun məlumatlar əksini tapmalıdır, cəmləşməlidir. “Touch screen  tabloları” kəndin audio-vizual  şəkilli  informasiya bazasını özündə əks etdirməlidir. Bu lövhələrdə, ekranlarda kənd barədə, onun təbiəti haqqında  canlı lövhələr  quraşdırılmalıdır.

Cansız vasitələrin idraka, düşüncələrə və qavrayışa tabe etdirilməsi və istifadənin yönləndirilməsi, bununla da prosesin axarının müəyyən olunması, koordinasiya ilə hərəkətlərin rasional əsaslarla müəyyən edilməsi ağıllı proseslərin şərtlərini təşkil edir. Ağıllı proseslərə zamandan əlverişli istifadə-qısa zamanda böyük işlər görmək, başlanğıc və nəticə, son  arasında məsafəni qısaltmaq və maksimum faydalar götürmək kimi şərtlər aid oluna bilir. Ağıllı proseslər həm də ondan ibarət olur ki, bu proseslər kənar müdaxilələr olduqda belə özünün idarəçiliyini, müstəqilliyini saxlayır. Özünü qoruya bilir və davamlılığı şərtləndirmək imkanlarına malik ola bilir. Ağıllı proseslər daha müstəqil, daha keyfiyyətli və dayanıqlı proseslərdir. Özünün immuniteti olan ardıcıl və faydalar verən  proseslərdir.

Ümumiyyətlə, qəbul etmək lazımdır ki, Qarabağın infrastrukturu və yaşayış məskənləri yenidən, sıfırdan qurulacaq. Regionda yeni nəsil texnologiyanı, məsələn, G-5-i özündə əks etdirən texnoloji mühiti şərtləndirən  “Smart Qarabağ” təşkil olunacaq. Regionda yaşayış məskənləri üçün çılpaq landşaftlar yeni standartların tətbiqini şərtləndirir. Bu baxımdan da boş ərazilərdə salınacaq yaşayış məskənlərində yeni-yeni modelləri tətbiq etmək asandır. Ona görə ki, maneedici elementlər, rekonstruksiyaya ehtiyacı olan elementlər, demək olar, yoxdur, yaxud da cüzi bir hissəni təşkil edir. Yaşayış evləri arasında olan əlaqələr, ara yollar, yaşayış massivləri arasındakı əlaqələr, bir sözlə yaşayış məskənləri, evlər və obyektlər, təsərrüfat sahələri və obyektləri  arasında olan bağlılıq yeni tələblərlə, yeni keyfiyyət standartları ilə  formalaşdırılır. Bu bağlılıqda informasiya texnologiyaları və tələb  olunan standartlar böyük önəm və şərt kimi əhəmiyyət kəsb edir. İnformasiya texnologiyalarından faydalı istifadə, texnoloji vasitələrdən yüksək səviyyədə yararlanmaq zamanın nəbzini tutmaq deməkdir. Zamanın informasiya texnologiyalarının məkana və vasitələrə tətbiqi arasında olan tarazlığın, harmoniyanın və davamlılığın tətbiqi əlverişli imkanlardan öz zamanında faydalanmaq mənasını verir. Bu da özlüyündə zamanında qazanclar əldə etmək imkanlarını gerçəkləşdirir. Zamanında qazanılmış faydalar insan həyatının öz zamanında keyfiyyət tələbatlarını ödəməyə imkan verir.

Layihələndirilmiş modellərlə, formalarla düşünülmüş, ardıcıl və paralel şəbəkələri özündə ehtiva edən yaşayış məskənini salmaq olar. Məlumdur ki, layihələrdə hərəkətləri özündə ehtiva edən detallar mövcuddur. Lahiyələrin tərkibini təşkil edən elementlər məhz öz aralarında olan əlaqə və münasibətləri trayektorik əsaslarla müəyyən edir. Layihələr passiv mənzərə olmaqla, xəyali, vizual hərəkətləri özündə daşıyır. Layihələrin tətbiqi, elementlərin (subyektlərin, obyektlərin real mənzərədə həkk olunması) layihələrin canlanmasını özündə ehtiva edir. Burada əsas məsələ layihələrin canlandırılması, real mənzərələrə həkk olunması zamanı ağllı düşünülmüş rabitənin, əlaqənin qurulmasından ibarətdir. Ardıcıllıq, paralellik və tamamlama, həmçinin şərtləndirilmə düşünlümüş layihələrin faydalı icrası üçün mühüm əhəmiyyət kəsb edir.

Belə bir fikir bildirmək olar: Qarabağda “smart Ardıc kəndi”ni salmaq olarmı?  Ümumiyyətlə, “ağıllı kənd” deyəndə əlavə olaraq  nəyi başa düşmək olar?

Bəli, Qarabağın səfalı, dilbər guşələrinin birində, münbit və bolsulu ərazisində   yeni bir kəndi –“Smart Ardıcı”- salmaq olar. Bunun üçün vaxtilə Ermənistandan qaçqın düşmüş Quqark (Qarakilsə) rayonunun Ardıc kəndinin Azərbaycanda və xarici ölkələrdə məskunlaşmış əhali potensialı, elmi və təhsil imkanları yetərlidir. Kənd Qarabağa köçüb yeni bir icma halında yaşamağı qarşısına məqsəd qoyub. Ardıc sakinlərinin kənd və şəhər yaşayış tiplərində yaşamaq vərdişləri və qazandıqları nailiyyətlər onu deməyə əsas verir ki, yeni üsullarla, gənclərin və orta yaşlı insanların  potensialı hesabına “ağıllı Ardıcı”- özünə və ölkəyə fayda verən yaşayış məskənini salmaq mümkündür. Həm də istəklər və kənddə yaşamaq həvəsi onu deməyə əsas verir.

Məncə, “ağıllı kənd” əvvəlcə də qeyd olunduğu kimi, mövcud vəsaitlərin informasiya texnologiyalarından istifadə etməklə, rasional qaydada, elmi-nəzəri və elmi-praktiki qaydalarla, düşüncələrlə idarə olunmasıdır. İlk növbədə cansız aləmi, canısz ünsürləri və vasitələri  canlının şüuruna, riyazi təfəkkürünə tabe etməkdir. Vəsaitlərə ehtiyatla, qənaətlə, eləcə də məhsulların realizəsinə tələb və təklif əsasında, balansın və dinamik  və statistik artımın hesabına balansı saxlamaqla  yeni metodlarla yanaşmaqdır. “Ağıllı kənd”lərdə açıq cəmiyyətlər, birgə təsərrüfatlar  formalaşmalıdır. “Bərk hasarlar”, “Keçilməz çəpərlər” vərdişlərindən, konstruksiyalarından  imtina olunmalıdır. İnsanlar fərdi və kollektiv olaraq bir-birilərinə sıx yaxınlaşmalıdırlar, sosial ünsiyyət sferalarını təşkil etməlidirlər. Kəndin sosial müstəvisi, sosial sferası açıq, səmimi, saf və təmiz olmalıdır. İnsanlar təbiətlə ahəngdə geniş məkanlarda yaşamalıdır.  “Ağıllı kənd” asan idarə olunan, özündə sadəliyi və mürəkkəbliyi, çalarlığı daşıyan  yaşayış məskəninə çevrilməlidir. Çeviklik, operativlik, təmizlik, inam və etibarlılıq, güvənlik əsas sosial kriteriyalar, etalonlar, dəyərlər rolunu oynamalıdır. Kəndin idarəçiliyində “asan inzibatçılıq” prinsipi özünü göstərməlidir. Həmçinin yüksək texnoloji vasitələrdən səmərəli istifadə olunmaqla “asan  həyat” nailiyyətləri və vərdişləri əldə edilməlidir. “Ağıllı kəndlər”də ağır zəhmətdən yüngül zəhmətə keçidlə daha çox məhsul əldə etmək yolları işlənib haızrlanır və proseslərə təhlili yanaşılır, nətiəclər çıxarılır. “Ağıllı kəndlər”də mədəniyyət, incəsənət, ədəbiyyat və sosial tələblər üçün lazımi sahələr və strukturlar təşkil olunur. Eləcə də kəndin ictimai təşkilatlanması həyata keçirilir. Kəndlərdə konfrans zalları, işgüzarlıq mərkəzləri, dərnəklər, klublar, kitabxanalar (səyyar və oturaq kitabxanalar) təşkil olunur. Sosial məşğuliyyət özünü maddi-fiziki məşğuliyyətlə ahəngləşmiş qaydada tamamlayır. Bu da insanın, kənd əhalisinin, kənd fərdinin şəxsiyyət kimi yetişməsinə səbəb olur.  Kəndli həm yaşadığı həyatdan zövq alır, həm də özünü dərk edir və təsdiqləyir. Kənddə yaşamaq keyfiyyət nişanına, etiketinə çevrilir.

“Ağıllı” kəndlərdə yaşayış sahələrinin, obyektlərin və infrastrukturun ahənglə, harmoniya ilə qurulması, obyektlərin sistemli qaydada təşkil olunması nizamlılığı yaradır. Bu da özlüyündə estetik zövqü, xoş mənzərəni  meydana gətirir. Nəticədə məkanda göz oxşayan, sadə və zövqlü yaşayış məskəninin formalaşması prosesləri baş verir. Kəndli və qonaq məkandan xüsusi zövq alır və həyat tərzindən, istirahətdən xoşlanır. Bunun sayəsində kəndli öz məkanına bağlanmış olur. Kəndlərdə həyat ardıcıl qaydada, irsi şəkildə davam edir. Həyat tərzinin rəngarəngliyi sayəsində kəndlinin şəxsiyyəti  tamamlanır. Kəndli öz xoşbəxtliyini öz məkanında tapa bilir.  “Ağıllı kəndlər” də təsərrüfat sahələri, təbiətin öz gözəlliyi, fauna aləminin və flora mühitinin vəhdəti estetik mənzərə yaradan mühiti meydana gətirir.

“Ağıllı kənd” dedikdə, daha nələri başa düşmək olar? “Ağıllı kəndi” şərtləndirən amillərə  əlavə şərtlər və kriteriyalar olaraq  hansıları aid etmək olar:

– ilk növbədə yaşayış üçün lazımi şəraitin yaradılması və təkmil proseslərin, informasiya ilə idarə olunan texnologiyaya söykənən təsərrüfat fəaliyyətinin və aktlar, proseslər, əmək fəaliyyəti  zəncirinin təşkili. Burada insan yaşayışı üçün münasib evlərin, həyətyanı sahələrin təşkili nəzərdə tutulmalıdır. Eləcə də insanın  özünü həm şəhərdəki kimi, həm də kənd elementi, subyekti kimi hiss etməsi üçün bütün lazımi proseslər tənzimlənməlidir. Obyektlər, evlər, sahələr fərdin yüksək səviyyədə təminatı işinə xidmət göstərməlidir.   Fərd üçün, şəxsiyyətin yetişməsi üçün kənd sosial bir  toplum rolunu oynamalıdır. İnsanı yetişdirən amillərin hamısı kənddə formalaşdırılmalıdır. Bu baxımdan da təhsil-tədris mərkəzləri, mədəniyyət və incəsənət, ədəbiyyat məkanları, obyektləri təşkil olunmalıdır. Kənd öz mühiti ilə tamamilə  informasiya texnologiyaları vasitəsilə həyatın bütün sahələrinə qovuşmaq, inteqrasiya etmək, özündə sintez etmək   imkanları əldə etməlidir. Fərd özünü  kənddə dolğun, tam hiss etməlidir, həyatdan zövq almalıdır. Kənd sivilizasiya mərkəzlərindən, məsələn, şəhərlərdən təcrid olunmuş halda yaşamamalıdır. Şəhərin nailiyyətləri dərhal özünü kəndlərdə də göstərməlidir.

– “Asan kənd” layihəsi tətbiq olunmalıdır. Adından da göründüyü kimi həyat kənddə asanlaşmalıdır. Olduqca  sadələşməlidir. Bir neçə kəndi əhatə edən mərkəzləşmiş, regional “Asan xidmət”lər yaradılmalıdır. Mobil “Asan xidmət” vasitələri öz fəaliyyətlərini təşkil etməlidir.  Dövlət müəssisələrinə, xidmət sahələrinə müraciət  prosedurları olduqca asanlaşmalıdır və bürokratik əngəllər aradan qalxmalıdır.  Ödənişlər sistemi üçün operativ texniki əməliyyat vasitələri  (ödəniş terminalları) quraşdırılmalıdır. “Asan vergi” sistemi tətbiq olunmalıdır. “Elektronlaşmış kənd” tipləri təşkil olunmalıdır. Təsərrüfatlarla, fermalarla yaşayış evləri arasında vizual  görüntü sistemi təşkil olunmalıdır. Kəndli öz təsərrüfatına və fermasına “asan nəzarət” sistemi ilə müşahidələr aparmalıdır.

– Aqrotexniki sistem yaradılmalıdır. Kollektivləşmiş, mərkəzləşmiş kənd təsərrüfatı texnikası  qrupu formalaşmalıdır.  Mexanizatorlardan birgə istifadə qaydaları müəyyən olunmalıdır.   Robototexnikalardan, distant idarə olunan texnikalardan əlverişli qaydada istifadə olunmalıdır. “Ağıllı kəndlər”-də məhsul istehsalının ardıcıllığı təmin olunmalıdır. Bunun üçün məhsuldar qüvvələrdən və texnikadan yüksək səviyyədə istifadə olunmalıdır.

– Modul tipli emal  sənaye müəssisələri yaradılmalıdır. Yaxın kəndləri əhatə edən regional  sənaye müəssisələri formalaşmalıdır. Kəndlinin məhsulu dərhal, öz vaxtında  bazara çıxmalıdır. Kəndlərin etiketləri, nişanları ilə öz məhsulları istehlakçılar və istehsalçılar arasında tanınmalıdır. Kəndlər arasında keyfiyyətli məhsul uğrunda rəqabət mübarizəsi həyata keçməlidir.  Kəndlərin özlərində kiçik emal müəssisələri təşkil olunmalıdır. Kənd məhsullarının qablaşdırılması prosesləri təkmil formada həyata keçməlidir. “Ağıllı kəndlər”in məhsul markaları qorunub saxlanılmalı və keyfiyyət nişanları daha da təkmilləşməlidir.

– “Ağıllı kəndlər”in elektrik və rabitə xətləri yüksək səviyyədə təşkil olunmalıdır. Operativ əlaqələrin qurulması başlıca strategiyanı təşkil etməlidir.  Fövqəladə hallarda  “Elektriklə yerli təminat” funksiyası dərhal işə düşməlidir. Yerli mənbələr mühüm rola malik olmalıdır. “Sağlam stansiya”lar sistemi və şəbəkələrinə önəm verilməlidir. Mobil rabitə şəbəkələrinin işi təkmilləşməlidir. Güzəştli mobil rabitə xidməti təşkil olunmalıdır.

– “Ağıllı kəndlər”də yaşayanlar üçün regional kilinikalar və farmasevtik mərkəzlər yaradılmalıdır. “Asan müalicə” sistemləri və şəbəkələri formalaşmalıdır. Kəndlərdə tibbi məntəqələr,  həmçinin baytar həkim punktları təşkil olunmalıdır. Yüksək ixtisaslı kadrlar cəlb olunmalıdır. Kənd aqronomiyasının fəaliyyəti güclənməlidir,  ixtisaslaşmış kənd tipləri yaradılmalıdır. Kəndin, rayonun həkimi öz iş şəraiti etibarilə şəhərdəkindən kəskin fərqlənməməlidir. Bu baxımdan “yerində tibbi xidmət” strategiyası işlənib hazırlanmalıdır.  Bu strategiya kənd və rayon əhalisinə yüksək standartlarla xidmətləri əsas götürməlidir.

– “Ağıllı kəndlər”də yaşayanlar üçün “vahid regional  təhsil kompleksi” strategiyası təşkil olunmalıdır. Bu  kompleksin içərisində ibtidai və orta təhsildən tutmuş orta ixtisas, peşə və ali təhsil müəssisələri əhatə olunmalıdır. “Region üçün kadr”, “Kənd təsərrüfatı üçün kadr”, “Region üçün peşə”, “Kənd təsərrüfatı üçün peşə” strategiyaları əlverişli qaydada işlənib hazırlanmalı və tətbiq edilməlidir.

“Ağıllı kəndlər”də mədəniyyət, incəsənət və ədəbiyyat sahələri, strukturları təşkil edilməlidir. Kəndlinin məişət, sosial və mədəni həyatı bir-birini tamamlamalı və tarazlı, ahəngli  ruhu özündə daşımalıdır. Kəndlərdə müxtəlif mədəniyyət, ədəbiyyat dərnəkləri insanların bədii-estetik zövqlərinin zənginləşməsinə  xidmət etməlidir. Kəndlinin əməyi onun istirahəti və sağlamlığı  ilə tamamlanmalıdır. Nəticədə yetkin, bitkin, tamamlanmış kəndli obrazı, nümunəsi yetişməlidir.

“Ağıllı Ardıc” kəndi üçün də bu kimi mərkəzlər və infrastrukturları təşkil etmək olar.

İnşallah, qismət olsa, Qarabağda “Ağıllı kənd layihəsi” çərçivəsində Ardıc kəndi salınsa, bu kənddə tarixlə müasirliyin, köhnəliklə yeniliyin harmoniyasını yaratmaq olar. Evləri enli küçələrlə, sıra ilə, yeni və bənzər layihələrlə tikmək olar. Sadə və mürəkkəb memarlığın vəhdəti ilə yeni bir kənd ruhunu, görünüşünü ortaya qoymaq mümkündür. Kənd dizaynında və memarlığında  Ardıc elementlərini həkk etmək olar. Sistemli, nizamlı infrastruktur təşkil oluna  bilər. Ardıc kəndini öz memarlığı, dizaynı və landşaftı ilə gözoxşayan ekzotik bir məskənə, cəzbedici kənd-qəsəbəyə çevirmək olar. Hesab etmək olar  ki, mindən yuxarı ailə məskunlaşa bilər. Kənddə-qəsəbədə şəhər elementlərini də əks etdirmək olar.  Şəhər elementlərini tərzində göstərmək olar.

“Ağıllı Ardıc” layihəsi ilə, rasional düşüncələrlə, analitik prinsiplərlə bu kimi obyektlərin inşasını təmin etmək olar:

– kənd təsərrüfatı məhsulları üçün anbarlar, logistika mərkəzləri;

– kiçik ticarət, əyləncə mərkəzləri – Mallar;

– mərkəzi məskənin (mərkəzi küçələrin, ticarət mərkəzlərinin) salınması, mərkəzi parkın təşkili, heykəllərin ucaldılması; muzeyin təşkili;

– idman zallarının, idman komplekslərinin və meydançaların təşkili;

– incəsənət mərkəzlərinin təşkili, o cümlədən mədəniyyət evinin, onun içində musiqi dərnəklərinin təşkili;

– teatrın yaradılması, dərnəklərin təşkili;

– şadlıq sarayının və yas mərasimlərinin təşkili;

– gənclər mərkəzinin təşkili;

– təqaüdçülər klubunun təşkili;

– kitabxananın təşkili-oturaq və səyyar formalı kitabxananın yaradılması;

– müasir tələblərə cavab verən məktəbin və uşaq bağçasının tikintisi;

– poliklinika və kiçik klinikanın təşkili;

– tədris-elm mərkəzinin yaradılması;

-ticarət dükanlarının təşkili;

-hotel və motellərin təşkili-turistlər və qonaqlar üçün;

-restoran və kafelərin təşkili;

-məscidin təşkili;

-kiçik avtovağzalın yaradılması;

-kəndiçi nəqliyyat marşurutunun təşkili;

-bölgə kəndləri arasında əlaqələri təmin edəcək yük və sərnişin nəqliyyat vasitələrinin təşkili;

-kiçik istehsalat mərkəzlərinin, məsələn, tikiş sexləri, dərzi fabrikləri və s. təşkili;

-kiçik və orta gücə malik olan emal müəssisələrinin təşkili.

Ümumiyyətlə, ideyalar çox ola bilər. Küçələrə adlar qoymaq olar. Ən əsası şəhidlərimiz və milli qəhrəmanımız üçün xatirə abidələri ucaldarıq!