XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Fevral 2021 - 23:23

Dövlət Komitəsi gənc qızın intiharını hüquq-mühafizə orqanları ilə araşdırır

Bakıda gənc qızın valideynləri tərəfindən təzyiqlərə məruz qaldığı üçün intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O, qeyd edib ki, məsələ Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

“Hazırda bu istiqamətdə hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalar aparılır. Araşdırmalardan sonra ictimaiyyətə yekun məlumat veriləcək”, – o əlavə edib.

“Bir daha vətəndaşlardan xahiş edirik ki, belə hallarla rastlaşanda dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 nömrəli “Qaynar xətt”inə məlumat versinlər. Çünki bu cür halların qarşısının alınmasında ictimai nəzarət böyük əhəmiyyət kəsb edir. Vətəndaşlar tərəfindən bizim “Qaynar xətt”ə daxil olan məlumatlar əsasında biz zorakılıq hallarının qarşısını vaxtında ala bilərik”, – Teymur Mərdanoğlu deyib.

Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva fevralın 19-da Bakının Xətai rayonu, Yeryemenko küçəsində yerləşən çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Daha sonra qızın intihar etməsinə valideynlərinin səbəb olduğu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.