XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2021 - 18:12

300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var- Agentlik

Ümumi hesablamalarımıza görə, 300-dən çox Vətən müharibəsi qazisinin protezləşdirməyə ehtiyacı var, amma bu say arta da bilər, çünki qazilərin müalicəsi hələ davam edir. Bundan başqa, postmüharibə dövründə də minaya düşən insanlar olur.

Bunu Trend-ə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

Departament direktoru əlavə edib ki, qazilərin əsasən, aşağı ətrafları amputasiya olunduğundan həmin hissələrin protezləşdirilməsinə ehtiyac var:

“Qazilərimizin çoxusu minaya düşərək aşağı ətraflarını – ayaqlarının dizdən aşağı və dizdən yuxarı hissələrini itiriblər. Dizdən aşağı hissə amputasiya edildikdə protezləşdirmənin daha tez olması mümkün olur. Çünki insanın diz oynağı böyük funksiya yerinə yetirir. Amma dizdən yuxarı hissə amputasiya edildikdə artıq diz oynağı da sifariş olunmalıdır. Bu, həmin adamın çəkisinə, boyuna uyğunlaşdırılmalıdır. Bunlardan əlavə, bu adam protezi daşımağı da öyrənməlidir”.

Agentlik rəsmisinin sözlərinə görə, qazilər ən müasir protezlə təmin olunacaqlar. Həmin protezlər dünyada 1 və 2-ci səviyyəli protez istehsalçılarının istehsalı olacaq.

Ç.Hacıyev qeyd edib ki, artıq 15 qazi yüksək səviyyəli protezlə təmin olunub, 10 nəfər protezləşdirməyə hazırlıq məqsədilə reabilitasiya mərhələsini keçir, daha 30 qazi üçün protezlərin qoyulması məqsədilə ölçülər götürülüb.

O, bu prosesin davamlı olaraq, getdiyini söyləyib: “Çox təəssüf ki, biz əlillik statusu olmayan insanları reabilitasiya prosesinə cəlb edə bilmirik, qanunvericlikdə bununla bağlı məhdudiyyət var. Biz yalnız əlillik statusu olan şəxslərə stasionar reabilitasiya xidməti göstəririk. Amma bu məhdudiyyətə baxmayaraq, hələ əlillik statusu almayan qazilərin də reabilitasiya xidmətlərinə cəlbi üçün imkanlardan maksimum şəkildə istifadə edilib. Hərbi Hospitalda müalicə dövründə amputasiya olunmuş qazilərin siyahısı əldə edilib. Onların orada müalicəsi aparıla-aparıla bizim tərəfimizdən protezləşdirmə üçün hazırlıq işləri görülürdü”.