XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 17:38

Dünyada 400 milyona yaxın şəkər xəstəsi var- "Gizli şəkər"in əsas əlaməti açıqlandı

tedbir

7 aprel Ümumdünya Sağlamlıq Günü kimi, hər il müxtəlif mövzular üzrə qeyd edilir. Builki Ümumdünya Sağlamlıq Gününün şüarı belədir: “Fəal ol, sağlam qidalan, tibbi məsləhətlərə riayət et, şəkərli diabetə qalib gəl”.

Azərtac xəbər verir ki, aprelin 7-də Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Azərbaycan Diabet Cəmiyyəti tərəfindən tədbir keçirilib. Tədbirdə Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova bu tarixi gün barədə məlumat verib. Bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.

Dünyanın bir çox ölkələrində diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 400 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır.

M.Ömərova diqqətə çatdırıb ki, respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi işlər görülür. Belə ki, bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemləri pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı problem yoxdur. Həmçinin şəkərli diabetdən ölüm hallarının sayı azalıb.

Azərbaycan Endokrinologiya Elmi Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadə qeyd edib ki, diabetli xəstələrdə bağırsaq, sidik kisəsi, qadınlarda süd vəzi xərçənginin 20-30 faiz arasında risk artımı müəyyənləşib.

V.Mirzəzadə onu da əlavə etdi ki, daha gec yaşlarda diabet aşkarlanan xəstələrə ilk 5 il ərzində onkoloji rutin testlərin aparılması vacib sayılır. İnsulin rezistentliyi olan insanlarda yeməkdən sonra və hətta yemək vaxtı halsızlıq, yuxusuzluq halı baş verir. Əsasən də, uzun müddətli aclıqdan sonra yemək yedikdə halsızlıq, yuxusuzluq baş verirsə, bu “gizli şəkər” (prediabet) xəstəliyindən xəbər verə bilər.

Qeyd edək ki, hazırda Azərbaycanda 210 min nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır, onlardan 1234 nəfər uşaq və yeniyetmədi.