XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 05:10

Evlənmək istəyən gənclərə bu gündən qadağalar başladı – Qanun qüvvəyə mindi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 oktyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında ” Qanun və 15 dekabr 2014-ci ildə bu qanunun tətbiqi barədə müvafiq fərman imzalayıb. Fərmana əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minir.

Fərmanın icrası ilə bağlı, Nazirlər Kabineti 28 aprel tarixində müvafiq qərar verib. Qərara uyğun olaraq sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan tallasemiya və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” və “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilib. Qaydaya uyğun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçiriləcək. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİçS və sifilisə görə tibbi müayinədən keçməlidirlər.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.

Qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən cütlüyə birlikdə həkim məsləhəti verilə bilər. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata keçirilirilməlidir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır. Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.

Arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra iki həftədən gec olmayaraq verilməlidir və veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.

Səhiyyə Nazırliyinin 77 nömrəli əmrinə uyğun olaraq Rayon Mərkəzi xəstəxanaları və Şəhər Səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb. Yaradılan kabinetlərin həkimləri Akademik Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunda 2 həftəlik və Respublika Talassemiya Mərkəzində 1 həftəlik təlim kurslarında iştirak ediblər. Həmçinin bu həkimlər Hematologiya İnstitutunda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmə qaydaları ilə bağlı təlimə cəlb olunublar. Bu müəssisələrin laboratoriya həkimləri isə yerlərdə skrininq testlərin aparılması üzrə müvafiq təlim keçiblər.

Qeyd edək ki, 2013-2014-cü illərin statistikası göstərir ki, bir ilə orta hesabla respublikamızda 85-90 min nikah qeydə alınır: “Bu isə 170-180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 24%-i Bakı şəhərinin payına düşür, qalan 76% respublikamızın regionlarına aiddir. Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180 yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir”. (Anspress).