XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 06:12

İcra başçısı tapşırıq verdi, “Azəryolservis” rəhbərliyi rədd etdi – Şikayət
Ucar rayonu Gəraybəyli kəndi sakini Cəbrayılova Gültəkin İnşallah qızı tərəfindən Strateq.az-a şikayət məktubu daxil olub.
Şikayətçi yazır ki, “Azəryolservis” ASC onların sahibkarlıq fəaliyyətlərinə süni maneə yaradıb. Nəticədə obyektlərinin fəaliyyəti iflic olub, ailə işsiz qalıb:
“Diqqətinizə çatırıram ki, Bakı-Qazax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar, yolun Ucar rayon ərazisindən keçən hissəsində aparılan təmir işləri ilə bağlı bizə məxsus yük avtomaşınlarının təmiri sexinin fəaliyyəti qanunsuz olaraq dayandırılıb. Sənədlərimizin qaydasında olmasına baxmayaraq, “Azəryolservis” sexə gedən yolumuzu 1 ildir bağlayıb”.
Şikayətçi bildirir ki, 1995-ci il mərhum həyat yoldaşı Məhəmmədəli Şirxan oğlu Cəbrayılov torpaq sahəsi alaraq, qanuni şəkildə sözügedən sexi tikdirib: “Həyat yoldaşım və oğlanlarım orada yük avtomobillərinin təmiri ilə məşğul olurdular. Buna görə vaxtlı-vaxtında dövlətə vergi ödəyirdik. 2011-ci il tarixdə həyat yoldaşım böyrək xəstəliyindən dünyasını dəyişdi. Nə isə… Bu sex 8 nəfərlik ailənin yeganə dolanışıq mənbəyi olsa da, “Azəryolservis” ASC-nin rəhbərliyi buna da əhəmiyyət vermir. Halal, qanuni mülkiyyətimizi əlimizdən alırlar. Bu problemə görə Ucar Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub, şikayətimizi etdik. İcra başçısının tapşırığından sonra “Azəryolservis” ASC-nin Azər adlı məsul əməkdaşı gəldi. O, bizə 17.000 manat kompensasiya təklif etdi və bildirdi ki, tikinti başa çatdıqdan sonra işinizi davam etdirib, sexinizin fəaliyyətini bərpa edərsiniz. Ancaq 31 may 2015-ci il tarixdə Azəryolservis”in Azər adlı əməkdaşı bu vəddən yayındı. Bu dəfə gəlib “Müdiriyyət deyir ki, onlara heç bir kompensasiya düşmür, bu yolu və körpünü dövlət çəkir, yol çəkiləndən və körpü tikiləndən sonra sexlərini açıb, işləyərlər”, – dedi. Ancaq magistral yolda tikilən körpü sexin yaxınlığından keçdiyi üçün orada bundan sonra işləmək heç cürə mümkün olmayacaq. Ona görə ki, körpünün yamacı 2 metr hündürlükdə bizim sexin 4 metrliyindən keçir. Bu səbəbdən sexə nəinki yük maşınlarının, hətta minik maşınlarının da daxil olması mümkünsüz olacaq. Bundan əlavə, hündür körpünün 4 metrliyində işləmək də çox təhlükəlidir. Hər an nəqliyyat hadisəsi baş verə bilər ki, buna görə kiminsə həyatını sığortalamaq mümkün deyil”.
Şikayətçi deyir ki, göstərilən səbəblərdən kompensasiya tələb edirlər: “Düzgün kompensasiyamızı versinlər ki, həm seximizi bir neçə metr arxaya çəkək, həm də yamacla sexin yolunun arasında olan hündürlüyü eyniləşdirib, əvvəlki kimi sahibkarlıq fəaliyyətimizi bərpa edək. “Azəryolservis” ASC isə bunu etmək əvəzinə, bizə hədə-qorxu gəlir. Baxmayaraq ki, yol tikintisi zamanı vətəndaşlara dəymiş zərərin əvəzinin tam ödənilməsi qanunla təsbit olunub. Ancaq bu məmurlar vətəndaşları aldadıb, çörəksiz qoyurlar”.
Şikayətçi xanım sonda ölkə rəhbərliyindən və aidiyyəti oqranlardan məsələyə müdaxilə edib, problemlərinin həllinə kömək göstərilməsini xahiş ediblər.
Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Strateq.az