XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 12:59

Ekspertdən sürücülərə xəbərdarlıq: –Bu güzəştlər ləğv edildi

ersad-huseynov

Martın 1-dən qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsi inzibati məsuliyyəti yüngülləşdirən bəzi müddəaları ləğv edib.

Qeyd edək ki, həmin müddəalardan sürücülər də yararlana bilirdilər. 

Sürücülərin məhrum olduğu birinci güzəşt köhnə Məcəllənin 455.5-ci maddəsində nəzərdə tutulmuşdu. Həmin maddədə deyilirdi ki, nəqliyyat vasitələrini idarə etmə hüququnun və ya ov hüququnun müəyyən müddətə məhdudlaşdırılması barədə qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs göstərilən hüququn məhdudlaşdırılması müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat vasitələrini idarəetmə hüququ və ya ov hüququ məhdudlaşdırılmış şəxsin işlədiyi və ya oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə azalda bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış bəzi sürücülər bu müddəadan yararlanaraq təyin olunmuş məhdudlaşdırma müddətinin yarısı keçdikdən sonra öz hüquqlarını bərpa etdirə bilirdilər.

Yeni Məcəllədə analoji norma yoxdur. Deməli, yeni Məcəllə qüvvəyə minəndən sonra sürücülük hüququ məhdudlaşdırılmış şəxslər hər bir halda məhdudlaşdırma müddətinin tam bitməsinədək gözləməlidirlər və yalnız bundan sonra sürücülük hüququ bərpa oluna bilər.

Sürücülərin və digər şəxslərin məhrum olduğu başqa bir güzəşt köhnə Məcəllədəki 21-ci maddənin ləğv edilməsidir. Həmin maddədə deyilirdi ki, törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər.

Bəzi şəxslər, o cümlədən qayda pozan sürücülər köhnə Məcəllənin 21-ci maddəsinin verdiyi imkandan istifadə edərək daha ciddi tənbeh əvəzinə yüngül tənbehlə (məsələn, sürücülük hüququnun məhdudlaşdırılması əvəzinə pul cəriməsi ilə), konkret sanksiyada nəzərdə tutulduğu həddən aşağı tənbehlə (məsələn, maddənin sanksiyasında 300 manat cərimə olduğu halda cəmi 100 manat cərimə ilə), hətta bəzən məsuliyyətdən tam azad edilməklə canlarını qurtara bilirdilər. Yeni Məcəllə köhnə Məcəllənin 21-ci maddəsinə analoji norma təsbit etməyib. Bu o deməkdir ki, sürücülər və digər şəxslər martın 1-dən başlayaraq belə güzəştlərdən yararlana bilməyəcəklər. Yeni Məcəllənin tələbinə əsasən, hər kəsə onun təqsirli olduğu sübut edildiyi halda konkret maddədəki sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir.

Köhnə Məcəllənin 21-ci maddəsinin ləğv edilməsi həmin Məcəllədəki bəzi qeyri-müəyyənliklərdən sui-istifadənin aradan qaldırılması hesab edilə bilər. Belə ki, həmin normanın dəqiq tətbiqi meyarları olmadığından təcrübədə bəzən hətta sərxoş sürücünün köhnə Məcəllənin 21-ci maddəsinə istinadla məsuliyyətdən tam azad edilməsi hallarına rast gəlinirdi.

Ərşad Hüseynov, hüquqşünas

Avtosfer.az