XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Aprel 2016 - 01:30

Tarixi abidəni uçurub 21 işçini çölə atıblar –Sahibkarla İcra Hakimiyyətinin çəkişməsi bitmək bilmir

abide

Məhkəmə Gəncə Şəhər İcra Hakimiyyətinin xeyrinə çıxarılan qərarı ləğv etdi

 

Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə iş adamı Pərvanə İsgəndərovanın Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə qərarlarından verilmiş şikayətə baxılıb. 

Bizimyol.info saytının məhkəmədə iştirak edən əməkdaşı xəbər verir ki, prosesdə Gəncə Şəhər İcra Hakimiyyətinin təmsilçisi olan vəkil çıxış edərək bildirib ki, P.İsgəndərovanın iddiası apellyasiya instansiyasında qismən təmin edilərək, sökülən obyektinin əvəzində digər yerdə eyni ölçüdə əmlak verilməsi barədə qərar çıxarılıb: "Lakin iddiaçı həmin qərarla razılaşmayaraq, kassasiya şikayəti verib". Vəkil şikayətin təmin edilməməsini məhkəmədən xahiş edib.

Hakim K.Bədəlov vəkilə sual verərək, sökülən obyektin  yerində hansı obyektin tikiləcəyini soruşsa da, Gəncə İcra Hakimiyyətini təmsil edən vəkil "bilmirəm" deməklə kifayətlənib. O, sadəcə bildirib ki, həmin yerdə Gəncə şəhərinin infrastrukturuna uyğun olaraq, tikinti işi aparılır. Konkret hansı obyektin tikiləcəyi ilə bağlı isə məlumatı yoxdur. 

İddiaçını təmsil edən hüquqşünas Qurban Məmmədovvəkil Əlibaba Rzayev isə bildiriblər ki, burada vətəndaşın Konstitusiyada və digər qanunvericilk aktlarında nəzərdə tutulmuş hüquqları pozulub. Bu səbəbdən də kassasiya şikayətinin təmin edilməsini xahiş ediblər.

Hakim Kəmaləddin Bədəlovun sədrlik etdiyi inzibati-iqtisadi kollegiya müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş baxılması üçün yenidən apellyasiya instansiyasına qaytarılıb. 

 

Tarixi binanı söküb, yerində ticarət mərkəzi tikirlər…

 

Məhkəmə prosesindən sonra vəkil Əlibaba Rzayev "Bizim Yol"a açıqlamasında deyib ki, Pərvanə İsgəndərovanın Gəncə şəhərinin mərkəzində, Cavadxan küçəsi 34 ünvanında yerləşən binada şəxsi qeyri-yaşayış sahəsi olub: "Həmin ünvanda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Lakin 2011-ci ilin oktyabr ayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev heç bir əsas və razılıq olmadığı halda, ona məxsus əmlakı uçuraraq, vətəndaşın mülkiyyət hüququnu kobud şəkildə pozub". 

Vəkilin sözlərinə görə, P.İsgəndərovaya məxsus olan obyekt XIX əsrə aid olan tarix və mədəniyyət abidəsi idi: "İlkin olaraq bu problem qalxanda, yəni icra başçısı bildirəndə ki, biz buranı sökdürəcəyik, bunu onunla əsaslandırırdı ki, bina qəza vəziyyətindədir. Bu barədə məlumatlar əldə etdiyimiz vaxtdan bina uçurulana qədər müxtəlif dövlət orqanlarına rəsmi müraciətlər etdik. Bildirdik ki, bu tarixi abidədir və Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb. Nazirlər Kabinetinin qərarı var ki, belə binalar uçurula bilməz. Tarixi abidələrin qorunması ilə bağlı qanun da hətta  qəza vəziyyətində olsa belə, uçurulmanı qadağan edir, yalnız bərpa olunmasına icazə verir. Yəni abidənin uçurulmasına heç bir halda yol verilmir".

Vəkil bildirir ki, bununla bağlı müraciətlərə reaksiya verən olmayıb: "Elmar Vəliyevin göstərişi ilə həmin binada yaşayan ailələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri bir neçə saat ərzində zorla küçəyə ataraq, binanı tamamilə uçurtdular. Hətta əşyalarını götürməyə belə imkan verilməyib".

 

5 ildir davam edən məhkəmə prosesləri

 

Vəkil bildirir ki, bundan sonra Pərvanə İsgəndərovanın müvafiq kompensasiya ilə təmin edilməsi, yaxud uçurulmuş binanın yerində inşa ediləcək obyektdə yer verilməsi ilə bağlı məhkəmədə iddia qaldırıblar: "Təxminən iki il ərzində Gəncə İnzibati-İqtisadi Məhkəməsində bu proses davam etdi. Hər dəfə də icra hakimiyyətinin nümayəndəsi gəlib bizi də, məhkəməni də aldadırdı ki, biz sizinlə razıyıq, barışıq sazişi imzalayaq, sadəcə bizə vaxt verin. Bu cür bəhanələrlə prosesi iki ilədək uzatdılar".

Ə.Rzayevin sözlərinə görə, həmin məhkəmə proseslərində P.İsgəndərovanın sökülən əmlakının yerində nə tikiləcəyinin açıqlanması barədə vəsatətlər qaldırıblar.

"Dəqiqləşdirmək istəyirdik ki, mübahisə predmeti olan ərazidə kim tikir, hansı statusda tikir, yaşayış, yoxsa qeyri-yaşayış sahəsidirmi? Məhkəmə vəsatətimizi təmin etdi və sorğu icra hakimiyyətinə göndərilsə də, cavab verilmədi. 8 ay ərzində məhkəmə öz qərarının icrasını təmin edə bilmədi. Əslində, belə olan halda, cavabdeh qaçırsa, suala cavab vermirsə, qanunla iddia tələbi tam təmin edilməli idi. Amma məhkəmə iddianı təmin etmədi" – deyə Ə.Rzayev bildirir. 

Vəkil bildirir ki, bundan sonra iddianın təmin edilməməsi barədə qərardan apellyasiya şikayəti veriblər:"Gəncə Apellyasiya Məhkəməsində də çox maraqlı situasiya yarandı. Belə ki, məhkəmə bizim iddia tələbimizi "qismən təmin etmək" adı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv etdi və başqa yerdə eyni ölçüdə qeyri-yaşayış sahəsi verilməsi barədə qərar çıxardı. Halbuki bu, tamamilə qanunsuzdur. Çünki biz iddiada belə bir tələb qoymamışıq və məhkəmənin bizim qoyduğumuz tələbdən kənara çıxmağa ixtiyarı yoxdur. Çünki bizim buna razılığımız soruşulmayıb və vətəndaş başqa yerdə əvəzedici əmlak almağa məcbur edilə bilməz. Ən pis halda kompensasiya təklif edilə bilər. Bu da o zaman mümkündür ki, əmlak dövlət ehtiyacları üçün alınsın. Burada isə əmlakın dövlət ehtiyacı üçün alınması müzakirə predmeti deyil. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin qərarından da kassasiya şikayəti verdik".

Vəkil bildirir ki, mübahisəli ərazidə tikilən binanın ticarət mərkəzi olduğu barədə qeyri-rəsmi məlumatları var. Kassasiya şikayətində də iddianın tələb edilməsi və həmin binada eyni ölçüdə qeyri-yaşayış sahəsi verilməsi xahiş olunurdu. 

 

"Hüquqlarımın bərpası üçün mübarizəni davam etdirəcəyəm" 

 

Pərvanə İsgəndərova  bildirir ki, Gəncənin mərkəzində yerləşən obyektində 21 işçisi maaş alırdı: "Oradan gələn gəlirlə işçilərimi, ailəmi dolandırırdım. Ölkə başçısı tərəfindən sahibkarlara dəstək verilir, bunun dövlət siyasəti olduğu bildirilir. Hər dəfə qeyd edilir ki, icra başçıları da sahibkarlara dəstək verməli, onların işinə müdaxilə etməməli, qanunsuz tələblər irəli sürməməlidir, əks halda cəzalandırılacaqlar. Lakin Gəncənin icra başçısı Elmar Vəliyev bu tapşırıqlara məhəl qoymur. Sahibkarlara hansı dəstəkdən söhbət gedə bilər ki, bizim Konstitusiya, qanunla qorunan mülkiyyətimiz belə əlimizdən alınıb, başqasına satılır?! 5 ildir qazancdan məhrum edilmişik. Bu 5 ildə bir qəpik belə yardım göstərilməyib. Orada mənimlə çalışan onlarla insanın, işçilərimin vəziyyəti heç kimi maraqlandırmır. Dəfələrlə icra başçısı Elmar Vəliyevin qəbulunda olmuşam və hüquqlarımın bərpa olunmasını tələb etmişəm. O, mənə müxtəlif vaxtlarda müxtəlif vədlər versə də, vədləri yerinə yetirməyib. Mülkiyyətimin yerləşdiyi sahə dövlət ehtiyacları üçün alınmayıb, mülkiyyət hüququma xitam verilməyib və razılığım olmadan başqa yerə köçürülə bilmərəm. Obyektimin yerində yeni ticarət mərkəzi tikilirsə, bu halda nəyə görə mən başqa sahəyə köçürülməliyəm?!".

Pərvanə İsgəndərova bildirir ki, sonadək hüquqlarının bərpası üçün mübarizəsini davam etdirəcək.