XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Aprel 2016 - 15:13

Dövlət İmtahan Mərkəzinin icraçı direktorunun kimliyi bilindi –İlk iclasda bir sıra qərarlar verilib

misirov-1

Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Direktorlar Şurasının ilk iclası keçirilib.

Strateq.az DİM-ə istinadən xəbər verir ki, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar olaraq bir sıra məsələlər müzakirə olunub:

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın struktur vahidlərinin birləşdirilməsi, optimal idarəetmə strukturunun formalaşdırılması, qurumlar arasında texnoloji proseslərin və məlumat bazalarının əlaqələndirilməsi və s. işlərin hayata keçirilməsi üçün icraçı direktor vəzifəsinin təsis olunması və bu vəzifəyə Vəfadar Misirovun təyin olunması məqsədəmüvafiq hesab edilib".

Bundan əlavə, iclasda 2016-cı il aprel ayında ümumtəhsil məktəblərinin 7, 8 və 11-ci siniflərində keçirilmiş monitorinq imtahanlarının protokolları müzakirə olunub:

"Həmçinin Direktorlar Şurasının üzvlərinə 01 may 2016-cı ildə keçiriləcək rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili və Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün keçiriləcək test imtahanları barədə məlumat verilmiş və şura üzvlərinə müvafiq imtahanlarla bağlı texnoloji proseslərin istənilən mərhələsində iştirak etmək təklif edilib".

Direktorlar Şurasının iclasında yaxın günlərdə qurumun yeni rəsmi saytının, eləcə də  Facebook səhifəsinin istifadəyə verilməsi və hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin saytda və səhifədə yerləşdirilməsi qərara alınıb.