XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 19:04

Azərbaycanla Türkiyə arasında səhiyyədə əməkdaşlığa dairSaziş imzalandı

14616739631919523357_1000x669

Aprelin 26-da səhiyyə naziri Oqtay Şirəliyev Türkiyənin səhiyyə naziri Məhmət Müəzzinoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Oqtay Şirəliyev iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə malik olduğunu deyib. Nazir qeyd edib ki, Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, səhiyyə, elm və təhsil, mədəni və beləliklə də bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir.

O.Şirəliyev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin müstəqilliyimizin ilk illərinə təsadüf etdiyini xatırladıb. Qeyd olunub ki, ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq Protokolu 1994-cü ildə imzalanıb. Sənədə əsasən hər iki ölkənin tibb universitetləri, həkimləri, təkmilləşdirmə institutları, səhiyyə müəssisələri arasında əlaqələr qurulmuş və Protokolun bütün müddəaları layiqincə yerinə yetirilib.

Hazırda səhiyyəmizin elə bir sahəsi yoxdur ki, orada türkiyəli mütəxəssislərlə əməkdaşlıq qurulmasın. Mütəxəssis mübadiləsi, birgə elmi-təhqiqatlar, əczaçılıq, icbari tibbi sığorta, səhiyyənin maliyyələşməsi və bu kimi bir çox sahələrin tətbiqində Türkiyənin təcrübəsinə böyük önəm verilib. Nazir onu da vurğulayıb ki, bu gün imzalanacaq Saziş gələcəkdə əməkdaşlığın genişləndirilməsinə vəsilə olacaq. Qeyd edib ki, hazırda azərbaycanlı mütəxəssislər türkiyəli həmkarları ilə yanaşı ölkəmizdə “Sağlamlıq həftəsi” çərçivəsində birgə əməliyyatlar həyata keçirirlər. Bu da bir daha dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Nümayəndə heyəti adından səmimi qəbula görə minnətdarlığını bildirən türkiyəli nazir Məhmət Müəzzinoğlu özlərini sanki Vətənlərindəki kimi hiss etdiklərini bildirib. Türkiyəli nazir bu görüşün Bakıda yüksək səviyyədə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Foruma təsadüf etdiyini məmnunluqla qeyd edib və vurğulayıb ki, Forumun istər son dövrlərdə Türkiyədə törədilmiş terror hadisələri, istərsə də Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi bir zamanda keçirilməsi çox önəmlidir. Belə qarşılıqlı görüşlər ölkələrimiz arasındakı dostluq və qardaşlığın əbədi olacağının bariz nümunəsidir.

Daha sonra türkiyəli nazir ölkəsinin tibb elmi sahəsindəki təcrübəsindən, ailə həkimlərinin iş prinsipindən, “Türk Sağlıq bilimləri” Universitetinin fəaliyyətindən danışıb.

Görüşün sonunda nazir Oqtay Şirəliyev və Türkiyə Cümhuriyyətinin Səhiyyə naziri Məhmət Müəzzinoğlu Səhiyyə və Tibb Elmi Sahəsində əməkdaşlığa dair Sazişi imzalayıblar.