XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 15:53

İdman və gənclik bayramına hazırıq – Peşəkarlığımızla və məsuliyyətimizlə

polis.JPG

İnkişafın təməli sabitlikdir. Bu, dünən də belə olub, bu gün də belədir. Müstəqillik əldə etdikdən sonra qarşıya çıxan problemləri həll etmək üçün sabitliyə, asayişin etibarlı qorunmasına yaranan ehtiyac dövlətin güc strukturlarının, xüsusən də polisin fəaliyyətini işlək bir mexanizm halına gətirməyin vacibliyini otraya qoydu.

Yaranan boşluqları aradan qaldırmaq üçün Vətən qarşısında sadiqlik andı içərək xidməti vəzifəsinin öhdəsindən layiqincə gələn, torpaqlarımız uğrunda döyüşlərdə, ərazi bütövlüyümüzün təmin olunmasında igidliklər göstərən, şəhidlik zirvəsinə ucalan Azərbaycan Polisi ona olan ümidi, etibarı və inamı bir daha doğrultdu.

Daxili işlər orqanlarında başladılan islahatlar böyük bir tarixi başlanğıcın bünövrəsinə çevrildi, polisin fəaliyyəti ilə bağlı mühüm qanunlar qəbul edildi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atıldı.

Azərbaycan dünyanın ən sabit ölkələri sırasındadır. Məhz görülən işlərin nəticəsidir ki, beynəlxalq idman yarışlarının, forumların Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb.

Bakını gözəlliklər paytaxtı, əsl sabitlik adası adlandıran əcnəbilər də burada gördüklərini məmnunluqla ifadə etməkdən qurur duyurlar.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir və modern Azərbaycanın gündən-günə daha sürətlə inkişaf etməsi, regionun lider dövlətinə çevirilməsi üçün ölkə başçımız cənab İlham Əliyevin gördüyü işlər, vətənimizi tanıtmaq yolunda böyük siyasətdə əldə olunan uğurlar və bütün bunların nəticəsi olaraq, ilk Avropa Oyunları kimi tarixə düşən idman bayramının məhz ölkəmizdə keçirilməsi hamımızda həm fəxarət, qürur, həm də yüksək məsuliyyət hissi doğurur. Bu idman bayramında ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, digər hüquq-mühafizə orqanları ilə yanaşı, polisin də əsas vəzifələrindəndir.

ölkəmizə minlərlə əcnəbinin gəlməsi gözlənilir. Onların burada təhlükəsizliyinin tam təminatı, Azərbaycanla yaxından tanış olmaları, həm də turizm imkanlarımızı nümayiş etdirməyə yaşıl işıq yandırır. Heç şübhəsiz ki, onlardan bəziləri burada ölkələrini təmsil edən səfirliklərin, diplomatik nümayəndəliklərin də imkanlarından yararlanacaqlar. Bəs, həmin obyektlərin qorunması necə həyata keçirilir?

Mötəbər beynəlxalq tədbirə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taboru necə hazırlaşır?

Tabor komandiri, polis polkovniki Mehdi Təmrazovla da bu barədə təəssüratlarımı bölüşəndən sonra əsas məsələyə keçirik. Birinci Avropa Oyunlarının başlanmasına sanılı günlərin qaldığı bir vaxtda taborun şəxsi heyəti tərəfindən görülən işlər barədə komandir bunları deyir:

– Əməkdaşların postlarda ayıq-sayıqlığını yoxlamaq üçün günün istənilən vaxtında yoxlamalar aparılır. Etibarlı mühafizə ilə yanaşı, səfirliklərə, diplomatik nümayəndəliklərə yaxın ərazilərdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlığa qarşı mübarizə məqsədilə bir sıra profilaktiki tədbirlər həyata keçirilir. Aşkar edilmiş nöqsanlar dərhal aradan qaldırılır. Nöqsanı olan əməkdaşlarla müvafiq söhbətlər və araşdırmalar aparılır. Sıravi və rəis heyətinin yığıncaqları nizam-intizamın möhkəmləndirilməsində mühüm rol oynayır, bu da şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılmasına birbaşa təsir edir. Təcrübəli əməkdaşlar gənclərə hamilik edir, hər rübün sonunda onların özlərinin hesabatları dinlənilir. Xidməti peşə hazırlığı dərslərinə xüsusi diqqət yetirilir, tabel silahlarından bacarıqla istifadəyə, onların təmizlənməsi, qorunması, saxlanması, şəxsi heyətə verilmə qaydasına riayət olunması daim nəzarətdə saxlanılır. İş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür, polis köşklərinin sanitar-gigiyenik və texniki istismar vəziyyətinin yoxlanılması müntəzəm olaraq həyata keçirilir. Şəxsi heyət tərəfindən qanunçuluğun və nizam-intizam qaydalarının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının təmini, etik-davranış qaydalarına riayət edilməsi sahəsində peşəkarlığın yüksəldilməsi və maarifləndirilməsi məqsədi ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəhbərliyi tərəfindən seminarlar keçirilir, mühazirələr oxunur.

Tabor komandiri onu da əlavə edir ki, diqqət mərkəzində saxlanılan əsas vəzifələrdən biri əcnəbilərlə, o cümlədən diplomatik korpusun nümayəndələri ilə ünsiyyət zamanı əməkdaşların etik-davranış qaydalarına riayət etmələridir ki, bu məsələdə də heç bir problemlə üzləşmirlər.

Taborun əməkdaşlarından 15 nəfəri hazırda DİN-in Polis Akademiyasında təhsil alır. Təhsilini başa vuran zabitlərin əksəriyyəti elə taborda xidmətlərini davam etdirirlər.

Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsi, dünyanın siyasi xəritəsində öz layiqli yerini möhkəmləndirməsi, beynəlxalq və regional çərçivədə fəaliyyətini genişləndirməsi təbii ki, uğurlarımızı istəməyən, bunu hər vasitə ilə əngəlləməyə, ləkələməyə çalışan qüvvələrin xoşuna getmir, planları alt-üst olur.

Belə bir şəraitdə səfirliklərin, beynəlxalq təşkilatların nümayəndəliklərinin qorunması da yüksək səviyyədə təşkil edilməlidir və sevindirici haldır ki, polisimiz bu sahədə də ümidləri doğruldur.

Hafiz Təmirov