XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2016 - 13:23

5 minədək ailəyə ünvanlı dövlət sosial yardımıtəyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevralın 19-dan tətbiqinə başlanılan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) sosial yardım üçün müraciət edilməsini və müraciətlər üzrə ailələrin yardım almaq hüququna baxılaraq qərar qəbulu prosesinin avtomatlaşdırılmış rejimdə, şəffaf şəkildə həyata keçirilməsini təmin edir.

Nazirlikdən bildirilib ki, mayın 4-dək "Elektron hökumət" portalındakı "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidməti vasitəsilə ailələri təmsil edən şəxslər tərəfindən doldurularaq təqdim edilmiş 83182 "Ərizə-bəyannamə" VEMTAS-da təsdiq edilib. Həmin “Ərizə-bəyannamə”lərdən 72276-sı təmsilçilər tərəfindən təsdiqlənib ki, onlardan 60106-sı sistemdə artıq emal edilib. Emal edilmiş “Ərizə-bəyannamə”lərdən 55234-də bəyan edilmiş məlumatların aidiyyəti qurumların informasiya sistemlərindan alınmış məlumatlar əsasında yoxlanılarkən öz təsdiqini tapmadığı, habelə məlumatların gizlədilməsi halı və digər uyğunsuzluqlar müəyyən olunub. Bu səbəblərdən həmin ailələrə sosial yardımın təyin olunmasından imtina edilib.

Emal prosesi aparılmış “Ərizə-bəyannamə”lərdən 68 rayon və şəhər üzrə 20244 nəfər ailə üzvünü əhatə edən 4872 ailəyə VEMTAS tərəfindən ünvanlı sosial yardım təyinatı aparılıb. Təyin edilmiş ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği 154,09 manat təşkil edib. Sistemdə təyinatı aparılmış ünvanlı sosial yardımlar üzrə ən yüksək aylıq məbləğ isə 510,09 manat (Ucar rayonu, ailə üzvlərinin sayı 7 nəfər) səviyyəsində qeydə alınıb.

Ünvanlı sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyinedilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə vətəndaşa “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə (mobil telefona, şəxsi kabinetinə və s.) elektron formada məlumat göndərilir. Yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı hallarda da eyni qaydada məlumat göndərilməklə, imtinanın səbəbləri vətəndaşın diqqətinə çatdırılır. Hər bir vətəndaş imtinanın səbəbini ortadan qaldırmaqla (əgər bu texniki səhvdirsə) etibarnamənin qüvvədə olduğu müddətdə yenidən VEMTAS-a müraciət edə bilər.

Ailələri təmsil edən şəxslər sosial yardımın təyin olunması üçün müraciət etdikləri zaman avtomatlaşdırılmış sistemdəki “Ərizə-bəyannamə”də ailə üzvləri, gəlirləri və əmlakı barədə yalnız düzgün məlumatları təqdim etməlidirlər. Çünki VEMTAS 20-dən çox dövlət orqanının və təşkilatın informasiya ehtiyatlarına inteqrasiya şəraitində fəaliyyət göstərir. Vətəndaşlar tərəfindən daxil edilən bütün məlumatlar aidiyyəti qurumların informasiya bazalarında olan rəsmi məlumatlar əsasında yoxlanılır, uyğunsuzluq, yaxud məlumatların gizlədilməsi halı aşkarlandıqda yardımın təyin olunmasından imtina edilir.

Ümumiyyətlə, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi ünvanlı sosial yardımların təyinatı prosesində məmur müdaxiləsi heç bir halda mümkün olmayan, bu prosesin tam şəffaf və obyektiv əsaslarla aparılmasını, sosial yardımların ünvanlılıq prinsipi əsasında çatdırılmasını təmin edən bir sistemdir.