Bölgələrdə erkən nikah, məişət zorakılığının qarşısının alınması və qızların fərdi inkişafına yardım üçün maarifləndirmə tədbirləri davam edir.
“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “özünü tanı, hüququnu bil!” erkən nikahların qarşısının alınması üçün maarifləndirmə kampaniyasının təşkili adlı layihəsi çərçivəsində iyunun 8-də Qubada, iyunun 9-da isə Qusar şəhərində maarifləndirici seminar təşkil edib.
Seminarın birinci sessiyasında yeniyetmə, gənc oğlan və qızlar, müvafiq qurumların nümayəndələri fərdi inkişaf yolları, insanın özünü dərk prosesi keçməsinin əhəmiyyəti, cəmiyyət və ümumən həyatda öz yerlərini tapmalarından, bu məqsədlə uğurlu fəaliyyətin təşkilindən, ikinci sessiyada isə erkən nikah və məişət zorakılığının yaranma səbəbləri, fəsadları və aradan qaldırılma üsulları, Azərbaycan Respublikası qanunvericiliyinin erkən nikah və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş müddəaları, həmçinin layihənin effektivliyinin artırılması məqsədilə hazırlanmış çap və təbliğat məhsulları ilə tanış olublar.
Xatırladaq ki, layihənin başlıca məqsədi bölgələrdə qızların maarifləndirilməsi, təhsilə cəlb olunması, onları fərdi inkişafa yönəldərək erkən nikah və məişət zorakılığının qarşısının alınmasıdır.